Kamançı... - Viktor Kiryuşin - şeirlər

 

Viktor Fyodoroviç Kiryuşin (1953) - şair, tərcüməçi, publisistdir. Bryanskda anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Rusiya Yazıçılar İttifaqı və Jurnalistlər İttifaqının üzvüdür. Altı şeir kitabının müəllifidir, antologiya, jurnal və almanaxlarda çox sayda əsərləri dərc edilib. Ümumrusiya və beynəlxalq mükafatların laureatıdır. RF Əməkdar mədəniyyət işçisidir. Moskvada yaşayır.

Kamançı

Sahilin enişində

Qara, qaranlıq sular,

Qurumuş simlər ilə

Kamançı kaman çalar.

 

O buzlamış əlində

Yay sürünər, görünməz.

Qalın kirpiklərində

Qar dənəsi əriməz.

 

Bu özgə havasını

Hamı anlamaz, ondan

Boş sığırçın yuvası

Qulaq kəsilər yandan.

 

Amma bilməzlər səni:

Ağrıyar çölün, için,

Sən kaman ustasısan

Alqış yoxdursa neçin?!

 

Bir həmdərlik - sənətdir,

Peşədir - qalan işlər;

Düşünürsən qüssəylə,

Yenə dərdli vərdişlər.

***

Boğuluram, dilim pəltək,

Keçə bilmirəm o yana -

Balıq, heyvan, quş sözütək

Söz yapışır boğazıma.

 

 Qədim kitaba baxıram,

 Tanışdır gözəl qoxusu,

 Ey, dəstəylə yaşayanlar

 Niyədir təklik qorxusu?

 

Ağlım qarışıq, təkəm mən -

Bu həyatın ögey oğlu,

Canım, birdir canım-qanım -

Quşun-böcəyin qohumu.

 

Qapısı bağlı təbiət

Susur lal məzəmmət ilə,

Ah, azad quşlar, heyvanlar,

Mənə danışmaq öyrədin,

Öyrədin mərhəmət ilə!

Tərcümələr Səlim Babullaoğlunundur

 

Yol yoldaşı

Yarım gündü yol gedirik,

Yol yoldaşı nəsə oxuyur,

Dalıb gedib, danışmır

Oxuyur, hey oxuyur.

 

Qatar dartınıb, silkinib gedir,

Bu takt üstə nəfəs alır

Stəkandakı qaşıq

Cingildəyir, cingildəyir.

 

Dizlərini büküb oturub,

Başını aşağı əyib.

Pəncərədən o taydasa fit səsi

Dalğa kimi yayıldıqca yayılır.

 

Bir sirli, naməlum quş

Bir də duman içində işıq quşlar...

Heç nə, heç nə çıxmayacaq

Dəlisov fikirlərdən.

 

Dəryaz daşa ilişdi,

Daşda nə təqsir var ki.

Stəkandakı qaşıq

Elə hey cingildəyir.

***

Kədərlənmək üçün nə çoxdu səbəb:

Xəstəlik, yalan, qaytarılmamış borc...

Ah, sonsuz məyusluqlar,

Zalım və paxıl fələk!

 

Məyusluq ölümcül zəhərdi

Bir az sevimli, bir az da şirin,

Bir damcı şöhrət gəlsə

Oğurlanar tabaqdan xəlvəti.

Qadın var, əsarətdədir,

Ümidi paramparça,

Yükünü mənimlə daşıdı...

Bəs hanı məhəbbət, xəyanət hardadı bəs,

Heç özüm də bilmirəm...

 

Qoy zaman qarı səpələsin,

Süpürsün,

Guya əsas məsələdi, çox mühüm.

Əvəzi verilməyən çox ağır bir yük,

Sonda elə də ağır gəlmir.

 

Mən də hamı kimi havalandım və yerə dəydim, qırıldım,

İtirdiklərim tozdu, tutdu gözlərimi,

Kim məyus olmadısa,

Həyat da onu sevməz

Dəli-dəli.

 

Təqvim

Həyətdə nə var indi -

Uşaqlıq, yeniyetməlik, yoxsa qocalıq?

Təqvimdə iki vərəq,

Qoparılmamış, qalmış.

 

İki təsadüfi vergül,

başda yox, kənarlarda.

İki qızıl an

Ümid və kədər üçün.

 

Yorğun yaşam yürüşü

Uçurumun üstündəki ipdə...

Və bəyaz qar yağır

Cənnət sakitliyinə.

Tərcümələr Cavanşir Yusiflinindir

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!