İrina Vladimirovna Kovalyova (1964) şair, tərcüməçi, jurnalistdir. Rusiya Tərcüməçilər İttifaqının bədii tərcümə seksiyasının rəhbəri, Moskva Yazıçılar İttifaqının və Mərkəzi Ədəbiyyatçılar Evinin (MƏE) Yazıçılar Klubunun üzvüdür. "Dördüncü Troya", "Qeysər kəsiyi", "Dünyanın düzəni", "Hospitaler Ordeni", "Terra İtalica", "İynəcələr ölkəsi", "Yaddaş xəritəsi", "Liturgiya körfəzi", "Bu gün mən ləpələrin rəsmini çəkəcəm" şeir kitablarının müəllifidir. Rusiyanın və bir çox əcnəbi ölkələrin ədəbi mükafatlarını alıb, nüfuzlu xarici ədəbiyyat və sənət təşkilatlarının üzvüdür.
Ağ beretli qız
Kəşfiyyatçı qız - nənəm
Mariya Qriqoryevnanın bacısı
Yevdokiya Qriqoryevna
Fedorçenkonun xatirəsinə
Taleyin dəhşətli cəbrinə bu qız
Bütün görnüşüylə hazır deyildi.
Otuzlu illərin dəbində dümdüz
Başında ağ rəngli beret gəzirdi.
Nazikdi, zərifdi saptək qaşları
İstiylə doluydu gül baxışları...
Öz kiçik balasın böyük nənəmiz
Dusenka səslərdi: "Hardasan, ay qız?!
Mənim gözəl qızım, balacam, ballım,
Səni çox sevirəm, yanağı allım...".
Sonbeşik hamıdan əziz olardı,
Onun da qızımtək yanağı xallı.
Üzündə nə ənlik, nə kirşan yağı,
Saçı da yalançı buruq görmədi.
Bu qohumluq bağın, bu oxşarlığı
İllər soldurmadı, heç itirmədi.
Bu yaman dünyanın savaş oyunu
Hələ bitməmişdi, bir ili vardı:
Hərbi təzim ilə, top atəşilə
Yazda dəfn etdilər beretli qızı.
Budağı çətirli qovağın altda,
Hardasa sahildə, Simferopolda.
Yeri dəqiq deyil, çox vaxt keçibdi,
Bircə dəqiq budur: yaş iyirmi beşdi.
Bizə damğa basan, bizə dağ çəkən
Yalnız bu xəbərlər qalıbdı indi:
"Ona Zoya kimi əzab veriblər,
Onu yandırıblar Janna Dark kimi".
Tərcümə Səlim Babullaoğlunundur
***
Sonuncu paraqrafda,
Yekunda, yəni son nöqtədə
Artıq etiraf edə bilərik -
Qapının ağzını kəsdirib
Qış.
Amma
Yazın göy qurşağı
Hələ ki isidir kürəyimizi,
Elə bil qış
gəlib çıxmayıb, mənimlə deyil indi.
İynəcələr də mənə
Solğun çəməndən keçib,
Şehə batıb yürüyüm deməyib,
Burda ayıpəncəsi
İtiribdi başını,
Eşşəkarısı
Bürküdən ayılıbdı.
Bu kövrək səhər isə
Təskinlik aramır heç,
Xəbərsizdi hər şeydən -
Müdriklikdən,
Süleyman padşahın uzaqgörənliyindən,
Üzüyündəki yazıdan.
Bilmir ki,
Bir gün bu da keçəcək,
Yaradanın Evində
Əbədi yaz olanda...
Ailə fotosu
Atamın pencəyinin yaxasında
rombşəkilli nişan,
içində ilan,
nənəm kənara baxır
yarıdönmüş halda.
Necə oldusa fotoatelyeyə gəldik,
Bütün ailə - hamılıqla.
Gəldik ki, ağ-qara şəkil çəkdirək.
Mən bilirəm anam özü
çox zərif yundan -
hə, həm də gözoxşayan rəngdə, qövsi-qüzehdir sanki,
hardansa müftə tapdığı yundan,
indi əynindəki donu toxumuşdu.
Burda o, lap cavandır,
fotoaparatın obyektivinə baxır.
Mənim dörd, onun iyirmi yeddi yaşı var,
hələ kiçik qardaşım gəlməyib dünyaya.
Babam da yoxdur - müharibədə ölüb,
arvadı, oğulları göz yaşları axıdıb.
Ancaq mənə elə gəlir hələ də
arxamızca baxır.
Hiss edirəm ki, göylər boş deyil heç də,
mənə başqa cür deyildiyinə rəğmən.
Tanrının mələklərinin səsi gəlir
başımın üstündə - hər zaman və hər yerdə...
Fəsəli həftəsi
Bütün mübhəm,
qeyri-müəyyən vəziyyətlərdə:
İnciklik və günahlarda,
Ən gözəl kremasiya diləkləriylə
fəsəliləri sobaya göndərirəm.
Vodka dadızdırmıram,
Bir qırıq halva qatıb da dada gətirmirəm
Dərdi...
Qızıb köz-köz olmuş tavayla
Üstünə gəlirəm sənin.
Hətta soyuqlasa belə,
Virusla qovğa başlar
Arasına bal sürtülən cuna
İpisti fəsəlilər.
Qəfil xəstəlik gəlsə
Fəsəli var, fəsəli.
Nənəm bunu bulkalarla edərdi,
Heyif, reseptini unutdum.
Tərcümələr Cavanşir Yusiflinindir
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!