Not şeirləri
Birinci not:
"Hər şey gözəl olacaq"
Allaha inanmasaydım,
Həmin gün unudardım.
Məsələn, sənə aid
Bütün xatirələri...
Söylə, necə unudum,
Necə itirim səni?
Kimə tapşırıb gedim,
Kimə deyim dərdimi...
Yenidən başlamaqçün,
Yenidən yaşamaqçün,
Bilmirəm ki, mən yola
Necə gətirim səni?
Nə olar, özün bağla
Ümidimin gözünü.
Yoxsa hey ağlar qalır
Kiridə bilmirəm ki,
Anasız körpə kimi
Yetim qalan hissləri...
Bəlkə heç olmayıbdı,
Bəlkə yuxusan indi?
Ağlımı başdan alan,
Şirin qoxusan indi?
Sənin izin tanışdı,
Doğmadı inan ki, çox...
Gözləsən, yaxşı olar,
Gözləməsən, eybi yox...
İkinci not:
"Axtarıram, itirirəm"
Hardasan, necəsən, Allah,
Bilmək olmur halını.
Bəlkə bizdən küsmüsən,
Bəlkə yoxsan əzəldən?
Ya da gizlin saxlanıb,
Bir xəzinə olmusan,
İnsanların qəlbinə,
Oğrun-oğrun dolmusan?
Necə keçir həyatın?
Çək hər şeyi başa gör.
İnsan kimi olmağın
Ağrısını yaşa gör.
Yerini bilməsək də,
Yerin görsənir indi.
Nə qədər ki, ölüm yox,
Cəhənnəmin atəşi
Sərin görsənir indi...
Biz qonağıq dünyada,
Bizi yola sal, Allah.
Axır-əvvəl ölsək də,
Sən salamat qal, Allah...
Üçüncü not:
"Özünü bağışla, sonra da unut"
Nə ola, dayanıb güzgüdə bir gün,
Arxanda dayanan dağdı görəsən.
Sənə əziz olan doğmalarını
Bir-bir qucaqlayıb, sağdı görəsən.
Əlini tutasan zamanın bir an,
Etdiyin səhvləri düz eyləyəsən.
Küsülü qaldığın, barışmadığın
Mərhum insanlarla söz eyləyəsən.
Aparıb özünlə qayğılarını,
Keçmişdə bir oda atıb gedəsən.
Uşaqtək ağlayıb, sonra ananın
Şirin laylasında yatıb gedəsən.
Dördüncü not:
"Səni danışdırdım, ürək dilində"
Səni danışdırdım ürək dilində,
Çəmən çöllüyündə, çiçək dilində.
Məni anlamadın, nə eylədimsə,
Arı şanısında, pətək dilində.
Demirəm, bu qədər anla, duy məni,
Könlündə bir küncə apar qoy məni.
Duyğuna, hissinə bir oyma kimi
Naxış vur, bəzək vur, çəkib oy məni.
Sevsən, bu dünyanın işığı artar,
Nuru göyə qalxar, çırağı artar.
Sevsən, bu boz rəngli həyatım ki var,
Yenidən canlanar, marağı artar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!