Qırxlar məzarlığında dolaşan ruhlar - Azər ABDULLA

 

Sanmayın itdi-batdı,

qaldı yüzillərin o tayında,

bir də gördün

yenidən bitdi

"Narın Qala"nın Bayat qapısında

əlində çomaq Dərviş.

Bir də gördün

Türkmənistan səhrasının qumu qədər

düzülüb sırayla gəlir

İpək Yoluyla Dərviş...

Bir də gördün

qeybə çəkilən Dərviş

günün bata-batında

qayıqtəkin enib-qalxır

gömgöy Xəzər sularının

göylə öpüşən yerində.

Ah!!!

Seyr edərkən Narın Qaladan

gömgöy sularını Xəzərin

qulağıma dəydi saz, tambur, muğam oxusu,

yellər gətirdi,

dəydi burnuma

uyqur, qırğız, türkmən, özbək qoxusu.

Sanmayın, sanmayın

yox oldu biryolluq Dərviş...

Qaranlıq gecədə leysan yağışda

bir anlıq şimşək işığında

görərsən onun "Qırxlar" məzarlığında

səcdəyə gedən

xınayı mamır donlu

başdaşları arasından

türyan sovuşduğunu.

Tezlikdə görərsən,

ruhtəkin yerə enib

bizlərə qovuşduğunu.

Tanrının əmriylə

çomağın yerə vurcaq Dərviş,

oyadıb qaldırar ayağa

"Qırxlar" məzarlığında

minillik uyuyanları.

Birdən gurluyar ildırım kimi

Hacıbəylinin uvertürası,

səslənər qəmli, həzin

nakam Asəf Zeynallının

xəstəxana divarına yazdığı

pozulub itmiş

sonuncu simfoniyası.

Bir yaz gecəsi

torpaqdan qalxan otlartəkin

ayılar, qalxar məzardan ölülər,

Zühur edər Dədə Qorqud,

Yanında Qaraca Çoban,

yüz illərin istəyi, diləyilə,

min ilin hirsi-hikkəsiylə

birisi qaldırar öz başdaşını,

birisi qaldırar sinə daşını,

kimisi qoyar sapand daşına,

kimisi yepyekə daşatanına,

yağdırar dolutəkin, yağıştəkin

yağının qızıb havalanmış,

o bomboş, yekə başına.

Qalxıb göydən acı-acı

Seyr edər Dərviş

dünyanın yep-yeni,

Əbabil quş savaşına...

Ayrılar bir qanad Bakı yelindən

üz tutar dos-doğma Türkmənistana

Bakı yellərindən qopar bir qanad

elçitək uçar Ərəbistana.

Haqq üçün, ədalət, ya insaf üçün

söz açar, dil açar, yardım diləyər...

Bir də gördün göylə

qum, çınqıl gəlir,

dağ kimi sunami, qasırğa gəlir...

O əziz küləklər, doğmaca yellər

sovurar, püskürər qum təpəsini

o nankor yağını ya kop eyliyər,

ya da ki,  altında o acgözlərə

dərindən lap dərin bir gor eyliyər...

Qorxutmasın səni, dostum,

bu günün atomu, peyki,

İnternetin, mobil telefonun

hökmü, hərbə-zorbası,

azca qalıb, səbr eylə,

Allahın,

Nəmrud kimi 

azğınlara tikiləsi torbası.

yanvar, 2020

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!