Müqəddəs an... - Cabir Alpoğlu ALBANTÜRK - şeirlər

Bu taledi

Fikrət Qoca havasında

"Amandı, Allah, amandı

Gözümdə bəbəyim yandı"

(Əcəb sevməli "şeytandı")

Səni sevmək əcəl, qandı,

Qəlbimə ah yazma, xanım.

 

Qədrini bilən tapılar

Dərdindən "ölən" tapılar,

Can alan gözəlliyinin

Canını "alan" tapılar,

Ürəyimi üzmə, xanım.

 

Baxışlarım il ayrısı,

Şair gözüdü, yol çəkir,

Şair gözü bal arısı,

Gözəllər gül, o bal çəkir,

Baxışımı yozma, xanım.

 

Dözməyə zalım sınağa

Yoxdur könlümün həvəsi,

Boş cibimə ağlım ağa,

Nəfsim ruhumun şələsi,

Basdığını kəsmə, xanım.

 

Sən on doqquz yaşındasan,

Yaş fərqimiz bir o qədər,

Sən dünyanın dişindəsən,

Məni mədəsi həzm edər,

Taledi bu, küsmə, xanım!

 

Müqəddəs an

...İşimlə əlimin arasında mən,

Mənimlə işimin arasında an...

Bu anın içindən keçirik demək,

Bu anın içində yollar ayrılıb

Hərəni bir səmtə qaçırır demək...

Uzaq yaddaşından bir ulu kölgə

Uzadar əlini, qaşdan ayırıb

Qılınca, qələmə, torpağa sarı...

Ustaddan, xocadan alsan da bilgi

Qılıncın, qələmin var özgə sirri...

Torpaqla əl verib görüşə bilsən,

Zəhmətlə qaynayıb-qarışa bilsən,

Doğma odanı da isidəcəksən,

Vətən ömrünü də uzadacaqsan...

Silahla, qələmlə-baxta nə düşər,

Onu qorumaq da baxtına düşər:

Doğma yabançıdan, yad yabançıdan...

 

Yad ömür yalan yamağı

Dünyaya gələndən neçə gün sonra

Üzümdə qəriblik, gözümdə maraq

Bir ömür deyilən oyuna girdim -

Bəlkə göz görəndən o yanı gördüm...

Nəsə öyrətdilər, nəsə öyrəndim,

Həyat şirinsə də, hərdən iyrəndim,

Beləcə yaşadım, yaşamaq - itmək...

Taleyim tapan gün önümdə varaq,

Ağ varaq üstündə qara yazıydım...

Daha yaşamağın güman üzüydü -

Yaşadım özgəni yaşadan kimi...

Bir gün gözlərimdən bu yanı gördüm;

Kölgəsinə ilişib yıxılan adam kimi

Əl tutmağa yer tapmadım içimdə,

Tapındıqlarımız yalanmış cəmdə...

Bir azan sədası açdı gözümü:

Allah, Rəsulullah, Əli adından

Namaza çağırır azançı damdan;

Kölgəsinə yaşayır özünü bilməyən...

Hələ insan deyil azını bölməyən...

Yalan ömrü uzadar azana gəlməyən...

Sevgi qayğısı

Yaradan özünü tanıtmaq üçün

İnsanı yaratdı mələkdən üstün.

Bu uca məqama layiq olmağa

Ruhumuz dünyaya gəlir bircə yol,

Nəslimiz gələcək-gəlib neçə yol -

Şairlik bu yolda bir dayanacaq,

Nəsillər sınağı, son düyünaçan...

Şeir oxumayan, dinləməyənlər,

Bizi xoşlamayan, anlamayanlar,

Kimsə nəslinizdə şair olacaq,

Bəlkə nəvənizdən, nəticənizdən...

Bəzən törənmişlər tərsimiz olur,

Şairimiz olur, dərzimiz olur...

Bizi güllələmək, asmaq istəyən!

Onda asacaqlar bəlkə də səni;

Nəfsinlə bərabər boğulacaqsan,

Unut bu istəyi, dəyiş bu yönü.

Şairlər bəşərin duyğu ünvanı,

Şairi sevəni Allah da sevər,

Şairə uyanı qınamış ancaq.

Var şöhrət sevəni, qayğı umanı...

Hərdən bir tikanlı gülləri suvar,

Şair gül koludur, şeir söz gülü

Tikanı gülünə bağışlar arif.

Sevgisiz qayğı da ocağın külü,

Düşmən süfrəsitək yalançı tərif...

 

Şair Tanrı hüzurunda

Dərdin qapısı yox, dərdin damı yox,

Dərdlə doğuluruq, dərdlə ölürük.

Hamının dərdi var, dərd Adamı yox,

Kefli ağlayırıq, dərdli gülürük...

 

Bir dünya dərdi var, bir də axirət,

Qalan yarı azar - dərd tutumu yox.

Dünyanın işləri Tanrı sınağı;

Dərdinin çarəsi, əlacı yoxsa

Adam şair olur, ya qan çanağı...

Bu gidi şairlik bir tale mərci -

Padşah hüzurunda şöhrətin dağsa,

Tanrı dərgahında yerin axır ad.

Azdı şairlərin nicat tapanı,

Hər iki dünyanın bəxtəvəri az.

Az deyil Allaha, bəndəyə borcu,

Özündən kənarda haqsevəri az.

 

Şairi müqəddəs sırıyanların

Dünyada qoyduğu qara oyundu.

Canı cəhənnəmə sürüyənlərin

Qiyamət qopmamış kitabı yandı...

 

Fərqi azdı fərqimizin

Nur Allahın nurudur,

Cismimizdə ruhumuz.

Allaha asilikdir,

İnsana tuş oxumuz...

 

Dünyaya insan gəlir,

Sanki qanadsız mələk.

Sevinc, qəm, güman gəlir,

Ümid gəlir bir bələk...

 

Birdir, onun özünü,

Sabahını öldürən.

Hara qaçsın əlindən

Dünya dolu quldurun...

 

Allah biləni sevdi,

şeytan yalanı sevdi...

Dünya doğruya zindan,

Oğruya talan evdi...

 

Ürək nədən ağrısa,

Qəfil qopan ah bilir.

Mənbilənmi doğrusu?!

Doğrunu Allah bilir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!