Sənin kimi sevilmək
Kim bilir, kimlərin bilmədiyisən indi
Ciyarını bildiyim.
üşüngən əllərini,
sərsəmlədici gülüşünü dibinədək sevdiyim.
Şərabı dodağından ölümü dadmaq vardı,
vardı, əlbət, bilirəm
bilmədiyin nələrin.
İndi hardasan, görən,
Hansı axmaq qadının
dadsız-duzsuz yeməyinin tərifini deyirsən.
Yəqin, bir başıboşun gülüşünü sevirsən.
Qorxardın bu sevgidən, getməyi də bilməyən,
qalmağı da bilməyən...
Get, yaşa həyatını bir sadəlövh qadınla.
Mənim dənizimin fırtınası sərt olar.
Qaç, qurtar səni məndən; sənin kimi sevilmək
Bir gün sənə dərd olar.
"Mən"cil
Soyun üstünü, gəl.
Gəl, deyəcəklərim var sənə səndən.
Yer üzünə gəlmiş ilk aşiqlər bizik.
Təzələ Adəmin günahın,
Qarşı çıxaq bütün "olmaz"lara.
Rəqs etmək istəyirəm, sevgilim,
Sar qollarını belimə,
..."in my secret life..." ah Leonard Cohen...
Tutkunun adamı...
Dolur otaqlarıma musiqi səsi,
rəqs edək, sevgilim.
Dönsün başım üstə ulduzlar.
Dodaqların sehrin özü.
Əllərin necə qəddardı,
nə qədər ölümcüldü və necə nəzakətli.
Şərab süz,
sərxoş olmaq istəyim var.
Gözlərin intiharın çağırdığı yer.
Öp mələklərimin qanadından,
Öpməsən, keçməz,
tərbiyə olmaz bu gecə bətnimi ağrıdan məncil istək.
Eyni ayrılığın frekansı
Gedənlər bilirmi geridə qalanların hər nəfəsdə öldüyünü?
Eyni ayrılığın frekansında
daha neçə mahnıyla asacağıq xəyallarımızı?
Ən son öpdüyün yerdən ağrıyıram
Hər dəfə əllərim toxunanda çiyinlərimə.
Əbəs
Sənin saatlarının taleyində mən yoxam,
Gözləmələrin yersiz,
Gəlmək istəyim əbəs.
Biz Bakının təcrübəsiz aşiqləriydik,
qağayı dimdiyindən düşüb,
balıq yeminə dönən.
Şəhər oğrusuydu zaman, bizi bizdən almağı yaxşı bilirdi.
Saf kənd uşağıydıq ikimiz də,
Bakı çirkabıyla bizi sevirdi.
Əllərimizdə məhəbbət izi,
ürəyimizdə öpüş yeri gəzdirdik.
Saçlarım barmaqlarında ölmüşdü.
Bir hərb vermişdik qovuşanadək və o gecə
Şəhərin bütün işıqları sönmüşdü.
Hərdən olurmu?..
Hərdən olurmu ki, bir gecəyarı
Sənin də səbəbsiz canın sıxılsın?
Üşüsün əllərin əllərim üçün,
Sağ yanın darıxsın, solun darıxsın.
Təsəlli etməsin dostlar, tanışlar
Qaçıb "hamılardan" təkcə qalasan.
Siqaret üstünə siqaret çəkib,
bütün vidaların canın alasan.
Söylə, dağ qoxulum, mamır ətirlim,
bir dənə tel üçün əsibmi könlün?
Bir baxış, bir nəfəs, bir gülüş üçün
Gecənin çiynində gedibmi ölün?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!