Ölkəmizdə mədəni müxtəlifliyin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması ilə bağlı mütəmadi olaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən məqalələr hazırlayıb xarici mətbuatda dərc etdirmək Beynəlxalq Multikultural Şəbəkənin əsas vəzifələrindən biridir.
24 dekabr 2019-cu ildə Beynəlxalq Multikultural Şəbəkə Böyük Britaniyanın tanınmış "PRİSMA" adlı multikultural qəzeti ilə birgə "Poems from around the World: Multicultural Understanding through Poetry" (Dünyanın hər tərəfindən şeirlər: Poeziya vasitəsilə multikulturalizmin anlaşılması) adı altında yeni bir beynəlxalq şeir müsabiqəsi həyata keçirib. 21 ölkədən müsabiqəyə qoşulan şairlər tələb olunan multikulturalizm mövzularına uyğun maraqlı şeirlər təqdim edib. Hal-hazırda müsabiqədə yer tutan şeirlərin həm ingilis, həm də Azərbaycan dilində antologiyası çapa hazırlanır. Antologiyanın baş redaktoru professor, filologiya elmləri doktoru Teymur Əhmədovdur. Həmin şeirlərdən bir neçəsini şair Adil Cəmilin poetik tərcüməsində "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Beynəlxalq Multikultural Şəbəkə
Nassira Nezzar
(Əlcəzair)
Fərqli birlik
Gizli qalmayan xəyal
İsti bir yuva qurub
Ürəyimin içində.
Biz oğul-qızlarıyıq bəşəriyyətin,
Amma fərqli biçimdə.
Nədir bizim fərqimiz?
Başqadır rəngimiz,
inancımız, irqimiz.
Fərqli yerlərdə yaşayırıq,
fərqli adlar daşıyırıq,
Amma insanıq, hamımız insan.
Təklikdə heç nəyik,
gücümüz heç nədir.
Birləşib bir olsaq
bilərik güc nədir.
Yolumuza hər zaman
məhəbbət salsın işıq.
Amalımız - sevgi, barışıq.
Dərilərin rənginə
Uyub düşmən olmayaq.
Kimisə öldürəndən
sonra peşman olmayaq.
Bu birliyə inansaq
Sən mənsən, mən də sənəm -
Səninlə birəm, səninlə tənəm.
Sevginin, insanlığın
Elçiləri olaq biz.
Bir döyünsün qəlbimiz.
Bir ürək, bir can olaq,
Hər pislikdən aralı,
Xəbislikdən aralı
Bir yeni dünya quraq.
Bölsə də bizi qitə, ölkə
Bu bölgü bu birliyə
Gərək salmasın kölgə...
Anita Şarma
(Hindistan)
Tibet şərqisi
Mən tibetliyəm.
Yaxşı bilir Himalay,
Doğan Günəş, batan Ay.
Yaxşı bilir el-oba,
Əsir düşən komalar,
O müqəddəs Lamalar -
bizə nələr yapıldı.
Tibetdə itirdiyim
Hindistanda tapıldı!
Heç bilmirəm xəyalım
Sonsuz mavi səmanın
Neçənci qatındadır.
Müqəddəs, ulu Tibet
Ruhumun yadındadır,
Qəlbimin çatındadır.
Gözlərimin önündə
Böyüyür kiçik Vətən.
Düşünəndə yurdumu
Yuxum gəlmir sübhəcən.
Gözlədiyim torpağa
Qayıtmaq mümkün deyil.
Yurda dönmək həvəsim
Yaşa dönür gözümdə -
Bu da ömür-gün deyil...
Acı heç nə yox imiş
Bu həsrətin tamıtək.
Yaşamağa başladım
Elə mən də hamıtək.
Alnında bir yazı var
Dünyada hər insanın.
Yaxşı ki, qoynundayam
Anamız Hindistanın.
Rosalin Bernardo Pastrana
(Filippin)
Birliyimiz
Qara, yaxud ağ olsun -
bu dərinin altında
gözəllik var, insan var.
Eyni millət kimidir
hər millətdən olanlar.
Bu fərqli insanların
Amalında, ruhunda
Olmayıb fərqli niyyət.
Onların qüdrətilə
Qorunub mədəniyyət,
İnsanlığı ucaldıb
Hər kəsə sayğı, hörmət.
Bir günəşin nurunu
İçirik il uzunu.
Bir deyilmi, bir deyin -
Gecəmiz, gündüzümüz,
Ayımız, ulduzumuz?!
Nəsil, fəsil dəyişkən,
Qışa, yaza bağlıyıq.
Arxamızca yol gələn
Bir mirasa bağlıyıq.
Biz birlikdə ən uca
Dağa çıxa bilərik.
Əl verib birləşməsək
Yoxa çıxa bilərik.
Hər millətdən olanın
Fərqli eli olsa da,
Fərqli dili olsa da,
Sevginin fərqi olmaz.
İstəyin irqi olmaz.
Dostluğa körpü salaq
sülh, barış sədasıyla.
İnsanı sevək gəlin
İnsanlıq sevdasıyla.
Zararia Yul
(Cənubi Afrika)
Sevginin gözü ilə
Doğulan körpələrin ehtiyacı sevgidir,
Məhəbbətdən gül açır dünyanın hər bucağı.
Doğulan hər insanın umacağı - nəvaziş,
Körpənin güvənc yeri - isti ana qucağı.
Sevginin milləti yox, məhəbbətin məkanı,
Bu ali duyğuların olmayır ənənəsi.
Yaradanın gücüylə hakim olar ruhuna,
Qəlbə girsə göyərər - sevgi buğda dənəsi.
Biz bəşər övladıyıq, sevgidən doğulmuşuq
Yaşamağa gəlmişik yer üzünə hamımız.
Neçə-neçə ürəyin sevgiyə ehtiyacı,
Xəyallar dünyasında neçə arzu-kamımız.
Biz həyata baxanda sevginin gözü ilə
Gözəlləşir yer üzü, göy üzü başdan-başa.
Rəngi fərqli olsa da, məkanları müxtəlif
İnsan sevsə insanı ürəklər gələr cuşa.
Kimsə qoya bilərmi məhəbbətə qadağa,
Sevginin dadındadır bu həyatın ləzzəti.
Bir belə ülfətdədir varlığın ortaq gücü,
Gəlin sevək, sevilək - ötürməyək fürsəti.
Opal İnqram
(Amerika Birləşmiş Ştatları)
Niyə?
Məndən soruşursan: - niyə
xəyalımda gizlənən
nə vardısa unutdum,
boyumu boylardan
aşağı tutdum,
qorxumun arxasında
gizləndim çox asanca,
mən qaranı basdım
qara məni basınca,
ömrüm boyu kölgəmin
arxasınca süründüm,
yıxılanda göründüm?
Məndən soruşursan: - niyə
hündür oldum hamıdan
özümü kiçik görəndə də?
Deyim səbəbi nədi -
qorxum arxada idi.
Marjeta Rrapaj
(Albaniya)
Nostalji
Utancaq bir gecədir -
budaqlar arasında
ulduzların salxımı,
isti külək gətirir
xatirələr axımı.
Alma, armudun ətri
xatırladır atamın
bağındakı payızı,
pəncərəmdən görünür
gülümsəyən Ay üzü.
Diqqətlə dinləyirəm
gecənin nəfəsini,
yarpaq fitə döndərir
küləklərin səsini.
Atılsam da gecənin
yuxulu qucağına
sanki marafondayam
qaçıram sübhçağına.
Barbara Suen
(Amerika Birləşmiş Ştatları)
Örtülü kitab
Eyni Ayın, ulduzların
altında yaşayırıq.
Eyni Günəşin
şəfəqləri saçılanda
bircə anda
mənim gecəm yola düşür.
Eyni evi bölüşürük
bu kiçik planet timsalında.
Yaşayırıq Yer üzünün
ya gülşənində,
ya da qumsalında.
İrqimiz eynidir -
"insan" irqi,
görün bizim oxşarlığı,
duyun bizim fərqi.
"Dinclik" sözü hər dildə
oxunan şərqi olsun,
Sevginin, təbəssümün
nə üçün fərqi olsun?!
Tanımaza, bilməzə
tanış olmaq qorxusu
bizi sıxır doğrusu...
Ayaqlarım dəyməyən
hər məkanda varam mən.
Örtülü kitabsınız
ürəyimin gözüylə
sizi oxuyuram mən.
Poetik tərcümənin müəllifi: Adil Cəmil
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!