***
Hənirtini duyacammı
ya acımasız-acımasız
əzib keçəcək kölgəmi?
Bir baxsana
neçə yorğun-yorğun titrəyir
ayaqlarının altında...
***
Pəncərəmə yağır qar...
unudulmuş bir mahnını zümzümə edir
gecəyarısı rüzgar
ancaq ağrılı günlərimi xatırladır
elə rəhmsizdi xatirələr.
***
Dünyasını dəyişən dostlarıma
bir-bir zəng edirəm:
- Alo, alo!
otağımı çürümüş xəzəl
və torpaq qoxusu bürüyür...
***
Səni xatırladım;
yerişini,
gülüşünü,
gözlərini -
kölgələr bir-birinin içindən keçib
ağrılarımı bölüşəndə...
***
Döyürəm qapıları
döyürəm gecə-gündüz.
bütün qapılar səssiz,
bütün qapılar kimsəsiz.
Yer üzündəkitək
göy üzünün də qapıları cəftəsizdi -
məni yox eşidən!
***
Bir gecəliyə
bir günlüyə olsa da
mağaraya dönmək gərək,
uzaq illərin qoxusunu duyan
mağara adamıtək.
***
Ürəyim kəpənək qanadı,
Təsəllinin ömrü üç gün çəkmədi.
külək də gecikmədi -
əllərində can verən çinarı
çəkib apara bilmədim şeirimə...
***
Hava kəskin dəyişəcək, söyləyir
yaşılgöz sinoptik qız.
isti yerlər buradan çox uzaq.
bir ömür qar yağacaq
eyvana çıxmasın qanadsızlar!
***
Yuxu tutdu
huş apardı məni.
hara getdim
harda itdim?
Yad gördü...
dost olsaydı tapardı məni.
***
Çırpına-çırpına düşdü əlimə
nəfəsi kəsildi gül ləçəyinin.
elə zərif, elə kövrəkdi...
ipək saplar kimi süzüldü birdən
gözlərim baxa-baxa soldu,
üzüldü birdən...
***
1
Hələ yazılmamış şeir kimisən
misra-misra pıçıldayıram səni
gözlərini, dodağını
rədifli qafiyətək xatırlayıram.
Sözlərə, səslərə bölürəm
nəfəsim tükənir, boğuluram...
yenə də can atıram
hər gün səni görməyə
və xatırlamağa -
misra-misra...
qafiyə-qafiyə...
2
Bir başqa ayrılıqdı bu ayrılıq!
sənə təsəlli verəmmirəm.
heç özüm də bilmirəm
özünü itirən adamların
təsəllisi nə?!
3
Dönüşü olmayan bir yolda
səni gözləyirəm
son bahar səmasıyam elə bil -
gah günəş,
gah bulud...
biri deyir - gözlə,
biri - unut!
4
Səni sevmək
göz işlədikcə uzanan "gedər-gəlməz"də
ev tikmək kimi bir şey,
susuz səhralıqda
dəniz axtarmaq qədər gülünc...
Səni belə sevdim,
belə hördüm-
kərpic-kərpic...
5
Ayrılıq qara saçlar kimidi
ağarmağa başlayır,
sən ona alışırsan.
özünə haqq qazandırmaq -
guya heç nə vecinə deyil
olsa-olsa saçları rəngləməyə bənzəyir
Ayrılıq gözləməkdi
günlərlə durub
uzağa baxmaq kimi.
Bax bu tindən, o dalandan,
içini saran
lənətə gəlmiş o şirin yalandan
"bir gün çıxıb gələcək!"
6
Sən bir bülbül nəğməsiydin
qəfəsə rast gəlməsəydin?
qəfil küsüb-barışmağın, şıltaqlığın
elə dadlı-duzluydu ki.
İndi elə şit
hər eşitdiyim söz,
hər udduğum loxma.
bilirdim, inanırdım amma
bu sevdadan
mütləq duz yığılmalı qana,
həm də, o duz daşa dönməli
yeriməli ürəyin başına!
Sentyabr, oktyabr 2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!