Sovet ordusunun 20 Yanvar 1990-cı ildə Bakıda törətdiyi qanlı faciənin qurbanlarına ithaf edirəm
Matəm içindəsən, ey Ana Vətən,
Qərənfil dənizi - qəm əsarəti.
Bu dağı sinənə kim çəkdi sənin,
Kim tapdı özündə bu "cəsarət"i?
Sənə bu qurğunu kim qurdu belə,
Kim cavab verəcək bu nahaq qana?!
Sənə məhəbbəti güllələdilər,
Gömdülər Şəhidlər xiyabanına.
Yas tutur müqəddəs vətən torpağı,
Yolunda baş qoyan oğullarına.
Şerim nə təskinlik verəcək axı,
Ana ürəyində oğul dağına?!
Yerləri, göyləri çulğayıb kədər,
Qarğıyır zamanı sönən od, ocaq.
Bəs bu qırğın salan nankor kəslərin,
Tarix yaxasından nə vaxt tutacaq?
Bunu dünya bilir əsrlər boyu
Sevgi, ülfət olub tanıdıqların.
Yeyib çörəyindən, içib suyundan,
Taptadı haqqını inandıqların.
Bir ovuc tilsimli torpağınla mən,
Yenə hüzuruna gəlib çıxmışam.
Müqəddəs "QURAN"dan kömək diləyib,
Dua eləyirəm sənə hər axşam.
Rus dilindən tərcümə edən: İbrahim İlyaslı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!