DİLSUZ
Əbdürrəhim Qaraqoç
ANADOLUDA BAHAR
İlk baharı gəldi Anadolumun,
Silifkədə çiçək açdı nar indi.
Hər tərəfi yaşıllandı Bolumun,
Sultan dağı bənək-bənək qar indi.
Əyri yollar yamacların qurşağı,
Gül səpilib zirvələrdən aşağı,
Nərə çəkir Sürmənənin uşağı,
Dadaşların oynamağı var indi.
Köpükləndi irmaqları Dadayın,
Yaşıl palma - zümrüd tacı Xatayın,
Çuxurova cənnətidir bu ayın,
Aydın eli əfələrə dar indi.
Könül dilə gəlir tütək səsində,
Qağayılar düyün qurub Mərsində,
İspartanın rəng-rəng gül baxçasında
Bülbüllərin cəh-cəhini gör indi.
Cıvıl-cıvıl səssiz qalmış yuvalar,
Kəpənəklər bir-birini qovalar,
Xalı kimi naxışlanıb ovalar...
Bölük-bölük sarı, yaşıl, mor indi.
Aşıqlar diyarı Elbistan eli,
Olub bu mövsümün baği - İrəmi,
Hər çeşmənin üç-beş dənə gözəli,
Hər çiçəyin bir arısı var indi.
Çıxa bilsən Çamlıcanın başına,
İki qitə bir boğazda aşina...
Qaraqoçam, gəl, yorulma boşuna,
İstanbulu vəsf eləmək zor indi.
GÖR
Sən bizim dağları görmədin, gülüm,
Hələ boz dumanlar çəkilsin də gör.
Hər həftəsi bayram, hər günü düyün,
Hələ yaylalara köçülsün də gör.
Bilməzsən obalar necədi bizdə,
Qantəpər qurşaqda, yoncalar dizdə,
Əriyər-əriməz bəyaz qar yazda,
Hələ bir əkinlər əkilsin də gör.
Nazlı, cilvəlidir Qırxqız pınarı,
Sanki təbi gəlib, coşur suları,
Köpüyü bəmbəyaz, seli sapsarı,
Hələ daşdan daşa tökülsün də gör.
Yağışdan sonrakı göyqurşağıtək
Bir qarış torpaqda minbir gül, çiçək...
Hansını oxşayaq, hansını dərək,
Sübh tezdən dan yeri sökülsün də gör.
Yaxşı tanımırsan sən bizim xalqı,
Məhəbbət görəsən - yaxına gəl ki...
Üzlər könülləri göstərməz bəlkə,
Ürfan pərdələri çəkilsin də gör.
Əsəd SELİŞIK
SEVGİLİ
Sevgili,
yuxudan qan-tər içində
oyandığın zaman
yanında
bir fincan
su olmalı.
Sevgili,
istiliyin varsa,
alnında nəm dəsmal olmalı,
Sevgili
gecənin beşiyində
uyutduğun masal olmalı.
Sevgili,
yuxusuzluğun ən gözəl səbəbi,
Qısacası,
yanında uzanmış mələk olmalı.
Sevgili,
"Sabahın xeyir" və "gecən xeyirə qalsın"
sözləri arasındakı həsrət olmalı.
Sevgili,
hər gün yenidən
cavab axtardığın
tapmaca olmalı.
Sevgili,
qara gündə qara zeytuna
qara gözlərinin ağını qatıb,
bal hazırlamalı.
Sevgili,
hirsinin fırtınalı dənizi,
təbəssümünün sakit limanı olmalı.
Sevgili,
eşqlə duelində
içi boş silahın olmalı.
Sevgili,
"gəl" deyincə qanad taxmalı,
get deyincə, getməməli, qalmalı.
Sevgili,
qəlbinin həm qonağı,
həm sahibi olmalı.
Sevgili yanındaykən zaman durmalı.
Sevgili hər mövsümdə bahar olmalı.
Sevgili,
asılmağa getdiyin zaman
son siqaretin olmalı,
Sevgili,
bir az ana,
bir az qardaş-bacı,
bir az dost,
hamısından bir parça
və hamısından fərqli,
bambaşqa olmalı.
Sevgili,
hər gün yeni yazdığın şeir olmalı...
GƏL
Əlin-ayağın orada,
qaşın-gözün orada,
ruhun burada.
Gəl, bir dənəm, gəl.
Gəl, rüzgarlar
taxım saçına,
Gəl,
gözlərinin rənginə boyayım
sevgimi, həsrətimi.
Doğrudur,
izahı yoxdur leysanı
bir damlaya sığışdırmanın,
Amma yenə də
bir damla yaşdan gücsüzdür
sevənin içinin okeanları...
Səhər-səhər
Gözlərini açdığın anı düşünürəm,
Günorta... Günorta haralardasan?
Üzü axşama
qapımı açmağını istəyirəm,
Gecə...
utanır qələmim...
yaza bilmirəm...
Gəl, bir gecə dəmləyim sənə,
Gəl, sabaha sarılaq...
Bax,
bahar qondu
ürəyinin budaqlarına,
Bax,
öpücüklər düzdüm dodaqlarına...
Gəl,
yollarında
şeirdən tonqallar çatım,
Gəl,
ürəyimi ürəyinə qatım...
Əlin-ayağın orada,
qaşın-gözün orada,
ruhun burada.
Gəl, bir dənəm, gəl.
ALLAHIN BOXÇASI
Mən gecəni və ulduzları,
Sən gündüzü
və buludları sevərdin.
Utanardıq yan-yana,
baxardıq ulduzlara,
baxardıq buludlara...
Sən göyüzünə
Allahın boxçası kimi baxardın,
Bax, o buluda bax, deyərdin -
Balalarını əmizdirən
küçə itidi sanki,
Bu biri pəridi,
əlində də sehrli çubuğu,
Vadidəki
at sürüsüdü, at sürüsü.
Bax, bu biri
kiçicik qız uşağıdı,
saçları hörülü
Bax, bu da
bulud kəpənəklərdi,
rəqs eləyirlər...
Mən gecəni və ulduzları,
Sən gündüzü
və buludları sevərdin.
Uzanardıq yan-yana
baxardıq ulduzlara,
baxardıq buludlara...
Ayrıldıq bir gün...
Yağdı ürəyimə
soyuq ulduzlar,
Yağdı ürəyimə
bənizi solğun buludlar -
Boşaldı Allahın boxçası ...
Əhməd Səlcuq İLKAN
SƏN VURDUN DA MƏN ÖLMƏDİM...
Səhrada su,
həbsxanada gün işığı,
iftarda çörək kimi
gözlədim səni.
Aramızda qadağalardan
divarlar hördün -
buludlara dirənən,
Aya, ulduza dirənən,
göy qübbəsinə dirənən...
Amma önümü kəsməz bunlar -
Sən çağırdın da mən gəlmədim?
Sən varkən
darılmazdım çiçəksiz baharlara,
Sən varkən darılmazdım
yağışlı havalara,
sıxıntılı axşamlara.
Sən varkən
baxıb-baxıb kədərlənməzdim
qatarsız vağzallara,
avtobussuz dayanacaqlara...
Sən varkən
ayrılan aşiqlərin halını anlamazdım…
Gedən niyə gedərdi - anlamazdım,
Qalan niyə qalardı - anlamazdım,
Anlamazdım, anlamazdım, anlamazdım...
Sən varkən
belə üşüməzdim,
Sən varkən
hələ ölməyi heç düşünməzdim...
İndi soruşuram səndən
Adı sevdadırsa
bu cəhənnəm əzabının -
Sən yandırdın da mən yanmadım?
Yayın qızmar günlərində
qar oldum, yağdım ovuçlarına,
olmadı.
Sevdim olmadı, yandım olmadı.
Bilirəm gedəcəksən...
Amma arxanda
Ağlayan bir cüt göz,
Paramparça bir ürək
Və yıxılmış bir dağ
görmək istəmirsənsə,
Çək silahını - daya alnıma,
Titrəmək - filan yox...
Sən vurdun da, mən ölmədim?
Behçət AYSAN
AY DÜŞƏR DƏNİZƏ
Ay düşər dənizə -
səni xatırlayaram.
İncə-incə yağış yağar,
Limana yan alar gəmi -
səni xatırlayaram.
Ay düşər dənizə -
qəlbim çırpınar, çırpınar
qəfəsə salınmış quş kimi,
önümdən
bir qadın keçər,
qaralar geymiş,
yaxasında
ipiri qırmızı bir gül -
səni xatırlayaram.
Ay düşər dənizə
və mən
hələ söylənməmiş bir türkü,
hələ yağmamış bəyaz qar,
hələ açmamış begonayam…
Vağzalda
tərpənmək üzrədir qatar -
səni xatırlayıram.
YOLAYRICI
Burda dəniz qurtarır,
qağayılar
təlaş içində
dalğaların qoynuna
qayıdırlar,
mənimsə
gedəcək bir yerim yoxdu…
Burda dəniz qurtarır
və göyüzü başlayır,
ucsuz-bucaqsız,
dərin,
kirli göyüzü…
Deyirəm,
bacarırsınızsa,
durdurun,
pünhan yerdə sevişirlər:
rüzgarla rüzgar,
xəyalla xəyal,
yuxuyla yuxu.
Burda dəniz qurtarır
və göyüzü başlayır;
qalmışam yolayrıcında -
nə qayıtmağa bir ada,
nə getməyə bir ulduz var…
Afşar TİMUÇİN
YOL TÜRKÜSÜ
Çək
bəmbəyaz xəritələrə
bənövşəyi rənglə
heç görmədiyimiz
şəhərləri, kəndləri -
apar, oralara apar məni,
səninlə olsam,
sıxılmaram,
gedərəm ...
Çək,
çək bəmbəyaz xəritələrin
ən gözəl yerinə
sərgi salonlarını,
körpüləri,
meydanları,
qüllələri
və uşaq baxçalarını.
Çək,
çək bəmbəyaz xəritələrin
ən gözəl yerinə
ən gözəl gündüzləri,
ən gözəl gecələri...
Səninlə olsam,
tərəddüd etmərəm,
gedərəm,
çək,
o şəhərlərə,
o kəndlərə gedən
bir yolçu kimi çək məni,
əlimdə - biletim,
ürəyimdə - sevincim,
başımda - sevdam...
Nə çox qarışdıq
bir-birimizə -
bu əl hansımızın əli,
bu saç hansımızın saçı?
Apar,
məni də apar
bəmbəyaz xəritələrə
bənövşəyi rənglə
çəkdiyin yerlərə -
nə qorxu, nə ürkü,
nə kompas, nə durbin,
gedərəm, gedərəm...
BƏLKƏ
Bəlkə
indi sən də
mənim kimi
yapyalnızsan,
başının üstündə
uçuşan quşlara baxırsan,
fikirli-fikirli.
Bəlkə
çiyninə nazik yaz atmış
bir ağaca dikmisən gözlərini,
bəlkə
türkü dinləyirsən,
səsini çıxarmadan,
ya da
bir şeir, bir hekayə
oxumağa çalışırsan,
kim bilir...
Bəlkə
gözəllikdə misli görünməmiş
bir eşq düşünürsən,
bəlkə
yerini dəyişirsən xatirələrin -
əvvəl olanlar axıra düşür,
axır olanlar əvvələ,
bəlkə
açıldı deyə
bir düyünü elə hey
qurdalayırsan,
qurdalayırsan,
qurdalayırsan...
Bəlkə
bunların heç biri deyil,
sadəcə, qəhvə içirsən,
sadəcə, alma yeyirsən,
sadəcə, saatına baxırsan
və düşünürsən:
bu əqrəb
hara tələsir belə?
Bəlkə
dustaq kimi,
kölə kimi,
gələcəyi puç olmuş adam kimi
pis bir duyğu var içində?
Bəlkə
özünü bağışlaya bilmirsən
mənim
heç bilmədiyim
bir şeydən ötrü?
Bəlkə
qırıq qatar kimi
yolda qalmısan?
Bəlkə
hər şeyi unutmaq üçün,
sadəcə, uyumaq istəyirsən?
Bəlkə
sən də
mənim kimi
yapyalnızsan?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!