Günel EYVAZLI
Bir əsa ola, bir də dəniz,
Su yarıla, keçəsən.
Dəryanın ortasında
bədənin pul-pul ola,
Sən balığa dönəsən.
Görəsən ki,
həyat dəryada da eynidir.
Bezəsən eynilikdən.
Suyun süzülə-süzülə
yenidən qayıdasan
adamların içinə...
Lapdan bir alma düşə başına gündüz çağı.
Uçan arzularını cəzb edib yerə sala.
Yığasan bir torbaya xatirə yığınını
Atasan lap uzağa...
Gümüş ayna önündə
"Kim gözəldir dünyada?"
Sözünü dilə alan adamlar arasında
Yaşamaq bacarasan.
Milyon dəfə enəsən,
milyon dəfə qalxasan
həyat keçidlərində.
Pisliklərə baxmadan böyük süfrə açasan
Öz əlinlə böləsən çörəyi dilim-dilim
Dost bildiyin adamın əliylə satılasan
Beş quruşluq dünyada.
Yuxu alıb apara səni gerçək aləmdən
Tütək sədası ilə
Eyni torba içindən qıvrılmış ilan kimi
Yavaş-yavaş çıxasan.
Oturasan daş üstə
Baxıb-baxıb uzağa,
Doyunca darıxasan.
Sonra bir vərəq gələ
üz-üzə dayanasan
o an özün-özünlə.
Ağ vərəqə yazasan
Taleyini əlinlə.
Dəvənin beli kimi
əyri-əyri yazasan.
Dili kəsilmiş kimi,
Susa-susa yazasan.
Özünü kəndirindən
asa-asa yazasan.
Dəli bir külək qopa,
Buludlar qaça-qaça göy üzünü tərk edə.
Özünə düşmən olmuş,
Özünə qatil olmuş
İnsanların önündə
Əl atıb başındakı örpəyini açasan
Sərəsən yer üzünə.
Barışmaq asan deyil,
küsmək də asan deyil.
Dağıtmaq asan deyil,
Qurmaq da asan deyil.
Doğulmaq da həmçinin,
Ölmək də asan deyil.
Bəs yaşamaq?
Yaşamaq, asandırmı dünyada?
Kimsə kiçik oyuncaq,
Kimsə oyun qurbanı.
İpdən əllər asılıb,
İpdən qollar asılıb.
Gülməli oyunların
Gülməli adamları.
Ərköyün uşaq kimi
Oyunu dağıdasan.
Bir küncə çəkiləsən
Küsüb oynamayasan.
Bir çəlik düzəldəsən
Öz əlinlə, çox hamar,
Vicdanı olanları
Ardınca aparasan.
Lap dəryanın içiylə
Uzaqlaşıb gedəsən
Daha təmiz dünyaya
Nuhun gəmisi ilə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!