Nəsimi
Sönər bu su içində həyat atəşim - qaçaq
Yanar bu od içində baxışlarım çak-ka-çak...
Həyat nisbidi - bizlər - "mütləq olaq" deyirik
"Şəfəqləri bəbəkdən bir-bir yolaq" deyirik...
Şəfəq məndə yayılar - mən yayılmaq bilmirəm
Ayağım səkkiz gəzər - heç ayılmaq bilmirəm...
Tapılmaq istəmirəm - axtarılmaq bilmirəm...
Gövdədən can ayrılır - çün ayrılmaq bilmirəm...
Gəl bir az analıq et içimdəki körpəyə.
Söylə pəncərənə də az örtünsün örpəyə
Günəş deyə bir şey var - müqəddəs kitabı yox
ondan qaçmağa bir yer, hansısa bir qapı yox...
...günəş Tanrıdı axı - ayəsi şəfəqində
Üfüq batar - sonrası başlar ən-əl-həqqində...
Bir Nəsimi doğuldu bəlkə hansısa yurdda
Bu gün uşaq, sabah söz... amma sonrası budda...
Təbəssümün şeiri
O balıq var bu çayda - balaca qara balıq.
Bədbinləşib, onunçün hər bir yer xarabalıq
Hər gün ucuz fəlsəfə, hər gün yem axtarmalar,
Nə qədər axtar, ara, yolsuz qalıb karmalar...
Bapbalaca bir uşaq daş götürüb atarsa
Fəlsəfə etdiyi vaxt bu balığa tuş gələr.
Suyun qabarcıqları pulcuqlara qarışsa.
Suda səs-küyü görüb, köçəri bir quş gələr.
Caynaqları bu ovçun kobud, kələ-kötürsə
Dimdiyiylə balığı yuvasına aparsa
Böyük sevinc içində böyük sürət götürsə,
Kiçik ətcə balalar ondan tikə qoparsa...
Günəş boylansa sənə, açsa şəfəq ovcunu
Qapama gözlərini, üfüq zərbəsi vurma
Dovşan qaçsa yeyincə və çaşdırsa ovçunu
Qışqır: "...onu gözləyir tifil körpəsi, vurma!..".
Günəş qol açar bizə, dağın taa kürəyindən
Ağaclar yarpaq dolar, budaqlar şux olarsa
Atalar xoşbəxt olar, zəhmətin "pul iyi"ndən
Atalar xoşbəxt olar, körpələr tox olarsa.
Körpəsi səhər-səhər qum-torpağın içində
Bir çimdik bal götürüb yuvalara əyilsə
Onlarla qarışqalar barmağına daraşsa
Arıların zəhməti bala-bala yeyilsə...
Ovucların içində balıqqulağı gülsə
O gülüşlər sənindir - hamısını mənimsə...
Bir stəkan dolu su döşəməyə tökülsə
Su aydınlıqdı deyib, əsəbləşmə, gülümsə...
Qocaman bir gün
Üfüq günəşin kürəyini vurur yerə
və 5 metr qarşıda,
qaranlıq bir kafe qarşısında
günəşə and içir
oğlu Bakı-Müharibə yolunda itkin düşmüş
üzündən qürubluq süzülən ata,
gözünə qəriblik muncuqları düzülən vətənpərvər,
nigaranlığın hər üzünü görmüş güzgü adam...
Bədəninin hər nöqtəsiylə üzgün adam...
Səhvlərlə bəzədilmiş batinən düzgün adam...
Üfüq günəşin kürəyini vurur yerə
və böyük bir qaranlıq udmağa çalışır şəhəri
yorğun işçilər Bizansa dönüşür bu halsızlıqdan
ceo və founderlər isə onlar üçün
yenicə yetkinləşmiş yeniçəri...
Bu çərçivədən çıxmaq,
burdan başqa dünyalar üçün darıxmaq,
yumruğunu sıxmaq və...
əllərini boşaltmaqla keçən bu ömür
bizi... öz içimizdəki ümidlərə gömür...
əslində
Sabahlar üçün xəyal qəpikləri yığır gizlində
bütün zəhmətkeş və zəhləmgetmiş adamlar...
Üfüq günəşin kürəyini vurur yerə
və səni yuxudan
oyatmamasını istəyirsən artıq
pəncərəni dələn işıltıların...
Sevincin inzivaya çəkilir.
...və qapı zəngini duymursan bəlkə də.
yuxuda da qaçırsan bu ölkədən...
Sevinirsən görəndə ki,
Günəş - o mələksima,
o daima
yanındadı.
...və oyanırsan.
Günəş kimi yanırsan
bu kor olası həqiqətə...
Üfüq günəşin kürəyini vurur yerə
və balıqçının balaqlarından su damır,
kor peşman təpikləyir qumsala dalğanı.
Qarmağa gəlmir daha balıqlar,
anarxistləşiblər...
Və gecə düşdükcə aclıq oyunlarında
götürməyə gedir qalxanı
qoca balıqçı...
Ona xorhaxorla gülür bir qayıqçı...
"Çox deyirdin, qarmaq tordan güclüdür deyə".
P.S.
Nə ola bu kor qayıqçı
"...bircə dənə bu balıqdan gəl götür" deyə...
...qaranlığın ən pik nöqtəsində
fırçanı dənizdə isladır,
quaşı gecədən götürür rəssam
və qımışır Günəşi düşündükcə:
"uduzan pəhləvan güləşə doymazmış..."
"sabah insanları günəşə doymazmış..."
...gecəni bilə-bilə...
İsa
İşlətdiyim bu sözlər necə sərsəmmiş, sərsəm
Nöqtə və vergüllərlə danışaram istəsəm
Su ocaqdan böyükmüş, yaşam eşqisə sudan
Sən Allahla xoşbəxtsən, mənsə sənlə məsudam...
Aşdı azadlıq payın, bitdi imtiyazın da
Nöqtən cümləndən böyük, ayaqların əlindən
Biraz xatırla məni, boğul söz dünyasında...
Suyun xoşbəxti balıq sürüşsə çəngəlindən...
Mən də qeybə qaçaram, öpüş versə İuda
Mən intihar edərəm sataramsa İsamı
Yoxdu burda Kavafis, Edip nə də Neruda
Söylə, ruhla ağıldan... necə qurum nizamı?
Romantika tanrısan! Qarşındaca əyildim!
Anlatdılar öləssən! İnan Allaha, inan!
Onsuz da mən ruhumdan başqa bir şey deyildim...
Nəsimi söylədim mən, yox başqa doktrinam!
Mənim şeirim rənglərin yeddi qarışığından
Söz ölməli, ölməsə qaçacaq çarmıxından
Lüsiferin kəfgiri qaynadır bizi sözsüz
Yox kiçik məzuniyyət, hansısa bir tənəffüs
İndi insanlar qısa sözcük ya şəkilçilər
Ya da uzun cümlələr, müəllimlər və dilçilər
İndi insanlar ölü, indi insanlar ölü
Redaktəyə meyilli, səhvli, əyri-üyrülü...
Günəşdən danışırıq... gözümüzdə sönüb nur...
Heç cür həyat oturmur şairlərin mətninə...
Çünki... şair dediyin ölmür, abort olunur
Bu dünyanın bətnindən, o dünyanın bətninə!
Dənizkənarı
Səhər 10:27
...
...sevgimi yansıtdığım qağayılar da anidən
hissə-hissə, dəstə-dəstə ləkələdi
ağappaq göy üzünü.
...dəniz, ən qəddar baxışlarımı götür..
Bu gün bir neçə balıqçını ac qoyduğunçün,
məndən sonra döy özünü...
Gecə saat 22:53
...
Soyuqdur. Qucaqla.
ƏIlərini cibinçün yox, ovcumçün saxla.
Dodaqlarında illərdir həbs etdiyin
sözlərə əfv fərmanı verib,
onlarla məni büründür...
Gecədir, gecdir, gözlərimə düşən işıltın
nura boyadı bozarmış çöhrəmi.
Qalx, mayakları söndür.
Noyabrın şeiri
Bir andaca küləklər yuxusundan oyanar
Bir qırıq ümid tozu düşər göz bəbəyinə.
Soyuq kəlmələriylə düz önümdə dayanar:
- Məqsəd fəsli gəlir bax, geyin səbəb əyninə.
Mənim duyğum ağlımı kölgələyib beləcə
Tam getmək havasında, addım basır əyləcə.
Mən artıq anlamıram, neçə söz var susduğum?
Hərflərim yağanda, dilim olur gölməçə.
Gəlir payız havası, bulud susuzdu susuz
Bunun yanvarı susuz, bunun avqustu susuz
Guya sakit gedirsən, heç bir şey də demirsən.
Bəs nədir bu qışqırıq? Bu qədər gurultu.. sus.
Sən şəhərin tozusan, dolmuşkən pəncərəyə
Mənsə divar küncündə - məhbusam hörümçəyə.
İçindəki cüzamdan sözlər qopub tökülür
yarımçıq cümlələrtək bu kimsəsiz küçəyə...
Kadrlara nəzər
(Sosializmə göndərmələrdən)
1. Onda hələ Yalıncıq
Beyrəyin qanlı köynəyini gətirməmişdi..
2. Onda hələ sığortalamamışdı "əlif zəbəd əə"-lərlə
Molla Sadıq behişti..
3. Onda kartoçkasını axtaran Vaqif də
qırçı olmaq istəyirdi aclıqdan
4. Onda həmin o tənha narı
tapmaq asan idi min ağaclıqdan...
1. - Gəldi..
Beyrəyin qanlı köynəyi...
2. - Gəldi.
Ruhanilərin cəhaləti canımıza...
Behiştin qoxusu gəlmədi həyat boyu
burnumuzun ucuna,
hədis və ayələrındən başqa...
3. - Gəldi.
Həmin zaman ki...
Vaqif qırçı oldu, başımızın üstü yağış...
Nə yağış dayandı, nə Vaqif qırçı ola bildi...
4. - Gəldi.
Sadıq axtardı ağaclığı...
"Burda nar deyə bir ağac yoxdur" deyildi...
Atası yenidən qayıtmadı, sanki Sadığın
müharibədən...
P.S.
Düşündüm ki,
bu qaramsarlaşmış günəş bəlkə də
kimsəsizliyin əlaltısıdır..
Bəlkə də..
hansısa kiçik ulduzların sabah qaraltısıdır sadəcə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!