Ata evinin divarı önündə
Qayıdıb səninlə üz-üzə durmaq,
Bir də üz söykəmək o daş sinəyə,
Dalıb keçmişlərə, möcüzə olmaq,
Yumruqtək tökülmək çaş-baş sinəyə.
"Niyə tanımadın, ay divar, məni? -
Səni öz əlimlə bəzəmədimmi?" -
Deyib, keçmişləri oyada bilmək,
Deyib, o illərə qayıda bilmək...
İsti qucaq açmaq o yetim qıza, -
Bir qədər sonrası... O həkim qıza, -
Sonrası o rəssam, o şair qıza,
O alim, müəllim... və sair qıza...
Demək, anlatmaq ki, sənin arzunam,
Çox da ki, bir qədər kövrək, məhzunam.
O vaxtlar çəkdiyin əzab sonuyam,
Ehtiyac, iztirab, əsəb sonuyam.
Mənəm ki, gəlmişəm aç qollarını,
Atıl ağuşuna, sarıl boynuma,
Qovuş varlığıma, qıvrıl qoynuma.
Səndən yox, özümdən uzağam indi,
Dindirmə, ağlağan uşağam indi.
Sənin əl izinin divar tozuyam,
Atamın, anamın yetim qızıyam.
İndi tanıdınmı, ay divar, məni?
Qoy gedim, ağlatdın o ki var məni.
2019
Tale
Məni Günəşdən sıxdı,
Məni buluddan sıxdı.
İçimdə şölə çəkən
Alovdan, oddan sıxdı.
Sıxıldım damla-damla,
Sıxıldım ətlə, qanla.
Dünya dolu adamla
Adəmdim, addan sıxdı.
Vardı anam, atam da,
Vaxt məni aldadanda.
Balaydım, bal dadında...
Böyüdüm, daddan sıxdı.
***
Hara deyirlər, desinlər, -
Siz üzü Günəşə gedin.
Təpə aşın, çay adlayın,
Tala keçin, meşə gedin.
Gedin bəxtinizə kimi,
Gedin vaxtınıza kimi.
Tapın taxtınıza kimi,
Hara getdiz, tuşa gedin.
Bədxahlardan üz çevirib,
Səbrinizə duz çevirib,
Ölçüb-biçib yüz çevirib,
Qəlbinizlə qoşa gedin.
Sözü
Söz ardınca çapar oldum,
Gah qapı, gah hasar oldum.
Hərdən elə bezar oldum,
Sındırdım qanadım sözü.
Saldı məni ayağına,
Yatdım hərdən oyağına.
Düşdüm isti-soyuğuna,
Ömrümə qaladım sözü.
İçərimdə qar-qış idi,
Gün-güzəran qarğış idi.
Qeybdənmi çağırış idi, -
"Bal" deyib, yaladım sözü.
***
Biz daha o günlərin
Uzaq görüşləriyik.
Acı ayrılıqların
Şirin görüş yeriyik.
İrimiz xırdalanıb,
Sirrimiz qurdalanıb.
Ömrümüz xırdalanıb,
Şükür yenə diriyik.
Sorduq vaxtın iliyin,
Yığdıq elmin, biliyin.
O ötən yüzilliyin
Övliyası, piriyik.
Tikinti şirkətlərinə
On yeddinci mərtəbəni
tikməyin, ağalar.
Qaldırın binanızı iyirminci,
otuzuncu mərtəbəyə,
ancaq
on yeddini tikməyin:
On yeddi yaşlıların ömrü
atılır on yeddinci mərtəbədən
lazımsız kağız qovluğu kimi, -
tikməyin on yeddinci mərtəbəni!
Ya da
tikirsiz,
on yeddincidən başlayın
binaları.
Ta ki, ən yuxarıda
birinci mərtəbə olsun:
Birincidə yaşamaq istəyən
olmadığı kimi,
oradan atılmaq istəyən də
olmaz,
güman ki...
Başlayın binaları
on yeddidən -
gələcəyin intiharını
azdırmaq üçün.
Görüş yeri
Məzunların "60 ildən sonra" görüşünə
Hər il yığışıb gəlirlər...
Gəlirlər
60 illik ayrılığı
yumaqlaya-yumaqlaya.
Guya ki, -
heç nə baş verməyib.
Guya ki, -
60 il keçməyib
o möhtəşəm
buraxılış ilindən.
...100 idilər o vaxt, -
60 il əvvəl.
Gələ-gələ azaldılar.
Gəlməsəydilər,
azaldıqlarını bilməyəcəkdilər
bəlkə də!
Hər gələndə -
5 nəfər...
Sonra -
10 nəfər...
Sonra - 20-30 nəfər birdən...
Və nəhayətdə
yenə gəldilər:
Bir nəfər -
99 nəfərlik xatirə ilə.
Həmin o görüş yerinə
iki damla göz yaşı düşdü
beli bükülmüş
ağsaçlı bir nəfərin
gözlərindən.
Düşdü və
99 yerə çilikləndi
iki damla
göz yaşı...
Yaşılımda
Yaşılımda
uşaq idim; -
qaça-qaça yeriyirdim
arxasında böyüklərin.
Yaşılımda
maraq idim; -
bu dünyanın
əməlinə
təməlinə,
əməllərin sirrinə-səmərinə.
Yaşılımda
budaq idim; -
çiçək-çiçək açılırdım
gülüşlərə,
gedişlərə-gəlişlərə.
Yaşılımda çıraq idim; -
işıq idim
tanışlara-bilişlərə,
qohumlara,
qonşulara.
Yaşılımda varaq idim; -
ağappaqdım
öyüdlərə,
öyüd verən
böyüklərə,
müdriklərə...
Qopub düşdüm yaşılımdan; -
yarpaq-yarpaq,
budaq-budaq.
Sönüb getdim yaşılımdan; -
işıq-işıq,
çıraq-çıraq...
Varaq-varaq
dünənləşdim,
ötənləşdim,
keçmişləşdim...
Baharı yox,
bəhəri yox səhra düzümü,
yaşamaq dözümüyəm
daha.
Bağışlamaq günahı
Nə qədər ki,
sizi bağışlamamışam,
mənimləsiniz, -
hisslərimin, duyğularımın,
əsəblərimin
ən zülmət guşələrində,
əlimdə
xatirələrinizdən od tutub
yanan amansız çıraq,
sizi gəzirəm,
sizi arayıram,
sizi anıram
zülüm-zülüm.
Bilirəm ki, bağışladım,
çəkilib gedəcəksiniz,
heç iziniz-tozunuz
qalmayacaq.
Yenə tək,
yenə tənha qalacağam.
Bir nifrət
anı səslədiyim
olmayacaq sizi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!