Darıxmaq
Darıxmaq...
Bu gecəgözü... - darıxmaq!
Sabah - dan üzü... - darıxmaq...
Meysiz, şərabsız darıxmaq...
Olur, qadam, olur...
Darıxıb açılır sabah...
Darıxıb düşür axşam!
Sıxılır küncə əhli-qəm.
Açılır qonça-qonça ah...
Dağılır evinə hərə...
Boğulur evdə darıxmaq!..
Tozlanır rəfdə - darıxmaq!
Tanrıya səcdə...
Darıxmaq!..
Eh, hər yeni cəhd də...
Darıxmaq!..
Darıxmaq... hər yan darıxmaq...
Soyuqda isti arzusu
İstidə soyuq... darıxmaq!
Bu bədən, bu can... darıxmaq!..
Pətək-pətək, yuva-yuva...
Ev-ev, oba-oba gəzir,
Bu soba-soba darıxmaq!..
Yanır adam...
Yanır!
Vallah dəmir ola yenə,
Kələyin kəsir darıxmaq...
Küləyə çevrilib dolur -
içində əsir... Darıxmaq!
Viranə yurda döndərir,
Bu şah, bu vəzir darıxmaq...
Danır adam!..
Bilmir ki, nə sirr...
Darıxmaq!..
Mən,
daha hər gün getdiyim yolları töyşüyürəm.
Piyada çəkib qəsdən uzatdığım yollar
miniklə də qısa gəlir ayaqlarıma...
Təvəllüdümün
dizlərimdən başlayan hücumu
qollarımda qələbəylə başa çatdı...
İndi ürəyimlə danışıq aparır
dəlisov ağrılar...
Köhnə körpü kimidi yuxularım...
Üstündən iməkləyib keçirəm hər gün...
Yay da bitdi, yaz da...
indi payızdan gedir...
Qışa tədarük görənlərin kefidi...
Mənə bir dilim od göndər,
qədim İnsan!
Badamı ömür
Açar qucağını intiharlara,
Bu dəli, bu dolu, badamı ömür.
Tovlayıb başına qayalıqların,
Atar Göy üzünə adamı ömür...
Çiskindi, dumandı, göz-gözü görməz,
Kim vurdu, kim yıxdı, sirrini verməz.
Nə yorular bir yol, nə nəfəs dərməz,
Aldadar qaçanı, tutanı ömür...
Əvvəli bələkdi, axırı bələk...
Gah ifritə olar, gah da ki, mələk.
Dördəlli tutsaq da sonda balıqtək,
Çıxar əlimizdən bu fani ömür...
Bu dəli, bu dolu, badamı ömür...
Eşq havası
Burnumda dəniz qoxusu,
Ayağım altında yer,
Başım üstündə səma...
Vurur ikimizi bir eşq havası!..
Sahildə balıqçılar tor atır
dənizə...
Sular tər tökür istidən
durduğu yerdə...
Gülüm, dəniz quşlarının
olmur yuvası...
Keçib gedir ağ donlu
Qızcığaz,
Mənsə
dilə tuturam hələ
burda xallı böcəyi...
şlyapasını qaçırır külək,
qoca dənizçinin...
əlimizdən sıyrılıb çıxır
gecənin yaxası...
Vurur ikimizi bir eşq havası!..
Tanrı olmaq çətindi
İlahi,
səni çağıran nə çox...
mən də biri!
Oturub sayıram ad günlərimi,
Bayaqdan bəri...
Göyə ağlın getməsin,
Yerdə nırx başqadı...
Hələ ki bu ömrə
Heç nə eləmir...
İlahi,
İlk səndən qorxmağı
öyrətdilər mənə...
çətinə düşəndə isə
qorxa-qorxa yalvarmağı...
sevməyi, dərdləşməyi
sonradan özüm öyrəndim.
Öyrəndim, amma bağışla,
Səni qorxa-qorxa sevirəm indi...
İlahi,
Səni heç kim görməyib,
amma çoxu tanıyır...
anam deyirdi ki,
qaçan da, qovan da
"Səni" çağırır...
Bilirəm,
işin çox ağırdı...
Axı hamı sonda hər işini
Sənə tapşırır!
Amma
heç kim Tanrı olmaq istəmir...
Tanrı olmaq çətindi...
Şəkil çəkirəm
Mən də bir cürə şairəm.
"Ah"la şəkil çəkirəm.
İnanmırsan gəl otur
Yoxla, şəkil çəkirəm...
Qoy qırağa kətanı,
Gey ruhuna butanı.
Ağrıyanda sağ yanım,
"Sol"la şəkil çəkirəm.
Bir az rəng qoy saçına,
Həmrəng olsun acına.
Bir söz qoy bəxt ucuna
Yolla, şəkil çəkirəm...
Hər yazılan söz deyil,
Hər görənə göz deyəm!..
Min üzü var dözməyin
Allah, şəkil çəkirəm...
Çıx işıqlı talaya,
Bax o müdrik qalaya.
Öd yalaya-yalaya
Odla şəkil çəkirəm!
Buraxdım qəmi getdi,
Azadlıq dəmi getdi...
Ürəyim məni satdı...
Baxma şəkil çəkirəm...
Kimsəsiz çöllərdən fit səsi gəlir
Duzu yuyulub getdi yağışla...
Şitləşdi bu gecə.
Əlinə alırsan sürüşüb düşür,
Yemək istəyirsən
çiydi bu gecə...
Ruhumu ürpərdir qurd ulartısı,
Yaxından,uzaqdan it səsi gəlir.
Yanımdan sürünüb gedən qatarın,
Kimsəsiz çöllərdən fit səsi gəlir.
Dolanıb qayıdır üstümə gecə,
Dayanıb elə bil qəsdimə gecə.
Nəfəsim havada quş tək uçuşur,
Bənzəyir yöndəmsiz bəstəyə gecə...
Allah, bu gecəyə yazığın gəlsin,
Allah, bu gecənin üzünə xoş bax...
Uzat qollarını al qucağına,
Bu dərdin içindən salamat çıxar...
Allah, mən kiməm ki, bir qarışqanın
Ovcunun içinə batır bu gecə.
Bir qadın ömrünü girov götürüb,
"Bir şair başını qatır bu gecə...".
Havaya oynayan qadın
İlahi,bir hava göndər,
Havaya oynayır bu qadın.
Yel vurur əsir ətəyi,
Davaya oynayır bu qadın.
Üzündən şəkli sürüşüb,
Ayaqlarından yerişi.
Ovcundan tikəsi düşüb,
Bəbəklərindən baxışı...
İzn ver əlini tutsun,
İzn ver oxşasın səni.
O ki, çoxdan unudub
Cavanlıq hikkəsini...
Soruş, adını da bilmir,
Soruş, gör haçandan gülmür...
Soruş gör kim öldürüb axı,
Qadınlar ölümlə ölmür!..
Oxşa bəyaz tellərini,
Bəlkə dərdi dağılar.
Bir gün tapıb səadəti
O yenidən doğular...
Xatirə axtarışı
Bu dünyada heç nə təzə qalmır...
Köhnəlir əyin-başın kimi
görkəmin də...
İşıqlarını söndürüb
enir yerə xəyalların,
Dua kimi qalxır göyə ahın...
İçindən qurd tapırsan
Bakirə arzuların...
Tıxanır boğazına
Bircə parça ümidin,
nə uda, nə də tüpürə bilirsən...
Yoldan keçənlər baxıb
elə köksünü ötürür.
Yanır dəli qürurun..
Eşib kül topasını xatırə axtarırsan...
Tapmaca
Məni bənd-bənd elə, sonra
Gəl aç tapmaca-tapmaca.
Dər-divanə olan dərdə
Əlac tapmaca-tapmaca.
Külək yenə dən sovurur,
Ruhu ruha tən sovurur.
Yenə nə tapıb sevinir,
Bu ac tapmaca, tapmaca...
Yeni-yeni divlər doğur,
Söylə cırtdanlar qalırmı...
Şeytan gəlin aparırmı
De heç tapmaca-tapmaca?..
Son da sona çatmaq deyil,
Sevmək, qəlbə yatmaq deyil?!
Bu insan yaratmaq deyil -
Allah...
Tapmaca... tapmaca...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!