DİLSUZ
BİR İŞ VAR
Hər zaman
bu qədər gözəlmi
bu dəniz?
Hər zaman
beləmi görünür göy üzü?
Hər zaman
bu qədər gözəlmi
bu qapı, bu pəncərə?
Yox, vallah, yox,
Deməli,
bir iş var bu işin içində...
ƏLİ VƏ ƏHMƏDİN HEKAYƏSİ
Çox qəribə hekayəsi var
Əli ilə Əhmədin:
Biri kənddə yaşayır,
Biri şəhərdə.
Və hər səhər
Şəhərdəki kəndə gedər,
kənddəki şəhərə...
MÜFTƏ
Müftə yaşayırıq, müftə;
Hava müftə, bulud müftə;
Dərə-təpə müftə;
Yağış müftə, palçıq müftə;
Avtomobillərin
içi yox, çölü müftə;
Kinoteatrların
içi yox, çölü müftə;
Mağazaların
vitrinləri müftə;
Pendir, çörək deyil,
acı su müftə;
Azadlıq baş bahasına,
əsirlik müftə;
Müftə yaşayırıq, müftə.
ÇOX ŞÜKÜR
Çox şükür,
insan var evdə;
Nəfəs var,
Ayaq səsi var,
Çox şükür, çox şükür.
MAQQAŞLI ŞEİR
Nə atom bombası,
Nə London konfransı;
Bir əlində maqqaş,
Bir əlində ayna -
Vecinə də deyil dünya.
DEYİL
Bilmirəm ki, necə anladım,
Necə, necə, sizə dərdimi.
Bir dərd ki, ürəklər acısı,
Bir dərd ki,
düşmən başına da gəlməsin.
Eşq yarası desəm, deyil,
Çörək parası desəm, deyil.
Bir dərd ki...
Bir illət ki...
Bir mirət ki...
Tab gətirmək mümkün deyil.
* * *
Niyə, niyə liman deyincə
ağlıma dirəklər gəlir,
Niyə, niyə dəniz deyincə
ağlıma yelkənlər gəlir?
Niyə, niyə
Mart deyincə - keçi,
Haqq deyincə - insan
gəlir ağlıma?
Və niyə qoca dəyirmançı,
əstəğfürullah,
şəkk etmədən
inanır Allaha?
Və niyə küləkli havalarda
Yağış,
elə hey çəpinə yağır?
BİZİM KİMİ
Əcaba,
bir tank
nə görür yuxusunda
və bir təyyarə
nə düşünür
tək qaldığı zaman?
Həp bir ağızdan
türkü oxumağı
sevməzmi qaz maskaları
Ay işığında?
Və tüfənglərin
mərhəməti yoxdurmu,
heç olmasa, biz insanlar qədər?
CAVAB
Aclıqdan bəhs edirsən,
Demək ki, kommunistsən.
Demək ki,
bütün binaları
sən yandırmısan,
İstanbuldakıları da,
Ankaradakıları da...
Vay... Nə donuz imişsən sən!
BAYRAQ
İxtisarla
Ey müharibə meydanında
Ovucları qanımla dolan,
Başı bədənimin altında,
Ayağı qolumun
üstündə qalan
Və cansız halda uyuyan,
insan qardaşım,
Nə adını bilirəm,
Nə günahını...
Bəlkə eyni ordunun əsgərləriyik,
Bəlkə də, düşmənik, kim bilir...
Bəlkə də, tanıyırsan:
Mən İstanbulda şərqi söyləyən,
Hamburqda
təyyarə qəzasına uğrayan,
Majinoda yaralanan,
Afinada aclıqdan ölən,
Sinqapurda
əsir düşən adamam.
Alın yazımı mən yazmadım.
Amma, ən azı,
alın yazımı
yazanlar qədər bilirəm
Çiyələkli dondurmanın dadını,
Caz musiqisindəki fərəhi
Və məşhur olmanın əzəmətini.
Sən də nemətləri
pis tanımırsan, sanıram:
Çay,
Kökə,
Zeytun yağı sürtülmüş enginar,
Mayonezli kəklik,
Bir qədəh
Black and White viski…
İnsan qardaşım,
İyirmi illik yürüş
bir güllənin hökmü ilə
Xarkov çöllərində sona yetdi.
Qismət…
Nəsibimiz bu imiş…
Amma bir bayraq
gətirdik buraya qədər.
İnşallah,
daha da irəliyə apararlar…
DAĞBAŞI
Dağın başındasan;
Günün - dərd, günün - həsrət,
Axşam olmuş,
Günəş batmış,
İçməyib də nə edəcəksən?
DEDİ-QODU
Kim dilə-dişə salmış məni -
Süleyhaya vurulmuşam deyə?
Kim görmüş, kim,
Elifi öpdüyümü,
Yol kənarında
günün günorta çağı?
Əvvəl Məlahəti almışam,
Sonra da Tükəzbanı, eləmi?
Kimin qolunu
çimdikləmişəm tramvayda?
Hə, bir də, guya,
Qalata körpüsünə dadanmışam,
Axşam-səhər demədən ordayam...
Çək,
atam, anam,
bunların üstündən
bir qələm çək...
Bir gün
Nihalı bir qayığa mindirib,
Türkü söyləyə-söyləyə
Günəşin doğduğu
yerə gedəcəyəm...
QÜSSƏLƏNİRƏM
Məktub alıram - qüssələnirəm;
Mey içirəm - qüssələnirəm;
Üsküdarda
"Kazımın türküsü"nü oxuyarlar -
qüssələnirəm.
Nə olacaq bunun axırı?
Bilmirəm... Bilmirəm... Bilmirəm...
KÖLGƏM
Usandım
illərdir sürükləməkdən
səni yanımca,
Bir az da
bir-birimizdən
ayrı yaşayaq -
Sən təkbaşına,
Mən təkbaşıma...
GÖZƏL HAVALAR
Məni bu gözəl havalar məhv etdi,
Belə havada
ərizə yazdım,
çıxdım işdən,
Belə havada alışdım
siqaret çəkməyə.
Belə havada aşiq oldum.
Belə havada unutdum
evə duz-çörək aparmağı.
Belə havada şiddətləndi
şeiryazma xəstəliyim.
Qərəz,
bu gözəl havalar
məhv etdi məni.
HÜRRİYYƏTƏ DOĞRU
Gün doğmamışdan,
Dəniz hələ masmaviykən
çıxacaqsan yola,
Əllərində kürəkdən
bərk-bərk yapışmaq ehtirası,
İçində bir iş görməyin sevinci,
Gedəcəksən,
Suların çalxalandığı yerdə
Balıqlar çıxacaq qarşına,
Sevinəcəksən.
Toru silkələdikcə,
Dəniz gələcək əlinə, pul-pul.
Birdən üfüqdə -
qağayıların ruhlarının
susduğu yerdə
qiyamət qopacaq!
Dəniz qızımı deyirsən,
su pərisimi deyirsən,
Bayramlarmı,
Seyranlarmı deyirsən,
Tellərmi,
Duvaqlarmı deyirsən,
Eheyyy?
Düşünmə ki,
arxada gözləyənin var -
At özünü dənizə!
Dörd yanın hürriyyət!
Qayıq ol, yelkən ol,
balıq ol, su ol,
Get
gedə bildiyin yerə!
İNTİHAR
Kimsə hiss etmədən ölməliyəm,
Ağzımın kənarında
Bir parça qan olmalıdı.
Məni tanımayanlar
"Mütləq birini sevirmiş"
deməlidilər,
Tanıyanlar isə: "Zavallı,
neyləsin, çox səfalət çəkdi..."
Amma əsl səbəb
Bunların heç biri olmamalı.
BİRDƏN-BİRƏ
Hər şey birdən-birə oldu:
Göy üzü birdən-birə,
gün işığı birdən-birə,
qırmızı birdən-birə,
mavi birdən-birə.
Hər şey birdən-birə oldu:
Burdən-birə
qalxmağa başladı
duman torpaqdan.
Hər şey birdən-birə oldu:
düymə birdən-birə,
tumurcuq birdən-birə,
meyvə birdən-birə.
Hər şey birdən-birə oldu:
oğlan birdən-birə,
qız birdən-birə,
yollar birdən-birə,
səhralar birdən-birə,
pişiklər birdən-birə,
İnsanlar birdən-birə...
Eşq birdən-birə oldu,
Sevinc birdən-birə.
SARI SAÇLI ÇOCUQ
Döyüşə gedən
sarı saçlı çocuq!
Belə gözəl-göyçək də dön;
Dodaqlarında dəniz qoxusu,
Kirpiklərində duz -
Döyüşə gedən
sarı saçlı çocuq!
HƏYAT BELƏDİR ZATƏN
Bu evin bir köpəyi vardı,
tükü qıvırcıq-qıvırcıqdı,
adı Consondu,
öldü.
Bu evin
bir də bir pişiyi vardı,
adı Maviş,
günlərin bir günü
yoxa çıxdı.
Bu evin bir qızı vardı,
suya getdi,
sudan gəldi,
gəlin oldu.
Bu evin bir kiçik oğlu da vardı,
Sinifdən-sinfə keçdi,
maşallah.
Bu evin, nə deyim,
bu bir il içində
başına gələnlər çox oldu,
acıdan acı, şirindən şirin…
Həyat belədir zatən.
HOU LU-LU
İstərəm mənim də
əcaib isimləri
heç eşidilməmiş
zənci arkadaşlarım olsun,
Onlarla
Madaqaskar limanlarından
Çinə qədər səfər edim.
İstərəm içlərindən biri
Gəminin göyərtəsində
ulduzlara baxıb,
"Hoy lu-lu" türküsünü
oxusun hər gecə.
Və bir gün qəfildən
birinə
rast gəlmək
istərəm Parisdə...
* * *
Dənizlərimiz var -
günəş içində,
Ağaclarımız var -
yarpaq içində,
Səhər-axşam gedib-gələrik
Dənizlərimizlə
ağaclarımızın arasında.
QATAR SƏSİ
Qəribəm,
Nə bir gözəl var,
ovutsun könlümü
bu şəhərdə,
nə də bir tanış çöhrə.
Bir qatar səsi eşitdimmi,
İki gözüm -
İki çeşmə.
SİZİN ÜÇÜN
Sizin üçün, qardaşlarım,
Hər şey sizin üçün,
Gecə də sizin üçün,
gündüz də.
Gündüz gün işığı,
gecə Ay işığı,
Ay işığında yarpaqlar,
Yarpaqlarda maraq,
Yarpaqlarda ağıl,
Gün işığında min bir rəng,
Sarılar da sizin üçün,
pəmbələr də.
Bədənin ovucdakı
yumşaqlığı,
istiliyi,
yuxudakı rahatlıq,
Səhər-səhər
mərhabalar sizin üçün,
Sizin üçün limanda
yellənən fənərlər,
günlərin adları,
ayların adları,
qayıqların rəngi sizin üçün,
poçtalyonun çantası sizin üçün.
Alınlardan axan tər,
Cəbhələrdə atılan güllə,
Sizin üçün məzarlar,
məzar daşları,
Həbsxanalar,
qandallar,
edam cəzaları,
Sizin üçün,
Hər şey sizin üçün, qardaşlarım.
ROMANTİKA
Ağlasam, səsimi duyarmısınız
misralarımda?
Toxuna bilərsinizmi göz yaşlarıma
əllərinizlə?
Bilməzdim türkülərin
bu qədər gözəl,
sözlərin bu qədər
gücsüz olduğunu,
bu dərdə
düşməmişdən əvvəl.
Bir yer var, bilirəm,
Orda,
Hər şeyi demək mümkün.
Yaxınlaşıram, yaxınlaşıram...
Amma deyə bilmirəm.
BAYRAM
Bu gün top atılarkən
Evdən qaçıb,
İstiqlal caddəsinə gedəcəyəm,
Qarğalar, nə olar,
Anama deməyin:
Sizə halva alaram,
Kökə alaram, şirniquşu alaram,
Sizi yelləncəyə mindirərəm,
Alın,
yumru daşım da sizin olsun -
Qarğalar, nə olar,
Anama deməyin,
Bu gün top atılarkən
Evdən qaçıb,
İstiqlal caddəsinə gedəcəyəm.
GÜN OLUR
Gün olur,
Dənizdən yenicə çıxmış
torların yosun ətrinə
qoşulub gedirəm,
O ada sənin, bu ada mənim.
Dünyalar var, ağlınıza da gəlməz,
Çiçəklər gurultuyla açar,
Gurultuyla qalxar
buğ torpaqdan.
Hələ qağayılar, hələ qağayılar,
Zeytun gözlərində təlaş, təlaş...
Gün olur,
təpədən-dırnağa mavi,
Gün olur,
təpədən-dırnağa günəş,
Gün olur, heç nə, dəli kimi...
QUYRUQLU ŞEİR
Bizimki tutmaz, qardaşım,
Sən ciyərçi pişiyi,
mən küçə pişiyi.
Sənin yeməyin qalaylı qabda,
Mənim yeməyim aslan ağzında.
Sən yuxunda eşq görürsən,
Mən sümük.
Amma sənin işin də
asan deyil,
Asan deyil, yəni,
Allahın verdiyi
hər gün quyruq bulamaq.
MACƏRA
Kiçik idim, lap kiçik idim,
Qarmağı atdım dənizə;
Bir ürpəşdi,
bir ürpəşdi balıqlar -
Dənizi gördüm.
Bir çərpələng düzəltdim,
telli-duvaqlı,
Quyruğu göy qurşağı rəngində,
Uçurtdum havaya -
Göy üzünü gördüm.
Böyüdüm, işsiz qaldım,
ac qaldım,
Pul qazanmaq gərəkdi,
Girdim insanların arasına,
İnsanları gördüm.
Nə yardan keçərəm, nə səndən,
Nə dənizdən, nə göy üzündən.
Amma...
İmkan vermir keçim dərdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!