Sahilim
Vəli Səyyadiyə
Armudu istəkan
nəlbəkidə titrədi,
Oğlun, maşallah, əvvəlkindən
ucaboy görsəndi,
Silinibsə, sürücülük vəsiqənin
sıra nömrəsi,
Qurtarıbsa bu evin
həm pulu, həm üzərliyi,
silinibsə nərd zərinizin rəqəmləri,
Qorxudan divara dırmaşırsa
küçənizin bütün ac pişikləri,
Qardaşın heç kimə etibar etmirsə
qazamatdan gətirdiyi
qara təsbehi...
Sənə verəcəyim son təsəlli
Bax bu... bu... bu, əbədi mənzərəmdi:
"Bu dünyada tənha bir insanla
tənha itin ayaq izləri,
insan hissləri
uzanıb gedər,
Dənizə qədər"...
Soruşsan,
O tənha kimindi? Nəyindi?
Heç... nə əmimdi,
Nə uduzmuş vəkilimdi...
Bu, nə arxadan çəkilmiş öz şəklimdi...
Orda, yanmır, sönür bütün kibrit çöpləri,
Orda, külək dartır,
boşaldır bütün düymələri...
Orda yarımçıqdı,
qırıqdı bütün həyat cümlələri....
Bu... bu... mənim əbədi sahilimdi!!!
Bu dünyada tənha bir insanla,
tənha itin ayaq izləri,
İnsan hissləri
uzanıb gedər...
Dənizə qədər!!!
Qara Sevda
Robot Sofiyaya
Xəyallarımın o modern qadını,
demədi...demədi mənə öz adını...
Kufi-kufi,
ey yarımsufi, yarımhürufi
müasir övliya, səyyar mumya,
müqəddəs Sofiya,
səni də gətdilər gəlintək Bakıya...
Guya, guya
adaxlıların sığmırmış bir siyahıya.
Vəssalam, uğrunda əl atdıq tapancaya...
Sonra,
masadakı son bilyard daşına,
Moskvadakı qulağıtüklü bir oğrubaşına
uzaq məsafədən sarsıdıcı zərbə dəydi...
Tapanca məndəydi...
Sonra, kölgən düşdü
nənəmdənqalma son brilyant qaşına...
Sonra,
qara sevdamıza, yanağındakı qoşa xalı,
uzun gecələrimizə, bütün ulduzları,
sonra, fincanıma yuxu dərmanı
damızdırdın,
damcılatdın
gizlincə...
sonra, telefonunu açıb
danışdın birisiylə ingiliscə...
Tüpürüm bu təkulduzlu gecəyə,
bu təkbuludlu Aya,
səmaya,
sevgi proqramını Hollivudda yazan
əclaf proqramçıya!
Get, mənə lazım deyil
sən kimi ağappaq maya!
bizdə buna
qara sevda deyərlər,
qara sevda...
Xəyallarımın o modern qadını,
demədi...demədi mənə öz adını...
Son balet
Orxan Camala
Neylon paket, qalxıb
quşlardan da
yüksəyə uçdu.
İndi neynək, odu...
odu,
səmalarımızın dəli qaranquşu.
İçinə özünü qoyub
bükdün göylərin ovcunu.
Hə, budu... budu
qismətimdəki
qu quşlarının son baleti,
son oyunu.
Bu qədərmi cılızlaşıb
Zəmanəmizin Simurq quşu?
Tamaşanın quruluşçu rejissorunu
inan, bağrıma basardım,
Göz açınca, görərdim qarşımdadı
Axillesin qanlı topuğu.
Bəlkə dirilib üstümə gəlir
uşaqkən qovub çərlətdiyim sərçənin
qara tabutu?
Orxan Camalın Afrikadan gələn
narahat ruhu?
Özüm duydum,
Soyumurdu, dəmir tabutundakı Afrikanın
həm cəhənnəm, həm Prometey alovu.
Mənlə, çərpələng uçurdan
yeganə insan səndin,
Nooldu birdən səndələndin?
Çərpələngimizin ipini Afrikanın
ən quru ağacına düyünləyib
yerə sərildin...
Kremlin aşpazına,
əclafların keçəl başına
dünyanın ən çopur daşına
çırpıldın birdən-birə...
bilə-bilə, gülə-gülə
Getdin dünya hannibalizminin
düz göbəyinə.
Göydə bədirli Ayı,
yerdə, ağ kəlağayı...
mənim kimi solaxayı
tənhalıqda qoyub getdin.
Dedin,
ulduzlar parlaqdı orda...
Cəsədini çaqqallarla qatillər birgə gəmirdi
son kadrda.
Legioner Otello
Yüzminlik stadion
birboğazdan qışqırır "hello! hello!"
sənmisən...sənmisən, bratello
müasir Otello?
Şekspirin özüm olacam,
Parlamentin ilk oxunuşunda
təsdiqlənəcək bu filfilo.
Bil, bu ölkədə
arvadların yazdığı cadu duası,
kələm, yarpaq dolması,
Şəki halvası,
futbolçuların diz yarası
eyni qaydayla
sarınır, bükülür...
Gözlərimizin yaşı tökülsə də,
böyrəklərimizin daşı tökülmür.
Eyyy Otello,
sənlikdi, milli bayrağımız, haqqımız,
Azpərimiz, Gülçöhrəmiz,
bizim Dezdemona Tello...
bizim etno...
bizim bu Zorrosuz sombrero...
İlk tüstüdəcə saraldı
siqaretimin qalın kötüyü,
ilk öpüşdəcə açıldı
bir gözəlin uzun hörüyü...
hər evin hər soyuq ütüsü
sənə, ölü məhəbbətlərdən danışar
Amansızdı, insansızdı burda
depoya tələsən son qatar...
Baxma, bizim bu köhnə
taxta nərdivanlar,
bəzən yadplanetliləri də
o dünyaya aparıb qaytarar...
bizim bu sısqa ağaclar,
bəzən, dalğalanıb,
küləyə də öz mikrofonunu uzadar...
Bu vaxt çaşar
Fransadakı hakim iqtidar!!!
oyna...burda tam şansızdı
mən kimi hələ uşaqkən
uduzmuş qapısız futbolçular...
Küləyin ilk həmləsi,
ərəbin ilk dəvəsi
gəmirdi mənim otumu
Uşaqkən gərək itirməyəydim
öz qırmızı topumu...
Faust
O, girərmiş evlərə,
vurçartlasın keflərə,
sonra məxfi seyflərə.
Nağılı tam özü yaşayıb,
rol verməzdi divlərə.
Möhürdəki silinmiş hərflərə
o, rəmzini
həkk edərmiş,
sözün, güzgüyə deyərmiş,
özün, deşifrə edərmiş
lap ey, lap axırlarda,
gecə operalarında.
Zülməti bıçaqlayan
Ay parıltılarında
onu hamı özünkü bilərmiş,
o, həmişə şəkk edərmiş,
al şərabı, badələrdən yan süzərmiş,
Kölgəsindən ayrılıb,
qadınlardan öyrənərmiş
həyatın cik-bikini,
cürətlənib dəyişmişdi, hətta
bir dəfə xristian təqvimini!!!
Bir dəfə, hətta,
uzanıb tabutda.
Görüb əclafdı usta,
dəlik var tabutda,
üstəlik, dostu səfehdi,
əl telefonunu unudub burda...
Əsəbləşib, tüpürüb o dünyaya,
söyüb bu tamamsegaha.
Ruslar, həyatlarının lap...lap ey axırlarında,
yazıçı Konstantin Paustovski adını
kitab başlıqlarında
qəfil "Faust+ovski" kimi oxuyanda,
qəfil diksinib ayılanda,
o Faustu axır aşkarlayanda,
görərdilər, kimsə od vurur ot tayalarına,
millət, qoşulub gedir
günbatanın al şüarlarına...
Bu...bu, şifrəli cığal kəlmə,
çox, çox təhlükəliymiş
sən demə...
Eşit...bilmə...
Oymuş "Qızıl güvə"...
Gizli qüvvə.
Əhməd haradadır?
Toy kasetlərini geri fırlayıb,
bəzilərin xarablayıb
zülməti, Ay ilə imzalayıb,
ulduzları bir də...bir də
təzədən sayıb,
birini yaddan çıxarıb,
mən də... mən də,
öz Əhmədimi axtarıram.
Zivədəki ağlar köynəklərindən
göz yaşlarını tanıyıram.
Yaxşı, bu Əhməd
indi hardadı?
Hardadı?
Ekvator xəttindən də uzaqdadı?
O, "sevirəm!" sözünün
axırını çox uzadar,
fotoalbomundan fotoları
qəfil qoparıb cırardı.
Yük maşınlarına dərdini yükləyər,
özü, sürücünün yanında oturardı.
Təkərləri yatırdardı.
Cibində bıçağı vardı.
Bir dəfə o tapıldı...
Adı filmə düşdü, tanındı.
"Sevirəm!" sözünün
adi tələffüzünə qayıtdı.
Hardadı indi bu
gəncliyimizin Sindibadı?
Bu dəfə
birdəfəlik ayrıldı o bizdən.
Su, göz yaşına çevrilib
damcıladı iti çənəsindən.
Avtoşların yoldakı izlərindən, hisslərindən
birisi, ən irisi, ən dirisi
bil, onunkudu...
O, ən sonuncudu...
Axtar, tap onu indi
Qobustan qayaüstü
rəsmlərindən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!