"Edebiyyatqazeti.az" xalq şairi Fikrət Qocanın yeni şeirlərini təqdim edir
Yıxılmaq adamın işidi
Kim ki sağlam kişidi,
Yıxmaq - yıxılmaq da
Onun işidi.
Kim deyirsə yıxılmaq ayıbdı,
Dünyada yıxılmayan adam olmayıbdı.
Yıxılıb qalxmayan,
Yıxılıb özünə yenidən baxmayan,
Yıxıldığını faciə sayan
İnsan qoymasın adın.
Ondan nə kişi olar, nə də qadın,
O hələ ağıla dolmamış uşaqdı,
Ya da Banan ölkəsində Padişahdı.
16.03.2017
Bahardı
İsti bahar yağışı yağır,
Elə yaxşı yağır,
Dərdim böyükdü,
Özümü saxlıya bilmirəm,
Amma ağlaya bilmirəm, -
Yağış peşman olar.
Zərif çiçəklər açır,
Gün altında güllər
Az qala kəpənək olub uçur.
Dərdim kirpiyimdə yağış olar,
Amma ağlaya bilmirəm
Çiçəklərin rəngi solar.
Yurdumda ən gözəl bayramdı,
İnsanlar hərəsi
Bir müqəddəs bayraqdı.
Allahım, ölüm haqdı,
Mənə dözüm ver, dərdim
Üzümdə bilinməsin.
Məni görüb heç kəsin üzündən
Təbəssüm silinməsin.
19.03.2017
Mələklər
Hərəmiz bir arzudan, diləkdən doğulduq,
Hərəmiz ağ qanadlı bir mələk olduq.
Kainatda ən müqəddəs musiqi
İnsan səsi idi.
Yürüyümüz ulduzlardan asılmış
Yer kürəsi idi.
Bildiyimiz iki söz vardı -
Ağlamaq, gülmək.
Mələk idik, ağ qanadlı mələk.
Atamız, anamız
qırdı qanadımızı.
Dəyişdirdi adımızı.
Kürəyimizə möhür vurdu.
Dedi: Mənimsən!
Dedim: Allah yaradan insanam.
Mənimsən - dedi - atam, anam:
- adın Fikrətdi, İvandı, Condu.
Dedim: - Hamımız Yer kürəsininik,
Həm də səninik.
Hamını bir Allah yaradıb
Hamı bir candı...
Hərəni bir ünvana bağladılar,
Hərəni bir zamana bağladılar.
Yığdılar millət-millət,
Mərtəbə-mərtəbə,
Təbə-təbə.
Dedilər, Allah birdi,
Amma hər kəsin ayrı dini olmalıdı,
Hər kəsin ayrı dili olmalıdı.
Bunu anlamaq üçün
Adam bir az dəli olmalıdı.
Ayrı-ayrı dinlərdə, dillərdə,
Günlərdə, illərdə, minillərdə,
Allahdan haqq, ədalət mərhəmət,
Məhəbbət diləyirik.
İnsandan insana
Mərhəmət dilənirik.
Hamı hər şeyi qanır,
Bəziləri hələ mələk olduğuna inanır.
Qananlar bir-birinin
Üzünə baxmağa utanır.
Hamımıza günəş yanır.
Yer kürəsi hələ ki,
Fırlanır, dolanır,
Dolandırır bizi,
Bizi, Yaradan özünə oxşadıb.
Hamı öz içində tənhadı, təkdi,
Hər kəs elə bilir hələ Mələkdi...
Sorğuya tut öz əllərini,
Araşdır əməllərini.
Unutma şeytan da bir mələkdi.
20.03.2017
Cavabsız suallar
Bu dünya belədi,
Hamını ələdi,
Kəpəyini kəpək elədi,
Ununu un.
Nəyə gərəkmiş bu oyun?
İçimdə bir yetim quzu mələdi:
"Bu dünya niyə belədi? Mən nə edim?"
Mən də baş açmadım,
Nə də baş götürüb qaçmadım,
Sənə nə öyrədim -
- dedim -
İcazə ver yolumu gedim.
24.03.2017
Güldü, güldü, gülünc oldu
Gülə bilməyənləri güldürür şərab,
Özünə gəlir, deyir-gülür.
O qədər güldürür gətirməyir tab,
Gülə-gülə girinc olur.
Axırda el içində gülünc olur.
25.03.2017
İnsana bu yaraşır
İtən, oğurlanan
Əlindən zorla alınan,
Hər şey
Adamı yandırır ey!
Dəyərindən çox yandırır!
Hərdən adamı yolundan dayandırır.
Güclülər özünü
Bu qorxunc yuxudan oyandırır.
Yolunu gedir,
Yaşamağa davam edir;
Dağlı-dərəli yolunu aşır.
İnsana da bu yaraşır,
Yaşa, canım, yaşa!
26.03.2017
İnsan
İnsanın başı bilikdi.
Ən yaxşı yol yoldaşı bilikdi -
- Amma yaxşı bilikdi.
İnsanın başı
Ömür yolunun işığıdı.
İnsanın ürəyi
Üzünün nuru, yaraşığıdı.
İnsanın qanadları əlləri,
Gözəl əməlləri.
Bütün yaranmışlar insan aşiqidi.
İnsan da aşiqdi öz yarına,
Fərqi yoxdu tox qarına,
Ya ac qarına.
Qarın adamı aparır qul bazarına.
27.03.2017
Məni üz-üzə qoyma
Oğlum dünyaya gələndən
Taleyim,
Sən məni apardığın
yolla gedirdim.
Özümü nə vaxtsa
Ondan ayrılmağa öyrədirdim.
Yoluma çıxan hər şeyə
şükür edirdim.
Taleyim, nə oldu sənə?
hər şey döndü tərsinə,
Birdən dönüb
ayrı hava çaldın.
O getdi, mən qaldım.
Həmişə deyərdin darıxma
dünya gəldi-gedərdi...
Niyə məni qoca vaxtımda
yoldan saxladın?
Boynuma yüklədin bu boyda dərdi?
Doğru deyirlər:
"Həmişə çəkən öküzü döyərlər".
Üstümə gəlir yer, göy...
Yaxşı döyürsən, döy!..
Amma sonuncu qırmancda,
damlada əl saxla!
Məni üz-üzə qoyma
Yaradanla, haqla, Allahla.
29.03.2017
Allah işidi
Haqsızlıqlar
Susanı dindirmək üçündür,
Dilini açmaq, deyindirmək üçündür.
İnsanı cin atına mindirmək üçündür.
Alçaqları qaldırmaq,
Yüksəkləri endirmək üçündür.
Həyata fərqli don
geyindirmək üçündür.
Hərdən lap çaşırsan
kim ağıllıdı, kim dəlidi.
Bu işə də gərək qarışmayaq
Bu da yaradanın
Bizə dərsidi,
öz əməlidi,
Bütün bu düzənləri pozan,
Pozulanları düzən
Onun görünməz əlidi.
O varlığı idarə edir...
Sən öz yolunu get.
Heç olmasa özünü idarə et!
Ümidim var
Metiorit də yolundan dönə bilər,
Yolda dayana bilər.
Adam Venesiyada da
Susuzluqdan yana bilər.
Adam öləndən sonra da
Yuxudan oyana bilər.
Yaşayıramsa, hələ ümidim var.
Ümidin bitən yerində
Sən həddini aşma.
Orda yalnız Allah var,
Sən danışma.
31.03.2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!