Küləyin əlindən gizlənir şəhər, bomboz bozarıbdı oturacaqlar... - Rizvan Nəsiboğlu - şeirlər

 

Hələ də bilmirsən varam, ya yoxam,

İzimi qar döyüb izlər içində.

Bircə baxışımdan bilərdin məni

...İtirdin gözümü gözlər içində.  

 

Xəyalın hələ də budaq-budaqdı,

"don vurub" saçını oxşayan əli.

 ...Səninçün sonuncu dayanacaqdı,

Bu sevgi mənimçün eşqin əzəli.

 

Hələ yamyaşıldı içimdə bu qəm,

Bəlkə ilk sevgidi, ləngiyib bir az.

Yüz ildi qəlbinə yollar gəzirəm,

Geri qayıtmağa zamanım olmaz.

 

Duyğulu sinəmdi buludlu göylər,

Bəlkə bu sevgini atıb, danışan?

Bircə yol gözünü yuxuma göndər, -

Bilim ki, sən  məni unutmamısan.

 

Bayram qüssəsi

Nəsə...bayram

Günlərində darıxıram.

Gedən yox, gələn yox,

Yollar üşüyür,

Avtobus boş gedir, qatar boş gedir.

Dənizə baxıram, sular üşüyür,

Küçə işıqları qəmə tuş gedir.

 

Küləyin əlindən gizlənir şəhər,

Bomboz bozarıbdı oturacaqlar.           

"Kinoya" baxırlar mənzildəkilər,

Yağışa bələnib dayanacaqlar.

 

Ağaclar hər biri qüssə heykəli,

Altında itlərin avarası var.

Elə bil buludlar yerə söykənib,

Yağışı gəzdirən arabası var.

 

Döyür pəncərəni dəli damcılar,

Seyrəlib küçənin adamı tamam.

Soyuq sevincimə qüssə sancılar,

Yağışın altında qərib qalmışam.

 

Bu qəmin adını kim deyəcək, kim?

Bəzən sükutun da havası kəsir,

Neçə küçəsini çətin keçdiyim, -

Tünlüyü, sıxlığı harada gəzim?!

Boşluq qalır

Uyuşmayan iki sözün,

Arasında boşluq qalır.

Yetişməyən fikrimizin,

Mənasında boşluq qalır.

 

Gül bədəni sıxar evdə,

Tel oynayar sıqqa mehdə.

Çəmən titrər zərli şehdə,

Sırasında boşluq qalır.

 

Küləyə vermə adını,

Yamyaşıl saxla yadını.

Sevən kişinin, qadının -

Sevdasında boşluq qalır.

 

Gecələr ömrün xəlvəti,

Günəş göyün səxavəti.

Göylər danışan söhbətin, -

"Xatasında" boşluq var.

 

Əl çaldıq yaxşıya, pisə,

Tələsdik bu yaman, dərsə.

Oynadığımız nədisə,

Havasında boşluq qalır.

 

Anama

Az qalır şəkil danışa.

O baş daşındakı şəkil.

Anamın lap özüdü ki, -

Bu göz yaşımdakı şəkil.

 

Hardaydı, hardan boylanıb,

Qış qışlayıb, yay yaylanıb.

Hələ növbəyə dayanıb,

Göz yaddaşımdakı şəkil.

 

Bu başdaşı, bu o, bu mən,

Anasından ayrı Qu mən.

Qəbrini öpdüyüm dünən

Adam-qarşımdakı şəkil.

 

Qorxdum əl vuram yox ola,

Dərd yumşala, qəm dağıla...

Sevindim, bəlkə sağ ola -

"Ana yaşında"kı şəkil.

 

Qış şeiri

Ürəyim atlanır təbiət üçün,

Dərə görüşünə, düz görüşünə.

Qara buludların sevişməsi var,

Yollar yüyürəcək buz görüşünə.

 

Əl-əldən ayrılıb, göz-gözdən uzaq,

Qəlbimiz titrəyir, bir səsdən uzaq...

Qalmışıq Eşq adlı bir dərsdən uzaq,

Ömür qalmayacaq biz görüşənə.

 

Saçımda illərin tozlu sığalı,

Kimi  dərd yaxalı, həsrət yaxalı,

Məndə döngələrin sayı çoxalıb,

Oğlan tələsiyir qız görüşünə.

 

Boyat arzularım gül kimi təmiz,

Uyuyur sinəmdə səssiz, səmirsiz.

İçimdə duyğular çırpınan dəniz,

Məni çağırırlar söz görüşünə.

...Qoymayıblar

Şair Nemətin qəbri

üstündə düşüncələr

 

Yolu kim aparıb burdan aşağı,

Burdan yuxarıya iz qoymayıblar.

Elə yıxılıblar günahın üstdən,

Ürəkdən gülməyə üz  qoymayıblar.

 

Bir oğrun baxışdan alışar ocaq,

Sevinci bir əlçim, qəmi bir qucaq,

Göz var, yandırsan da alışmayacaq,

Ürək var, yerinə düz qoymayıblar.

 

Sükutu boğurmuş saatın səsi,

Güllərin gözəli - bülbül bəstəsi.

Adam var, isitmir odlu nəfəsi, -

Bağrının başına "köz" qoymayıblar.

 

Bülbüldə qəfəs var, durnada qürbət,

Çoxdanın qəmidi, nə sirr, nə söhbət,

Yüz ildi Məcnunsuz qalan məhəbbət,   

Dumana  düşübdü, göz qoymayıblar.   

                                  

Kim deyir öldürər şöhrət şairi,

İtirər, xırdaldar qeybət şairi,

Dostum "görüşünə" həsrət şairin,

Qəbrinin üstünə söz qoymayıblar.

 

Saxla, görüşək

Şair dostum, Z.Təcnis

səsimi alıblar deyir

(Zarafat)

 

Deyəsən, səsini oğurlayıblar,

Ayrı kələyini saxla, görüşək.

Bayram havasıdı dostun görüşü,

Halal çörəyini saxla, görüşək.

 

"Ana arx"  nəğmədi, qəm arxı deyil,

Gözləri qurudu, nəm arxı deyil,

Ora Bakı deyil, Şamaxı deyil,

Dəli küləyini saxla, görüşək.

 

Yadından nə çıxdı, nə düşdü yada,

Duyğumuz bir dəniz, ömrümüz ada.

Bizi ötənlərlə görüşdür, ya da,

Vaxtın ələyini saxla, görüşək.

 

Can cana çəkirsə, yol uzun olmur,

Ürək danışanda əl uzun olmur,

Qəribin qorxulu buynuzu olmur,

Özgə diləyini saxla, görüşək.   

 

Rizvanın  sükutu oxuyan külək,

Dağa qulaq verək, daşı eşidək.

"Gözdən yaş çıxarmı, yanmasa ürək"

Yanan ürəyini saxla görüşək!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!