Hökm yiyəsi
Mənə də çatdı hökmün,
ta hər səsə çapmaram.
Canıma bir od düşüb, -
qoymağa yer tapmaram.
Mənə də çatdı hökmün,
burdan belə qiyamət...
Əllərinə xına qoy,
sünbülündə su oynat.
Nə nədi - kim biləcək? -
kimin nə vecinədi.
Üzündən sual yağır -
"Ölümlə aran necədi?"
Deyim xəbərin olsun, -
yandı-alışdı mənəm.
Yaşımın bu çağında
boynu qılınclı mənəm.
Altdan-altdan gülürsən,
ya diş sıxıb cırnadın?!
Mən hökmündən çox qaçdım,
axırda bacarmadım.
Bu sirri bəyan edim? -
buna təpərim olmaz.
Bir yanımı çapalar
inan, xəbərim olmaz?!
İnanmaram - deyirlər -
yetim-yesir sevənsən.
Dünyanın nə vaxtıdır,
belə əsir sevənsən?!
Gözü qaram
Gözü qaram,
sən gedəndən sonra inan
mən elə otur-durdayam, -
bir yerdə tapmıram aram.
Gözü qaram,
gecə göy üzü aylanır...
Budaq gülə həvəslənir,
sevgi gözlərdən boylanır.
Gözü qaram,
intizar tarım qalırmış.
İkidən birin çıxanda
yerində yarım qalırmış.
Gözü qaram,
sevgi yayır gül əkən də...
Çox yuxaldım - gəldim gördüm
oturmusan pilləkəndə.
Gözü qaram,
elə dar macalda getdin.
Heç bir götür-qoy etmədin -
sən hansı xəyalda getdin?!
Gözü qaram, gözü qaram,
sən gedəndən sonra inan
mən elə otur-durdayam, -
bir yerdə tapmıram aram.
Gedənə
Nə vaxtdandı dartınırsan,
Çəkirsən gərdən gedirsən.
Bir adamlıq şəhər idim,
Sən o şəhərdən gedirsən.
Burdan belə nə fərqi var -
Kim haqlıdı, kim günahda?!
Daha bircə sakinim yox,-
Xarabam qalıb Gün altda.
Özümü Adəm sanırdım,
Səni də onun Həvvası.
Sevgim sovulmuş bostandı
Özüm bostan müqəvvası.
Elegiya
Balası Alma-Atada qətlə yetirilən
dostum Babək Məmmədova
Gedən qırmızı tabutun
Ardınca ağlayaq, qardaş.
Tələsir son mənzilinə
Yeyin gəl, haxlayaq, qardaş.
Var olan bir gün yoxdadı,
Balaları uzaqdadı.
Endi məzara toxdadı,
Biz necə toxdayaq, qardaş?!
O gor qazan heç ərinmir...
Dağı acımı, şirinmi?!
Yaranın dibi görünmür,
Ona nə bağlayaq, qardaş?!
Vəsiyyətim
Vəsiyyətimdi - qəbrimin yanında
sərv əkilsin, sərvi sevirəm -
Saçı tökülməz, dişin dişəməz...
Boyu sallanıdı - sevgidən deyər,
əyni qalındı - soyuqda üşüməz.
Ağaclar içində boydan boy çəkər,
Qarışqalar sinəsində yol çəkər.
Paltarı yaşıldı - havası olur.
Gün düşəndə qalın kölgəsi,
Üstündə quşların yuvası olur.
Qəbrimin yanında bir sərv əkərsiz!
Molla, Quran öz yerində, -
Qəbrimə baş çəkənin
İstərəm azacıq duyğusu olsun,
Gələndə əlində bir qab su gəlsin, -
O sərvi sulamaq qayğısı olsun.
Mən çox şeydən korluq çəkdim,
Sevdim həyatı, dostlar.
O sərv susuz qalmasın,
Sərvim amanatı, dostlar!
Ömür
Bu evdi, bu da buxarı,
Tüstüsü ömür çıxarı...
Həyat qarışqa cığırı -
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.
Arılar pətək ucundan,
Dodaq da öpmək ucundan...
Bir loxma əppək ucundan
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.
Yatdın oyandığın yerdə,
Su axdı yandığın yerdə...
Elə dayandığın yerdə
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.
Qıvrım-qıvrım
Əyilən məcnun söyüdün
Yuxuları qıvrım-qıvrım.
Daşdan enən şəlalənin
Ağ suları qıvrım-qıvrım.
Hər çiynində topar-topar
Qara tellər qıvrım-qıvrım.
Getdin - arxanca uzanar
Qoşa əllər qıvrım-qıvrım.
Xəyalımda səndən qalma
Xatirə hey qıvrım-qıvrım.
Səni aparan o yollar -
Gətirə hey - qıvrım-qıvrım.
Dəli var
O olduğun yerdən boylan,
Bir bax nətəhər dəli var?!
Açıb-ağartma, ey qafil,
Dərdiylə bir pərdəli var.
Axşam düşər, şər qarışar,
Göydə ulduzlar sayrışar...
Hamı başına yığışar, -
Bilməz bir bəşər dəli var.
Dağ alındı köçəridən,
Nə qaldı ki, peşəridən?!
Qan ağlayan içəridən, -
Çölündən bir gülməli var.
Hərə birinə aldanar
Çiçək açar Günə doğru,
Mən sənə.
Quş uçar dənə doğru,
Mən sənə.
Kənd şəhərə baxar,
Mən sənə.
Sular yenişə axar,
Mən sənə.
Yarpaqlar mehə dartınar,
Mən sənə.
Hərə birinə aldanar,
Mən sənə.
Səni görmək
Səni görəndə rəssam üzümə baxsa,
bələyi açılan körpənin sevincini çəkər.
Bu hamısı olmaz - rəssam
sevincin bir küncünü çəkər.
Telinə toxunan əllərim
heç bilirsən necə sevinər?!
Səsini alar qulağım
söz-söz, heca-heca sevinər.
Səni gördüyü yerdə
gözlərim çiçək açar.
Xatirələr xəbər tutar,
ətəyin yığıb muştuluğa qaçar...
Çıxmadı
(60 yaşıma)
Adımın üstündə yarpaqtək əsdim,
El-oba içində xatam çıxmadı.
Bağ saldım, payıza barın gözlədim,
Söyüdlər boy verdi, badam çıxmadı.
İnanmazsan - nəyin nəfini çəkdim?!
Mən ancaq kədərin kefini çəkdim.
Dərdi "car" etməyin ipini çəkdim,
Cınqırım olmadı, sədam çıxmadı.
Gedər-gəlməzlərə yollandım elə...
Şeirdən nuş etdim hallandım elə.
Çoxunun cildinə allandım elə,
Adam bildiklərim adam çıxmadı.
Şairin vətəni sevgidi
Uzaqdan qapını döyürlər, ürək,
Yenə də sevgidi həyat istəyən.
Ah, mənim ürəyim bağça kimidi,
Mənəm bağçasında sevgi bəsləyən.
Şad olsun sevgiyə tapşıran məni,
Məndən tək sevgilər muğayat oldu.
Özümə həyatda bir yer olmadı,
Ürəyim sevgiyə bağ-bağat oldu.
Ruhun da yaddaşı olur, deyirlər -
Qəsdimdi, ruhuma içirəm səni.
Köynəkcək olasan bir mələk kimi,
Mən də gözlərimə köçürəm səni.
Sənin hər istəyin gözlərim üstə, -
De, tellim, göndərim - nəmənə gəlsin?!
Qadanı alaram, qoy mən darıxım,
Sənin darıxmağın qoy mənə gəlsin!
Görəsən, kim bilir, gizli sevgilər
Tanrının yanında hansı qatdadı?!
Ömrümdə heç kimə yenilmədim mən,
Mənim dizlərimi sevgi qatladı.
O qədər şadam ki, mən bu sevgidən
Görəndə soruşma - nədi bu halət?!
Şairin vətəni sevgidi, tellim,
Sevgidi dünyada azad məmləkət.
Violendə sən
Violendə hicran çalır Pərviz Yahəqqi,
Bütün hicran nəğmələri səni səsləndirir
Amma, bu zalım səni bir ayrı çalır, -
Hicranın səsindən sən yaranırsan.
Mən indi sevginin musiqi fəslindəyəm,
Qış ilin sərt fəsli olan kimi
Musiqi fəsli ən kədərli çağıdı sevginin...
Violendə hicran dil açan kimi
gəlib durursan gözümün qarşısında
Yaxanın iki düyməsi açıq, saçı dağılmış,
Diz-dizə, göz-gözə, iki əllərim əlində...
Suallarına yalan uydurmalıyam,
Elə yalan ki, şirin olsun, könlünə yatsın, -
Asan deyil...
Bilirəm sən də Allaha yalvarırsan
yalan uyduranda çaşmayım...
Belə məqamda böyürdən çıxasan -
Gözlərimi görsən inanmarsan,
Sahibsiz it gözündəki kədər muştuluq olar.
Violenin səsi su torpağa hopan kimi
Hopur canıma səninlə bir yerdə -
Sən hopan suda rəng kimisən.
Mən indi sevginin musiqi fəslindəyəm,
Heyf! Sən ona qulaq asmırsan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!