***
Qapımızın önündə
büzüşən o balaca pişik
öldü dünən gecə...
Heç kim üzülmədi buna
halbuki, uşaqlarını əyləndirmişdi
insanların...
***
Sevindi çobanyastığı
Necə sevilirəm!
Bilmədi,
o sevgi bitirəcək həyatını...
***
Səmaya can atan,
mavi şar.
Sən də göy üzündə unudulacaqsan
bizim kimi...
Halbuki, oğlumun əllərinə
çox yaraşardın,
əminəm.
***
Babam öldü
həyətdəki heyva ağacını kəsdilər
babam öldü...
***
Çiçəklərlə birgə
əllərini də satırdı qadın
xəbərsiz idi...
***
Xatirələr nə ağlamaq,
nə saxlamaq üçündür.
Xatirələr yoxlamaq üçündür
ürəyin yaddaşını...
***
Yer Tanrının balasıymış,
biz də yem
Dimdiyində gətirib atdı
balasının yuvasına
Uddu, bizi torpaq uddu...
Çürüyəcək barmaqlarım
Gözlərimin nəmindən
Sonra bir cüt qağayı
Qonacaq çiynimə
Gedək, deyəcək dənizə
Orda azaddır qanadlılar....
***
Aldanmaq,
Aldanmaq
O qədər gözəl idi ki, sənə
Yalanlarını dinləmək
Dünyanın ən gözəl
həqiqətlərini dinləyirmişcəsinə
udqunmaq bütün zəhərli kəlmələri
Sonra bir "yaxşı" bitirmək dilimdə
Səndən gələn "bütün"lərə
"Yaxşı"!!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!