Türklərin yeganə filosofu Rza Tovfiq həzrətlərinə
"Bir şübhə var ki, rövşən bilməklə heç ziya yanmaz:
Əvvəl nə, aqibət nə? Bilməz yetim insan!"
Rza Tovfiq
Ey mərifətin, fəlsəfənin mənbəyi-nuru,
Hala da qaranlıq bəşərin məhdi-zühuru!
Ey xaməyi-əllaməsi, mizrabi-həqiqət,
Hala yaşayır ölməyəcəkmiş kimi vəhşət!
Əqlin də, kamalın da, fünunun da zəbundur,
İnsan hələ Məcnun, cahan səhni-cünundur.
Ey elmlərin, fənnlərin çöhrəyi-pakı,
Əvvəlki təbiətində yenə zadəyi-xakı.
Həp əski gücündə yenə bazuyi-məşiət,
Həp köhnə işində yenə qanuni-təbiət.
İştə mədəniyyət deyiriz, vəhşəti-əkməl,
İnsanda təkamül bumu? Ey zati-mükəmməl!
Öz bildiyini yapmada hala da bəşərzad,
Sən söylə, nə deyirsən buna, ey möhtərəm ustad!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!