"Arş iləri, arş bizimdir fəlah, Arş, igidlər, vətən imdadına!"...Namik Kamal
Qorxutmamalı bizləri yollardakı əngəl,
Məfkurəyə doğru yürü, qoş, durma, çapuq gəl!
Millət tikəcək namına ölsən dəxi heykəl,
Qoyma toxuna yurduna naməhrəm olan əl.
Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl,
Bir məqsədi-əkməl və bir ümmidi-mübəddəl.
Amalımıza doğru şitaban olalım, gəl,
Millətlə vətən rahinə qurban olalım, gəl!
İstərsən əgər yurduna hürriyyəti-nazan,
Düşmənləri ehraq üçün ol atəşi-suzan,
Tənviri-vətən etməyə ol nuri-füruzan,
Dillərdə bu gün olmalı bir əzmi-xüruşan,
Lərzidəqədəm olmamalı azimi-meydan,
Ehyayi-vətənçün, əvət, verməli yüz can,
Amalımıza doğru şitaban olalım, gəl,
Millətlə vətən rahinə qurban olalım, gəl!
Təhdid ediyor yurdumuzu düşməni-qəddar,
Boğmaq diliyor haqqımızı firqəyi-xunxar,
Afaqi-siyasiyyəmizə ətf qıl ənzar,
Olmaqda buludlar şu üfüqlərdə nümudar,
Etməklik üçün yurdumuzu qərqeyi-ənvar,
Biz də edəlim kəndi bəsalatımızı izhar,
Amalımıza doğru şitaban olalım, gəl,
Millətlə vətən rahinə qurban olalım, gəl!
Şansız yaşamaq istəməriz, şan diləriz, şan,
Əshabi-həmiyyət diləməz ömri-pərişan,
Himmətlilərindir, bilin, amali-dirəxşan,
Qeyrətsiz olan millət olur sahibi-xüsran,
Ehrazi-kəmal etmək üçün qoşmalı hər an,
İstərsək əgər olmayalım bəndəyi-fərman,
Amalımıza doğru şitaban olalım, gəl,
Millətlə vətən rahinə qurban olalım, gəl!
Nazəndə vətən qibleyi-hürriyyətimizdir,
Məşcərləri, məzhərləri həp cənnətimizdir,
Bəslər bizi bir münimi-biminnətimizdir,
Olduqca diri süfrəyi-pürnemətimizdir,
Öldükdə qucağı əbədi türbətimizdir,
Qiymətli vətən madəri-zişəfqətimizdir,
Amalımıza doğru şitaban olalım, gəl,
Millətlə vətən rahinə qurban olalım, gəl!
Bil ki, vətənin sevgili bir madəri-candır,
Vermə bunu əğyar əlinə, rəhm et, amandır,
Hürriyyətimiz huri-füsunsazi-cahandır,
Bax bir nə gözəldir, necə candır, nə canandır,
Biz verməriz əldən, bunu düşmənlərə qandır,
Hübbülvətəni onlara felinlə inandır,
Amalımıza doğru şitaban olalım, gəl,
Millətlə vətən rahinə qurban olalım, gəl!
İlk məhdin ilə son yerin ağuşi-vətəndir,
Xaki-vətənin bilməlisən mayeyi-təndir,
Gülzari-vətən cənnəti-hur, qönçədəhəndir,
Ziruh çiçəklər yaradan işbu çəməndir,
Hifz etməyə bu gülşəni qurbani-bədəndir,
Rüxsarəyi-gülrəngi-əməl rövşəni-şəndir,
Amalımıza doğru şitaban olalım, gəl,
Millətlə vətən rahinə qurban olalım, gəl!
Millət yaşamaz yurdunu zəbt eyləsə düşmən,
Gəldikdə xəzan fəsli sönər rövnəqi-gülşən,
İstərsək əgər yurdumuz olsun da işıq, şən,
Göstərməliyiz düşmənə bir cürəti-rövşən,
Qurbani-vətən olmalı bir can ilə bir tən,
Ən ülvi səadət: - Vətən olsun tənə mədfən,
Amalımıza doğru şitaban olalım, gəl,
Millətlə vətən rahinə qurban olalım, gəl!
Hübbülvətəni yazmalıdır qəlbinə millət,
Hübbülvətəni sanmalı bir milli ibadət,
Hübbülvətən uğrunda ölən zindədir, əlbət,
Ey hübbi-vətənlə dili ləbrizi-mədəvvət,
Şəfqətli anandır vətənin, etməli xidmət,
Ey seyfü qələm ərləri, bacürətü qeyrət,
Amalımıza doğru şitaban olalım, gəl,
Millətlə vətən rahinə qurban olalım, gəl!
Bakı, 22 nisan 1919
"Azərbaycan" qəzeti,
23 nisan 1919-cu il, N 164
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!