Azadlıq - Həyat ŞƏMİ - şeirlər

Azadlıq

Dan yeri sökülürdü

əllərinlə,

Səni əllərindən tanıdım -

barmaqlarından qan tökülürdü...

Səni güllərindən tanıdım:

güllərin güllələnmişdi.

Səni tarlandan tanıdım:

fidan-fidan əkilmiş şəhid tərlanlarından.

 

Səni eyvanlardan tanıdım -

bayraqlar asılmış

titrək barmaqlıqlı eyvanlarından.

Səni ağappaq rəngindən tanıdım,

göyərçin-göyərçin

boş qalan qəfəsindən tanıdım,

bir də qanadının səsindən.

 

Səni dilimə düşən odundan tanıdım,

70 il çəkmədiyimiz adından...

Səni nəğməndən tanıdım -

öz dilimdəki nəğməndən,

hər şeyə rəğmən tanıdım səni...

 

Səni gözündən tanıdım:

qartal baxışından,

dəliqanlı halından,

geniş alnından,

bir zamanlar səni deyən dolu və odlu meydanından.

Səni özümdən tanıdım -

təkrar-təkrar yaşamaq

istədiyim gəncliyimdən -

özümdən...

 

Səni şəhidlər gətirdi,

anaların örpəyi -

yüz ildir ürəyimdə gəzdirdiyim,

dodaqlarımın and yeri

üçrəngli Bayrağım gətirdi.

 

Mən səninlə böyüdüm,

məni sən böyütdün,

qazandım səni,

sənsən andım -

Azadlıq!

Qadağa

İşığın yoxluğudur

hər görünməz qaranlıq,

deyirəm ki, qapılma

qaranlığa bir anlıq!

 

Çəkilərsən içinə,

boğularsan dərində,

qalarsan ürəyinin

ən çıxılmaz yerində.

 

Bir nəfəs üfürərsən

dünyanın kor üzünə...

bu korluğa, karlığa

qorxarsan yoluxmaqdan,

biryolluq yox olmaqdan.

Boynu bükülü qalma

yorunca boğazını,

bir ipə keçirərsən

boğazından arzunu,

asarsan bir ağacdan,

Ağac Adam gətirər.

 

O qadağan olunmuş

ağacdan düşər Həvva,

düşər öz budağından

Yerdə yetişər Həvva,

ağac cənnətdə qalar.

 

Şəkli, boyu-buxunu,

ismi keçməz heç yerdə...

kökü cənnətdə qalar

onu görməz heç Yer də!

 

Bir az da düşünərsən: -

Burdan keçirmiş yolum!?

- Dilini şirin eylə,

dünya zəhərdi, Balım!

Xiromantiya

Dərin-dərin cızıqdır, cızıq var yazıq-yuzuqdur,

Əllərimin içinə yazılan alın yazım.

Bir yerində aydındı, bir yerində pozuqdu,

Bir az nazik, bir az da sətiri qalın yazım.

 

Hər cığırı ayrıca yaşamışam, görmüşəm,

Hər cığırdan boy verən diriliyi dərmişəm...

Heç özüm də bilmədən iki yerə bölmüşəm:

Bir üzü qız, bir üzü hələ də gəlin yazım.

 

Hər sətrin üzərində ayrılığın nəğməsi,

Neçə dona giribdir notun yanıqlı səsi,

Elə bil daralıbdı nəğmələrin nəfəsi,

Ümidi kökələndə gözləri dolan yazım!

 

Nə əlimi kəsmədim, nə də ki notlarını,

Yaddaşıma köçürdüm ovcumun xətlərini.

Yenə əlindən tutdum düşən ümidlərimin,

Yenə də öz əlimdə-ovcumda qalan yazım.

 

Dişiylə-dırnağıyla barmaqlarım hücumda,

Şeytan yuva qurmasın dırnaqların ucunda.

Açsam soyuq əlimdə, yumsam isti ovcumda

Ömrümə başıbağlı, ayağı yalın yazım...

 

Gün, küçə və adam

Bir yağış tutdu bizi

günün günorta çağı.

Bir gün, bir küçə və bir adam

islanırdı yağışda.

 

Tutdum yağışın ucundan çətir oldum -

bir gün, bir küçə və bir adamı

sətir-sətir qorumaq üçün.

 

O küçə ona aid olmayan binalarda bitdi...

 

O gün -

ona aid olan bu yağışdan

yaxasını qurtarmaq ümidiylə

keçdi o küçədən

növbəti günə...

 

O adamı bir fikir tutdu

qolları bağlı

bu gündən, bu küçədən keçən zaman.

O adam ürəyini açdı yağışa:

islandı, üşüdü,

qollarını açdı küçəyə,

qucaqladı,

nə qədər fikir daşıdı...

O adamın saçlarındakı ağlar

mələklərin qanadlarından düşmüşdü...

 

Mən də buraxdım yağışın ucunu

endim Yerə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!