Ulduz məzarlığı astanasında - Velimir Xlebnikovun şeirləri

Qəfəsdəki quş

Nədən oxuyursan, qəfəsdəki quş?
Necə tora düşdün, o barədəmi?
Yoxsa ki, yuvanı hördüyün haqda,
yoxsa necə gəldi ayrılıq dəmi -
istəkli dostundan ayırdı qəfəs,
o haqda ötürmü bu kədərli səs?
Yuvanmı yadına düşüb bu anda?-
Necə xoşbəxt idin isti yuvanda?
Bəlkə də tutaraq sən cücüləri
Necə aparırdın balalarına
O haqda ötürsən bayaqdan bəri?
Yoxsa meşələrin azadlığından,
Bəlkə təpələrin ucalığından,
Yaxud çəmənlərin yaşıllığından,
Və ucsuz-bucaqsız çöllərdən bu an
Bu cür yanğı ilə sən oxuyursan?
O kiçik pəncərə dalından indi
dünyaya boylanmaq necə miskindi.
Günəşli günlərdə gur nəğmən ilə,
Yorulmaq bilmədən çimirsən elə.
Yadına salırsan olub-keçəni,
Belə unudursan dərdini yəni?
Sonra da dənləri dimdikləyib sən
Eləcə yanğıyla su da içirsən...
6 aprel 1897

*  *  *

 

Mən özüm  tütəyəm öz təranəmə.
Nəfsim dünyanı istəyir.
Üzən burulğan kimi halələrimə
üzüyola ulduzlar axıb-tökülür.
Mən özüm  tütəyəm öz təranəmə -
Dünyanın taleyini
ifa edirəm.

1908

*  *  *

 

Kisədən
döşəməyə əşyalar səpələnib.
Düşünürəm,
bu dünya
asılmış adamın dodaqlarında
xəfif-xəfif işıq saçan
bir təbəssümdü yalnız.

1908

Mən bilmirəm
Yer fırlanır, yoxsa yox...
Mən bilmirəm, Yer fırlanır, yoxsa yox -
bu, sözlərin sətirlərə necə yerləşməsindən asılıdı.
Eynən şirin, ya turş istədiyimi bilmədiyim kimi,
bilmirəm, babam, nənəm meymundan törəyib, yoxsa yox.
Amma içəridən qaynamaq istədiyimi bilirəm,
və istəyirəm ki, günəşlə əllərimin damarlarının
titrəyişi bir araya gəlsin.
İstəyirəm ulduzların şüasıyla
gözlərimin şəfəqləri öpüşsün -
lap bir cüt maral kimi (ah onların gözəl olur gözləri!).
İstəyirəm ki, mən titrəyəndə
həyəcanım kainatın titrəməsinə qovuşsun.
Və sevgili qızın hörüklərini, məsələn,  zamanla dəyişəndə
onlardan mütləq nəsə qalacağına inanmaq istəyirəm.
Və istəyirəm ki,
məni günəşlə, göy üzüylə, incilərin tozuyla birləşdirən
ümumi ədədləri
mötərizədən kənara çıxarım.

1909

*  *  *

 

Fillər elə döyüşürdü,
dişləri bəyaz daşlara oxşayırdı
rəssamın əli altında.
Marallar buynuz-buynuza elə girişirdi,
elə bilirdin onları qarşılıqlı həvəs və xəyanətlə dolu
qədim bir nikah qovuşdurub.
Çaylar dənizə elə tökülürdü,
sanırdın birinin əli o birinin boğazından yapışıb
boğmaqla məşğuldu.

1910-1911

*  *  *

 

Bir cüt əyri xəncər kimi
Batıb göyə qoşa qovaq.
Ölü kimi düşüb qalıb,
Dörd tərəfində torpaq.
Tərk edilib bir ağ saray
Həsrətə, toranlığa.
Bir qayıq üzüb dirənib
Burda qızıl qumluğa.
Gur saçlar qucaqlayır
Görüş çağı qadını.
Əlini qoyur çiyninə,
Gülür, çəkir adını.
Qadın o al köynəklini
əylənməyə alıb gedir.
Səhər  o xoşbəxt  cəsədi
Dənizə diyirlədir...

1911

*  *  *

 

Atlar öləndə - nəfəs alır.
Otlar öləndə - quruyur.
Günəş öləndə - sönür.
İnsanlar öləndə - nəğmə oxuyurlar...

1912

*  *  *

 

Çəmənlər bir ucdan yaşıllaşanda
Şüşəli axşamda şəfəqin izi,
Uzaqda ağaran göylərin üzü,
Fikrə dalmış kimi göyərir onda,
Sönmüş bir tonqaldan qalan topa kül,
Ulduz məzarlığı astanasında,
Alov qapısına sovrulan anda,
Axan şüalarla süzdükcə süzür
Bəyaz şama sarı pərvanə uçur.
Budur, sinəsiylə toxunur oda.
Batır atəş rəngli kiçik dalğada,
Bax, bax, iradəsiz ölür o nə cür...

1911-1912

*  *  *

 

Yaşıllıqlar içindən
maralın buynuzu görünəndə
qurumuş ağaca oxşayır.
Sözüm tükənib ürəyim çılpaqlaşanda
deyirlər: havalanıb.

1912

 

Tərcümə edən:
Zahid Sarıtorpaq


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!