Anam, dizlərim bükülür
Sinəm, kürəyim dağılır
Şah İsmayıl qılınc çəkən
Ölkənin sərhədi kimi.
Anam, dizlərim bükülür
Xocalıdan əsir düşən
O gəlinin qəddi kimi.
Kitaba, dərsliyə salın
Mənim də çəkdiyim dərdi
Sonsuzluğun həddi kimi...
Köhnəlmədim, vaxtım nə tez çıxdı ki
Heç darıxma,
mən də çıxıb gedəcəm, -
Adiləşim, unudulum...
Və sonra.
Ürəyində soruşursan, bilirəm:
"Deyək - getdin, tutaq - qaldın,
bə sonra?!"
Mən nə bilim o sonranı kim bilir? -
Sonrasını Allah bilir, cin bilir,
İnanmıram hansı kitab, din bilir, -
Nə tutubsan "bə sonra?"dan, nə sonra?!
Tanrı dönüb biz tərəfə baxdı ki,
Köhnəlmədim, vaxtım nə tez çıxdı ki?!
O dünyada görüş yeri yoxdu ki,-
Gözləyəcəm, görüşərik...
Hə, sonra.
Mən sevənlər dəbdən düşüb
Çox yaşamaq istəmirəm,
cavan ölmək istəmirəm.
Mən sevənlər dəbdən düşüb -
cavan olmaq istəmirəm.
Cavan olmaq istəmirəm,
o dağ yoxdu, dərə yoxdu.
O dərənin gəndalaşı biçilib,
kölgəsində mərə yoxdu.
Kəpənəkdən gün dilənib,
qarışqadan dən dilənib,
qırış-qırış kündələnib,
çox yaşamaq istəmirəm.
Çox yaşamaq istəmirəm,
şəhidlər yatan torpaqda.
Cavan ölmək istəmirəm
hər daşı Vətən Torpaqda.
Öz yolumda candan düşən
cığıram
Sən bilməzsən necə olur bu ağrı,
qadan alım, necəsini heç bilmə.
Sən bilməzsən nəynən keçir qara gün,
işığından, ulduzundan keç, bilmə.
Nə çoxalıb burda ağzı köndələr,
kütə gedir yenə-yenə kündələr.
Demişdim də, heç darıxma, gün gələr,
ha vaxt gəlsə vaxtındadı, gec bilmə.
Öz yolumda candan düşən cığıram,
hər gecəmdən açıq göznən çıxıram.
Necə deyim?!
Nə əvvələm, axıram, -
sən də məni divar bilmə, künc bilmə...
Qara zolaq
Dualarım yan keçir,
məni hər qarğış tutur.
Hər dediyim baş tutmur,
hər atılan daş tutur.
Hər tələyə düşürəm,
tilov atsam boş gəlir.
Harda axmaq dərd varsa,
qaçıb mənə tuş gəlir.
Yollar hörümçək toru -
ilişib ayaqlarım.
Arzular göynən gedir,
ümidlər ayaqyalın.
Hansı tərəfə getsəm,
yel tutur, yağış tutur.
Dualarım yan keçir,
məni hər qarğış tutur.
Bir at ilində
Daha at nalından çıxan
çınqıya şeir yazırıq -
atın beli bizlik deyil.
Qaldı,
qurda-quşa qaldı,
o yurd-yuva bizlik deyil!..
Çox tez düşdük at belindən,
yəhər üstdə didişirik.
Ətəyini çırmalayan
şəhər üstdə didişirik!..
Göynən gedən madyanların
boynunu dişləyən atlar.
İndi ümid kölgəsində,
indi ölüm növbəsində,
keçmişə kişnəyən atlar.
Üzüağ,
alnı, taleyi
döşü qara xallı atlar.
Arzu-ümidi çidarlı,
əl-ayağı nallı atlar.
Vaxt olmadı güllələyək -
yuxumuzdan kim çıxarar
arxamızca canlarını
uçruma atan atları?
...İndi
bir toy süfrəsində
Gümüş çəngəllər dişləyir
şahzadə qızlar altında
özünü tutan atları.
...Əlim çata, sığallayam
O sağrını, yalı, atlar.
Yüz-yüz heykəldən vüqarlı,
Çox dostdan vəfalı atlar!..
Yağış
Daha sevdiyim kimi
sevə bilmirəm səni.
Kim zəng vurub çağırıb
evə, bilmirəm, səni.
İllərin arasından
körpüləri apardın.
Xəyallarda doğulan
körpələri apardın.
Solub bitmiş ömürdən
heç nə cücərməz daha.
Dünya mənə oxşarın
əkib-becərməz daha.
Heç olmasa gündüz yağ,
yağırsan, gecə yağma.
Neynirsən elə, neynək,
qəlbimə bircə yağma.
Sevə bilmirəm səni,
sevə bilmirəm, yağış.
Niyəsini soruşma,
bilmirəm...
Sən də barış!..
Ölmədim
Yenə bəxtin gətirmədi,
qarğışın tutmadı məni.
Allah da kişi adamdı,
yenə eşitmədi səni.
Lap belə "xortlayıb döndüm",
qarğışın göndərən yerdən.
Dedim ürəyin yumşalar,
məni ağlayarsan birdən.
Qorxma, Əzrail qoruyur, -
dəymədi, diri qayıtdım.
Təzə qarğışların üçün
darıxıb geri qayıtdım.
Salamat döndüm üstünə,
azar-bezar, filan olmaz.
Allah haqqı, bu canı da
səndən yaxşı alan olmaz...
Sən də bir gün qoşularsan
ərsizlərin sırasına.
Toya, yasa yollanarsan,
ürkə-ürkə, sına-sına.
Bir qara bantlı şəkil də
aramızda sərhəd olsun.
Dilin-saçın vay-şivəndə,
Xatirəndə bir "rədd olsun!"...
Yenə də o köhnə ömür
Heç nə yazmaq istəmirəm,
guya yazsam nə olacaq?!
"Qarabağ"ı ağ əsgiyə
göynən yazsam nə olacaq?!
Nəynən silim bu yazını,
alnımda mənnən gedəcək.
On yaşlı ağ-qara şəklim,
ağlım da mənnən gedəcək.
Yaşamağın dadı qaçıb,
heç ölmək də istəmirəm.
Böyük olmaq Tanrılıqdı,
kiçilmək də istəmirəm.
Yenə də o köhnə ömür, -
səhər evdən, axşam evə.
Ömür boyu yol gedirik, -
oxşar evdən oxşar evə!..
Payızdan bir yarpaq
Sarı-sarı ağacları
Yarpaq-yarpaq soyur külək.
Bəlkə elə isinməyə
Yer axtarır soyuq külək?
Ürəyimi-xatirələr,
Yarpaqları-külək ovur.
Adamların arasıynan
Tale məni hara qovur?
Ya dəli ol, ya dərdli ol:
Biri bilsə, beşi bilməz.
Bu küləkdə hönkürtüynən
Ağlasan da eşidilməz.
Payız yağışları hopur canıma
Buludlar dənizi qaldırıb yerdən,
Çırpır küçələrin boz sifətinə.
İslanmış kölgələr qaçır işıqdan,
Oğru adam kimi qısılır tinə.
Bəlkə bir nadanın günahı üstə,
Hamının başına döyür bu yağış.
Kiminin gözündə yağışdı elə,
Kiminin içini oyur bu yağış.
Mamır bağlayacaq daşların üzü,
Dərdsiz ürəklərin divarı - yosun.
Belə yağandısa mənim qəlbimdən
Vəfasız bir qızın izini yusun.
Bu payız yağışlar hopur canıma,
Daha itirilmiş torpaq kimiyəm.
Yağışlar yorulub kəsəcək bir gün,
Mən bundan o yana çətin kiriyəm.
Nə qədər gözlərdə görünməz oldum,
Məni gəzən gözlər islanır harda?
Çiçəklər, yarpaqlar quruyub ölür,
Göyərib öləcəm bu yağışlarda.
Gecə yağışı
Yırtıb göyün yaxasını,
özün yerə atdı yağış.
Döyəcləyib pəncərəmi,
yuxudan oyatdı yağış.
Enişləri, yoxuşları,
duaları, qarğışları,
alnımdakı qırışları
bir-birinə qatdı yağış.
Dizimin ağrısı kimi,
cavan gedən qardaşıma
qızının ağısı kimi
tutdu məni, tutdu yağış...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!