Sükut notları... - Cahan Gülsün - şeirlər

 

Atamın şeri

Ucalarmı əvvəlki yerində

üstündə ilk addımlarım-ilk yüksəlişim

olan

evimizin önündəki sınıq pilləkənimiz?

Bir də yırğalanmır həmin yerində

babamın bizə miras qoyduğu

tut ağacından asılan yelləncəyimiz?

Qayıdarmı yelləncəkdəki uzaqlara ilk uçuşum-

uşaqlıq azadlığım?

Anamın öyrətdiyi şeirlər

dolaşarmı dilimə yenidən?

Yaddaşıma toxuduğun ilk misralar

cücərərmi təzədən dilimdə?

Arada elə səbəbsiz darıxıram ki...

Sonra amansız xərçəng kimi yayılır

darıxmağım bütün ömrümə.

Deyəsən, böyüyürəm, ata...

Bir gün mən günəşdən öncə batacam,

Yağışdan öncə hopacam torpağa...

Və sən torpağa baxanda biləcəksən ki,

mən səni ağaclar kimi sevirəm.

Yarpaqlarını itirmiş və qayıdanda

onu qoyub getdikləri yerdə tapsınlar deyə

gözləyən ağaclar tək...

Anama

Məktəbimizin həyətindəki şam ağaclarının altında gözlə məni...

Sən də onlar kimi solmayacaqsan

heç vaxt!

Söz verirəm gələcəm,

əllərimi gətirəcəm sənə və ovuclarımda

                                   gizlətdiyim kəpənəkləri,

gözlərimi gətirəcəm sənə və baxışlarımda bəslədiyim cənnəti.

Bağışla, ana,

indi getməliyəm...

 "Yerlilərə heç vaxt uyğunlaşammır gəlmələr",

Növbəti dəfə vaxtında gələcəm, söz verirəm.

Bətnindəki uçurumdan ilk mən yuvarlanacam,

Saçlarının təzəsini mən dərib,

baxışlarının doğmalığında ilk mən tumarlanacam.

Qoynunda qaranquş yuvası quracam ki,

uçub getsəm də heç vaxt dağılmasın.

Bir də not yazacam Tanrının "Arzular dəftəri"nə,

"O qadın məndən başqa heç kimin anası olmasın"!

 

R üçün...

Gəl, mən yenə ağ örtük sərim

tut ağacının altına.

Sən də çıxıb var gücünlə silkələ,

Bu dəfə uşaqlığımız tökülsün səmadan.

Acgözlüklə doldurub ovuclarımızı

qaçaq bu dünyadan...

Unutduğun qadınlar kimi üşüyür əllərim,

İrəliyə gedən saat əqrəblərinə qoşulub

keçmişə dönmək istəyirəm-

gizlənqaç oynamağımıza.

Kaş heç vaxt tapmayaydın məni,

həmişə gizləndiyim yerdə qalaydım.

kaş bütün həyatım boyu sənə məğlub olaydım!

Biz "İtirilmiş fəslin" uşaqlarıyıq...

Dənizsiz yerlərdə səmalarla təsəlli tapan insanlar kimi

bəhanələr uydurduq həmişə özümüzə.

Bizim həbsxanamızda

insandan tikilmişdi divarlar,

ətdən hörülmüşdü barmaqlıqlar.

biz  doğulmamışdan bölünmüşdü ömrümüz-

gecə və gündüzə.

Bax, ətrafımızda

gözlərinin qaranlığında ac quzğunlar uçuşan,

oğurluq həyatlarına görə əlləri kəsilmiş insanlar var.

Sığal da çəkə bilmirlər kiminsə taleyinə,

ruhumu onlara yem etməkdən qorxuram...

Əllərimizi qorumalıyıq,

axı öləndə də onlar olacaq yanımızda.

Məni təkcə sən anlayırsan...

 Bilirsən?

Günahsız yerə başı əzilmiş ilan kimi

çabalayıram.

Tərslikdən "Gecə" də düşmək bilmir...

"VFSJC"

Mən indi uzaq bir sahildə oturub,

dənizlə səmanın mavisini birləşdirməyə

çalışıram.

Kim olduğumu bilmirəm....

Cibimdəki çay daşları ağırlıq edir vücuduma.

Bəlkə də mən nə vaxtsa çayda boğulmuşam,

Ya da maşınımla divara çırpılmışam,

Günahsız yerə daşlanmışam,

Tonqalda yandırılmışam.

Görəsən neçə dəfə doğulmuşam?..

Bəlkə mən bir-birindən

vergüllərlə ayrılan

 talelərin son nöqtəsiyəm

əsrlərdir

ölə bilməyən qadınların

ölməsiyəm...

 

Sükut notları...

Nə qədər yanaşı dayansaq da,

Sənin günahların tərəfədi

savablarım.

Nə qədər danışsaq da,

vermədiyin suallaradı

 mənim bütün cavablarım.

Getdikcə məndən uzaqlaşmaq istəyən

addımlarını sayıram.

Əllərimiz sahilə dəyib qayıdan dalğalar,

toqquşur bir- birinə,

səmada açıram bir-birinə dolaşan baxışlarımızı.

...Zaman gedir

Saçlarımın dalğalanmasından hiss edirəm.

sənə tərəf geriləyən addımlarımla

minirəm qatara...

Sən?

Sən yoxsan!

Boşluğa səpələnmiş

mənasız baxışlar,

Əllərində və gözlərində ifadə olunan

duyğusuz insanlar var.

Bir də

sükuta qərq olan ani bir səs:

Qapılar bağlanır: Növbəti stansiya:"İntiharçılar"

***

Səni çağırırdı eşitdim.

"Ya Rəb" - deyirdi...

Sonra kimsə qışqırdı ki:

Oyuncaqlarıyla böyüyən uşaqlar,

Xəbərsizdir

oyuncaqlarıyla ölən uşaqlardan....

Unudasan bəzən.

Tanrının unutduğu kimi

müharibənin orta yerində,

tankın düz qarşısında dayanmış uşağı.

Qurudasan göz yaşını.

Tanrı kimi

sonra da tökəsən

bütün duyğuları səmadan aşağı.

Və ovudub

içində baş qaldıran üsyanları,

 bir gün ayılıb görəsən ki,

bütün uşaqlar əl-ələ verib,

yaradıb yer üzündə "göy qurşağı".

***

Səni unutsam

dünyan dağılmaz.

Getsəm də ürəyinin daş hasarına qonmuş

sərçə ümidlərim uçmaz

heç vaxt isti ürəklərə.

Qorxma,

bir bəhanə uydurarıq

arxamızca sürünən kölgələrə.

İndi səni keçmişin səsləsə,

mən cavab verərəm əvəzinə.

Deyərəm:

"O daha mənim gələcəyimə aiddir".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!