Bitməz gün - Fərid Hüseyn - şeir

Atama ithaf edirəm...

Səhər

Sübhdü - sənin yoxluğunun səhər çağıdı:

hələ tənbəl-tənbəl oyanırıq sənsizlikdən,

gözlərimizi ovuruq yoxluğunun əlləriylə,

sönmüş müharibənin tüstüsü çəkilməyib ölkədən.

 

Sübhdü - sənin yoxluğunun səhər çağıdı:

Yatağına - anamın yanına su kimi dolmuşam,

o isə gələcəyimizi düşünə-düşünə alnımdakı ahdan öpür.

Dostlarının etibarını qayğılarımızla ölçürük,

hələ bizi sənə oxşadan adamların sayı çoxdu,

anamın əlindən tutub gələcəyə keçirik.

 

Sübhdü  - sənin yoxluğunun səhər çağıdı:

arzularımızı mumyalamışıq,

ümidlərimizi soyuducu könlümüzdə dondurmuşuq.

Hələ hər kəsin yaddaşı yerindədi,  -

hamı səni olduğun kimi xatırlayır.

Özümdən böyük qablarla su daşıyıram,

bədənimin bütün xəritəsindən tər axır.

 

Sübhdü  - sənin yoxluğunun səhər çağıdı:

Hələ kasıblıq təcrübəsi qazanıram, -

qarpızı kəsdirib alıram,

qələmi yoxlayıb alıram,

kaseti oxudub alıram.

Qurban bayramlarında ətlə,

Novruzda sovqatla ürəyimiz açılır,

özgə evlərindən toplanır sevincimiz

və mən hələ Allahı əliaçıqlığından tanıyıram.

 

Sübhdü  - sənin yoxluğunun səhər çağıdı:

Nənəmin dilindən ümid damcılayır könlümə:

sonra damlalar toplanıb olur hikmətli bir dərya:

"Allah kimi darda qoyub ki, bizi də darda qoya?!".

 

Sübhdü - sənin yoxluğunun uşaq çağıdı:

imperiya günəşi təzəcə sönüb ölkəmdə,

azadlıq lampasının başına yığışmışıq,

üz-gözümüz kasıblıq hisindən qapqara,

əlimiz nöyütlü,

yaş odundu xəyallarımız, -

könül sobamızda asta-asta yanır,

amma sümüyümüz qızmır ki qızmır.

 

Sübhdü - sənin yoxluğunun uşaq çağıdı:

Hələ ehtiyacdan bir hovur gizlənmək üçün

əl damındakı dəmir-dümürünü,

ov alətlərini satmamışıq,

hələ torpağın üzü soyumayıb,

hələ göz yaşımız sinəmizi yandırır,

nə vaxt ağlasam, anam məni qucağına alır -

Allaha sarı qaldırır...

 

Günorta

Günortadı - sənin yoxluğun qızmar vaxtıdı:

artıq haqqında çoxdanki adam kimi danışırıq,

yaşaya bilmədiyin günləri bir-birimizə paylayırıq -

hər övladına neçə arzu, neçə ümid düşür,

anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür...

 

Günortadı - sənin yoxluğunun oğlan çağıdı:

anam təmizkar bir gəlinidir payızın,

sübhdən süpürür sənli günlərin xəzəllərini,

o, bir yandan yığır, ömür bir yandan tökür,

sevincin qanı qaçıb üzümüzdə, ata.

xoşbəxt şəkillərimizə qayğılar çökür...

 

Günortadı - sənin yoxluğunun qızmar vaxtıdı:

sevincimiz idman sevincləritək tez ötür.

Allah bizi çiyinlərimizdən çəkib böyüdür.

 

Günortadı - sənin yoxluğunun qızmar vaxtıdı:

mən "rəhmətliyin oğlu", bacım "rəhmətliyin qızı"dır,

nənəmsə qocaman bir rəngsazdır -

könlümüzü ümidlərlə boyayır.

 

Günortadı - sənin yoxluğunun oğlan çağıdı:

anam bir almadı ki, bir üzü qız, bir üzü gəlin,

soyuq günlərdə dolmuş buludları qovur göylərdən,

haqqın dərgahına uzanan yorğun əlləri.

 

Axşam

Axşamdı - sənin yoxluğunun zülmət çağıdı:

anam bir zəhmət heykəlidi qayğı şəhərimizdə,

həyat bir xəstədir ki, çətinliklərimizlə ağırlaşır halı,

qayğılarımızla birgə böyüyür anamın xəyalları.

Anam həm də bir xəyal körpəsidir:

bizimlə gələcəyə "iməkləyir", sabaha yüyürür...

Hər müşkülümüz bir əcəl məqamıdır,

ehtiyaclar "əzrail" kimi əliboş geri dönmür.

 

Axşamdı - sənin yoxluğunun zülmət çağıdı:

çoxdan əzbərləmişəm kişi işləri görən anamın kölgəsin,

buxar istisiylə qarsıyıb üzümü həyatın nəfəsi.

 

Axşamdı - sənin yoxluğunun zülmət çağıdı:

Bir xəstəxana qapısında,

zindan divarları arasında,

bir məhkəmə salonunda,

dayanıb baxdım uzaqlardakı məzarına.

çarəsizlik əllərimi cibimə saldı,

çiyinlərimi çəkdi,

İkimiz bir adam olduq onda - kölgən kölgəmə bələndi.

 

Axşamdı -  sənin yoxluğunun ahıl vaxtıdı:

fotoalbomuna baxıram,

əsgərsən, nişanlısan, evlisən,

zəhmətə öyrəşmiş ömrümün alın tərisən.

 

Axşamdı - sənin yoxluğunun ahıl vaxtıdı:

qayğıların dumanından göz-gözü görmür,

təkliyimin qoxusunu çəkirəm canıma,

ata, sənsizlik dolub divar saatıma,

ömür saatıma,

qol saatıma.

 

Axşamdı -  sənin yoxluğunun zülmət vaxtıdı:

həyat bizim üzümüzə qayğı cığırları,

sənin məzarına şaxta çatları salıb,

şükür, əllərimiz çörəyə çatıb

və daha anamın ovcundakı zəhmət qırışları,

"Allah" sözünün altında qalıb.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!