Türkiyənin "TURAY" nəşriyyatı Elxan Zal Qaraxanlının "Türk əsrinin türküləri" adlı şeirlər kitabını nəşr edib. Kitabda müəllifin "Türk əsrinin türküləri", "Xaqannamə", "Anıt məzar", "Boğaziçindən türkülər" və "Sevgi duaları" kimi savaş və sevgi şeir silsilələri toplanıb. Şeirləri Türkiyə türkcəsinə çevirən tanınmış yazar İmdat Afşar Elxan Zal poeziyasındakı informasiya bolluğunu nəzərə alaraq onlara geniş şərhlər yazıb. Kitabda yer alan "Anıt məzar" sırasını oxuculara təqdim edirik.
Qazilər qan tökdülər,
Ölümə can dedilər.
Bölünmüş torpaqlara,
Azərbaycan dedilər.
Bura odlu bir diyar,
Bir alovdur haçadil.
Bir yanda Ötükən var.
Bir yandan baxır Babil.
Kəndi göy qübbəmiz salt,
Minarəmiz aypara.
Qam dədələr tarixi
Yazdı gil kitablara.
Kitablar itdi getdi,
Kitab bildik ozanı.
Türkülər qanadında.
Yaydıq ulu azanı.
Getdik üzü günəşə,
Getdik qayıtmaq üçün.
Perik düşmüş canları
Döydük ayıltmaq üçün.
Qanımız şumersayaq,
And yerimizdi Yer-Su.
Gecə-gündüz gəl deyir
Yurda dönüş duyğusu.
Biz yüz adla qayıtdıq,
Hun olduq, xəzər olduq.
Dünyanı başdan-başa
Atüstü gəzər olduq.
Keçdik Dəmir qapqanı,
Sevgili yurdu tapdıq.
Tanrının şərəfinə
Müqəddəs bayqa yapdıq.
Ağızlarda türkülər,
Gömgöy bayraqlarda qurd.
Uğrunda qan tökmüşük,
Bizimdi bu el, bu yurd.
***
Hey turan atları, turan atları,
Öndə qalalar var bürcü-bürcü.
Könlündən fatehlik keçirsə
Qızıl qandır xərci.
Cəng mələyi qan istəyir,
Nə deyək?
Bu torpaqlar bizimdirsə
Bədəlini ödəyək.
Azərbaycan sevimli yurd,
Bayraqlar qızıl qumaş.
Bu Yer, bu göy bu məmləkət
Qızılbaşdır, qızılbaş.
***
Gün doğur, dan yanır,
Ərdəbil, Ərdəbil.
Tanrını göydə gəz,
Ruzunu yerdə bil.
İşığa boyanır,
Hər küçə, hər dalan.
Bəybaxış boylanır,
Göydeşən Savalan.
Azanlar dillənir,
Dan üzü şəms ilən.
Türbələr həzz verən,
Türkülər qəm silən.
Bu qutlu torpaqda,
Hər qaya kürsüdü.
Mərhəmət çiləyir,
Ərnəfəs mürşüdüm.
Buğrağım, arslanım,
Heydərim, cəng ərim.
Səfəvi qəsrindən,
Başlayır səngərim.
Səltənət istədik,
Qurmuşuq, bizimdi.
Millətlər içində
Millətik biz indi.
Cəngimiz müqəddəs,
Ulu şah sən qut ol.
Ağciyər canların
Gözündə behpud ol.
Fatehlik duyğusu
Bir heydər özləyir.
Yenilmiş elatlar
Xilaskar gözləyir.
Gəl ey şah, gəl ey qut,
Marş çalır zər təbil.
Bəybaxış boylanır,
Xan doğan Ərdəbil.
Qaranlığa qor qonanda,
Qara qanlar qırlandı.
Ərlər yerə diz vurdular,
Yer tərsinə fırlandı
Ötələrin ölməz sanı
Oturdu altun taxta.
İldırımlı qığılcım var,
Qaranlıqdan qabaqda.
Dəli günlər kişnəşmədə.
Qan gəzənin ömrü kür.
Xalqın ruhu qartlaşanda,
Dərd pərisi qəm bükür.
Qobuzlar hava çalmıyor,
Dara dirənib öləng.
Bədən başsız dayananda,
Biləklərdə varmı cəng?
Yorğa yellər yellənmədə,
Yosma yellər yerində.
Yeriklənən öc atlısı,
Gələr günün birində.
Tanrısından üzü dönüb
Haqqı əyəndə zorlu,
Qeybdən Qorun oğlu gələr,
Misri qılıncı qorlu.
Hay salanda dən Koroğlu,
Qırat qırmağa gəlir.
Tatı əcəl hərləyəndə,
Özü qarmağa gəlir.
Yunusun sazı zəng çalır,
Qorqudun sözü qazi.
Şəhid qanıyla yoğrulan
Torpaq olur ərazi.
Tuğlar durur üzü göyə,
Hucum gözləyir çəri.
Tanrıya yol ibadətdir,
Hünər ondan içəri.
Üfüqlərin zəbdi yaxın,
Axın var dan üstünə.
Hoydu, hoydu türk budunu.
Yeri meydan üstünə.
Cəng mələyi yollar açır,
Dərd devini döyənə.
Xilasçı boz qurd gələndə,
Nə mutlu türk deyənə.
El bağrında ər qopardır,
Bayraqların ləngəri.
Sənə hucum əmri gəlib,
Sıraya dur cəng əri.
***
Əbədi yol gedir bizim qəfilə,
Əzəl də, axır da sonsuz dənizdi.
Bizi həyat eşqi çəkdi sahilə,
Bizi quduzlaşan dalğalar əzdi.
Qovdu yelkənləri uğur küləyi,
Yolumuz tuşlandı üzü günəşə.
Tarixi yazdıran savaş mələyi,
Bizi zaman-zaman çəkdi döyüşə.
Didişdik, vuruşduq yaşamaq üçün,
Yaşadıq əsatir əsrarlığında.
Tarixi kotana qoşan maq üçün,
Zəfərlər topladıq əsr ağırlığında.
Üst də Tanrı mülkü, alda yağız yer,
Üfüqdən-üfüqə qatlandı dünya.
Sən bozqır oğluna at ver, qılınc ver,
Gedəni yenməyə güc olurmu ya!
Bayraqlar ardınca yürüdü aylar,
Hara nal dəydisə ora el oldu.
Tarixə döndükcə altun saraylar,
Çadırlar içində tarix doğuldu.
***
Biz belə vuruşduq, biz belə yaşadıq,
Adımız hünərlə, zəfərlə qoşadı.
Bu dünya, bu həyat çox doldu, boşaldı,
Bir an da sönmədi ərənlik həvəsi,
Qoy bizə heç kimin yazığı gəlməsin.
Keçildi bu cığır, örtüldü qapılar,
Hər itən xatirə bir nazik sap olar,
Öləni hər zaman ağlayan tapılar,
Biz atəş dinlədik mərsiyə əvəzi,
Qoy bizə heç kimin yazığı gəlməsin.
Xoş müjdə gətirən ağatlı gələcək,
Ağ keçə üstündə bizə dost gələcək.
Bu dağlar, bu daşlar bağırır kələtək,
Hədəfə çatanda əsgərin gülləsi,
Qoy bizə heç kimin yazığı gəlməsin.
Nə qədər yaşayır azadlıq azarı,
Güllələr atılır, sinələr qızarır,
Göy qübbə altıdır əsgərin məzarı.
Küləklər saçında gəzdirər bu səsi -
Qoy bizə heç kimin yazığı gəlməsin.
***
Bu torpaqda mələz yox,
gəldi tirendə rüzgar.
Bələklərdə bəbəklərin bəklədiyi
bir sonuncu savaş var.
Qərənfillər qan qoxuyur,
yabançılar yurda çəkmə sancanda yard-yard,
Güvənliyin səngərində
nə ön sıra var, nə ard.
Qara dağlar yeriyir ulu çölün zikrində,
göyə tuşlanmış minarələr duruq.
Nə bu yurd Kolizey meydanı deyil,
nə də biz qladiatoruq.
Yüz illərin yaxasında
yollar yorduq, kəndlər qurduq,
bir yanı Rum, bir yanı Çin.
Şəhidlərin kəmiyindən
qübbə hördük bu yurd için.
Hürrün ardınca qaçarkən dünya
finişə sayru çatan biz.
Hürrü almaq qəliz işdir,
hürr yaşamaq ondan qəliz.
Zamanın atom qazanında
ruhumuz mavi dilli plazma.
Yağı görüb qan qusanı
ulular kitabına yazma.
Qoy efirdə şər deyilsin bizə legion-legion,
qoy kitablar hucum çəksin falanqa-falanqa,
lazım olsa Ərtoğruluq,
lazım olsa Ərtunqa.
Ərəniyin fəth atında,
arzuların qanadında,
apar bizi son savaşa,
apar bizi, apar Ata.
Axacağıq uzaqlara,
iz qoyarıq kainata.
Kurqan-kurqan, təpə-təpə,
ulduz-ulduz, planet-planet,
yer üstündə əbədi yurd,
göy altında Tanrı eli,
bir məmləkət quracağıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!