Bir ovuc ayrılıq ətri
Dilə yatmayan həqiqətlər
İllər keçdikcə yalan oldu
Sevdiyimiz qız köçüncə məhlədən
İtirməyi də öyrəndik
O gündən olan oldu...
Sərçə yuvalarını dağıtdıq
Sərçə boyda əllərimizlə
Günahın nə olduğunu bilmədiyimizdən
Bilmədik ki,
Etdiklərimizin cəzasını çəkəcəyik nə vaxtsa.
Yaş keçdikcə böyüdük,
Futbol meydançasına sığmaz oldu günlərimiz
Elə bildik atamız qədər böyümüşük
Və sanki bir gecədə əvəzlədi oyuncaqlarımızı
Siqaretlə alışqan...
Suların yuduğu çaydaşıtək
illər içdən-içə kiçiltdi bizi,
Zamanın məzar daşlarından sildiyi adlar kimi
Unudulduqca bir az daha silindik sabahımızdan...
Üzr istədik hər Aşura
Susuz can verənlərin dodaqlarından
Heç vaxt gəlməyəcək
Xəyali qadınların ətəkləri toza bulaşmasın deyə
Yollarına ovuc-ovuc səpdiyimiz sular üçün...
Ölüm qapımızı döyən gündən
İtkini və ayrılığı saldı yadımıza gülab ətri.
İndi bu dəqiqə başımda dolanır
Yaşadığım bütün ayrılıqların havası
Sən də qarşımda siqaret çəkirsən
Üç ya dördüncü qədəhdən sonra
Artıq sərxoş-sərxoş baxırsan
Ruhunda qanayan adamsızlıq yarası
Çiyinlərinin titrəməsini gizlədə bilmir saçların.
İndi sənin də öldüyünü başa düşürəm
Əllərinin ətri deyilmiş hopan əllərimə
Bir ovuc ayrılıq ətri...
Bir ovuc gülab qoxusu...
Şam, pərvanə və kibrit qutusu
Aramızdakı məsafə
Ölçülə bilməyəcək qədərdi
Kədərdi bizi ayıran
Ev-ev
Küçə-küçə
Şəhərbəşəhər
Uzanan kədər
Burdan sənə neçə şeirlik yoldu, görəsən...
Bir yanıqlı nəğmə yazıb
Göndərsəm
Bakının sinəsindən ah kimi qopan küləklərlə
Çatarmı sənə
Qaranlıqla işığı bircə şam ayırırsa
Bizi uzaq salan yolları
Şamla gəzmək dəlilikdimi...
Şamları yandırıb gəlirəm
Pərvanələr də cibimdə
Kibrit qutusunda
Dənizkənarı şəhərdən başqa nə göndərə bilərəm sənə...
Bir az sevgi
Bir az...
İndi gecənin bir aləmində...
Nə bir şərqi
Nə də hansısa təsəlli gəlir köməyə
Bakının beşiyini yelləyəndə asi Xəzri
Sənin şəhərində günəş parıldayır
Sənin otaqlarında işıq döyüşmür zülmətlə
Gecə sandığından qara çarşabını çıxarmayıb hələ...
Gözlərindən süzülən ağrı
İçimizdəki şeytanı öldürə bilmədik deyə
Başqalarında
Gözəl nə varsa
Ümidə və gələcəyə dair
Başladıq öldürməyə...
Ölü şeirlər yazdı şair
Ölü uşaqlar doğdu qadınlar
Fahişələr canlarındakı xəstəlik kimi
Ümidlərini gəzdirdi əlləri hər yerdən üzülənlərin...
O gündən şəhər itirdi işıqlarını
O gündən
Qoca əyyaşın üzü kimi
Qırışdırdı həyat taleyimizi...
Bir neçə sevgi şeirində qaldıq
Bir neçə yarımçıq xatirədə
Həyat loto daşları kimi eyni kisədə qarışdırdı bizi
Bir şəhəri bölüşən iki sevgilinin
Uzaq düşə bilməyəcəyi qədər uzaq olduq.
İlk görüş yeri də
Unuduldu...
Sildikcə duzlu göz yaşlarını yanaqlarından
Əllərimə hopur
Gözlərindən süzülən ağrı...
Bakı radələriylə
Bizim ayrılığımız
Ancaq bizim ürəyimizi yandırar
Təkcə bizi parça-parça edib atar bir küncə.
Saat 8-i göstərərkən Bakı radələriylə
Mənə hər zamankından acı gəlir çəkdiyim siqaret
Sənə dadsız gəlir içdiyin çay
Kafedə iki nəfərə bir bəhanə axtarırıq bir az daha oturmağa.
Dəniz
1
Qağayılar anlamaq istəmirdi
Hər səhər
Dənizin üstündə qanad çalıb çağırdıqları balıqlar
Qanad aça bilməzdi onlarla göylərə...
2
Dəniz sevgilisi sahilin ətəklərindən təmizləyirdi
Adəm oğlundan qalma töküntüləri
Dalğalarıyla...
3
Üzə bilənlərin daha çox boğulduğunu öyrənəndən bəri
Həm üzə,
Həm sevə bilmədiyimə görə sevinirəm...
Nə Xəzərdə
Nə də bir qadında ölməyəcəyimə görə...
Skamya
1
Skamyada bir adamın oturduğunu görüb
Boş yer axtardıqca insanlar
Park-park yayıldı hər yerə
Həmşəhərlilərimdən yalnızlıq xəstəliyi...
2
Uşaq idim
Adını məhlədəki skamyaya yazanda...
Və illər sonra onun sökülüb
Bir ocaqda kül olacağı ağlıma gəlməzdi
Sevgimin başına gələnlər kimi.
3
Qışın barmaq kəsən,
Zülmətin sabah heç olmayacaq kimi uzun çəkdiyi
Gecələrin birində
Skamyada ölü tapılan bomjun
Üstünə qəzet sərilmişdi
"Bu yay daha fərqli olacaq" başlıqlı
Görmədi, getdi...
Cibində göyərçinlər üçün bir ovuc dən.
4
Səninlə bağlı hər şeyi ağlımdan sildiyim zamanlarda
İlk görüşdüyümüz parkı da sökdülər
Skamyalar tabut kimi getdi çiynində fəhlələrin
Üstündə səndən qalma bir ağrı
Üstündə iki adamlıq yalnızlıq...
Bakıda abadlaşdırılma,
Ürəyimdə sənsizləşdirmə gedir.
Hindunun şərqisi
Tanış səs axtarır qulaqlarım...
Ətrafımı boz tüstü kimi sarıb adamsızlıq...
Tikintidən baş qaldıran çəkic səsləri
Tıxaclar
İtlərin hürüşməsi
Qorxub qaçan pişiklərin qırıq-qırıq nəfəsləri
Bakının iniltisini boğur.
Bu şəhərin sonuncu hindusuyam
İbadətgahları əlindən çıxan...
İnancı uçurulan
Çadırları yıxılan...
Tanış səs gəlir gendən
Çox uzaqdan
Hansısa həyət evində
Əlləri payız qocalar nərd oynayırlar.
Qoxusunu da hiss edirəm
Bir qaşığa on üçü yerləşən düşbərənin
Buralarda olmasa belə
Hardasa köhnə Bakı yaşayır hələ də...
Barmaqsız uşağın şeiri
Barmaqlarını itirən uşaq
Barmaqhesabı saya bilərmi günlərini
Uzaqlardan gələcək atasının
Qışda əlcəklərə
Qara həsrətlə baxmazmı
İstəməzmi bəyaz qarların soyuğundan qızarsın barmaqları?
Böyüsə qanadları qırılmış sığırçıntək
Böyüsə içində ağrılar kimi
Sevdiyinə
Yaz günü çiçək qoparmaq keçməzmi içindən.
Sevdiyi qadının
Küləyin qoynunda dalğalanan saçlarını
Yığmaq istəməzmi ovcuna...
Bərk-bərk sarmaq istəməzmi əllərini
Ölüm döşəyində olan anasının...
Ya da atasının tabutundan yapışmaq...
Bəlkə bir gün
Kəndiri boynuna keçirmək keçməzmi ağlından?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!