Tərk edilən ağaclara - Sevinc Elsevər - şeirlər

Tərk edilən ağaclara

Ərköyünləşdirərdilər bizi

başlarına çıxararaq

atamız kimi

əmimiz kimi

dayımız kimi

bizə doğma olan ağaclar

bir budağından əlimiz üzülsə

başqa bir budağı tutub saxlardı

yıxılmağa qoymazdı...

 

Onları qucaqlayan torpağı tərk edərsək,

başlarını bulayıb etiraz edərdilər

son anda əl sallardılar çarəsizcə

xısın-xısın dərdlənən yarpaqları

payız gəlmədən tökülərdilər

barları az olardı biz gedəndən sonra.

 

Uşaqlığımın doğma ağacları,

illər oldu sizləri görməyəli

sizdən sonra heç bir ağac doğma olmadı

tanışım belə olmadılar

özümü assam budaqlarından

yarpaq belə bulamazlar

titrəməz budaqları.

 

Sizlərə arxayın olduğum kimi

arxayın olmadım başqa ağaclara

dırmaşmadım boyunlarına

sallaşmadım budaqlarından

yelləncəklərinə belə minmədim

gizlənqaç oyunlarında sizlər kimi

gizləmədilər məni

kölgələrini belə minnətsiz

qəbul etmədim

babamın əlləriylə əkdiyi

nənəmin su verib yekəltdiyi

atamın diblərini belləyib bərkitdiyi

a doğma ağaclar,

çiçəklərinizin qoxusu

 ciyərlərimdən çəkilmədi

bilirsinizmi?

 

Küçəmizdə

qəhrəmancasına

həlak olan ağaca

 

Küləyə qarşı ağaclar döyüşür ən çox

yer üzündə

cəngavərcə

qəhrəmanca

daha çox ağaclar sovrulur küləklərlə

qurbanlar verirlər hər tufan sonrası

ya canlarını

ya budaqlarını

körpə fidanlarını

heç olmasa quruca yarpaqlarını

ətirlərini bir mehə

bənddirlər dağıtsınlar.

 

Bir də əsla geri çəkilmirlər

bir ordu olsalar da

tək-tənha dursalar da

sonsuz çöllərdə

diz üstə çökməzlər

küləklər önündə

yıxılarlar ana torpağın qucağına

külək yıxdığı ağacların baş ucunda

oturub ağlar

yırtıcı da olsa

onun da qəlbi var.

İngilisdilli

Ucqar bir kənddə

ingilis dili müəllimiydi

yad dili öyrətdiyi uşaqlar

qatar-qatar uçub getdilər

bir kimsə qalmadı

sevdiyi dildə kəlmə kəsməyə...

 

Bir ömür keçdi

ömrünün köhnə gəmisi

heç bir yad sahilə yan almadı

bapbalaca bir kafeyə gedib

bir fincan qəhvə belə

ismarlamadı həvəslə

ömrünü öyrənməyə həsr elədiyi dildə...

 

Halbuki

dünyanı gəzmək, görmək arzusu vardı

uzaq gənclik illərində

ingilis dilinə sevgisi də ondandı...

 

Hərdən öz-özünə danışdı

ağaclarla danışdı

quşlarla danışdı

amma kəndinin

nə ağacları

nə quşları

sevimli dili bilmirdilər

susub cavab vermirdilər...

***

Doğrudanmı,

evlərimizin qəlbi

bu buz kimi soyuduculardı?

onlardan asılıdı

evlərimizin hüzuru

sevinci

sevgisi?!

***

Evindən uzaqda

azdırılmış pişik kimi

bir tək quyruğumla dərdləşirəm artıq.

***

Vatsapda rəfiqəsinə

dərdini anladır dərdli qadın

gözüyaşlı baş şəkilləriylə

                  bəzəyə-bəzəyə dərdlərini

 

durğu işarələrinə

nöqtəyə, vergülə

bütün dil qaydalarına dəqiqliklə

yerli-yerində əməl eləyən rəfiqəsisə

onun fonetik, qrammatik səhvlərini

hər şeydən əvvəl görür.

 

Qorxuram

Uşaqlıq illərində itdən qorxuma bənzəyir

həyatdan qorxum

harda ağzı yava bir itlə üzləşsəm,

yerə çömbələrdim

yalandan özümü elə göstərərdim

daş götürürəm

itə tərəf sıxmağa

hər dəfə boş olurdu əlim

daş olsa belə,

götürməyə cürət etməzdim...

 

Bu hiyləni nənəm öyrətmişdi

 

daha qorxum yox küçə itlərindən

əksinə it hürən tərəfə

                        gedirəm qaranlıqlarda

uşaqlığımdakı kimi

               yalançı işıqlara aldanmıram.

daha həyatdan qorxuram

uşaqlıq illərinin itləri qədər

                            qorxuncdur həyat.

Yenə də əlim boşdur

həyatın zərbələrinə qarşı

atmağa daş yoxdur əlimdə

üstəlik itlərdən amansızdı həyat

onlar qədər saf və səmimi deyil...

oysa necə inanardı zavallı itlər

əlimin boş olmadığına

onları daşa basacağıma

 

Nənə, əziz nənəm,

sən artıq yoxsan ki

soruşam mən

bəs həyatın qıcanmış dişləri qarşısında

necə duruş gətirə bilər adam?!

Kağızdan təyyarələr

düzəldib uçurmaqları

gəmilər düzəldib üzdürmələri

uzaqlar arzusundandı uşaqların

 

yuvadan uçmaq

arzusundandı...

 

Zaman olacaq

geri qayıdacaqlar,

xəyallarda

yuxularda

onda nə gerçək uçaqlarla

nə də ən nəhəng gəmilərlə

qayıda bilməyəcəklər

tərk edib getdikləri uşaqlığa...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!