Gedək, bir ömür yaşayaq... - Nazim Əhmədli - şeirlər

Dünya bizim yuxumuzdu

biri vardı, biri yoxdu,

bu nağılı kim oxudu;

deyirlər, dünya yuxudu,

hələ ki, oyağıq, gedək;

 

burnumuz kükürd qoxulu,

gözlərimiz süd yuxulu;

gəl, danışaq süd nağılı,

süd yoluna axıb gedək;

 

harda yoxuq, harda varıq,

buluduq, yağışıq, qarıq;

bir ayrı dünya axtaraq,

ayrı yerə yağıb gedək;

 

yediyimiz üzüm deyil,

dediyimiz düzüm deyil;

heç, dünya da bizim deyil,

dünyadan uzağıq, gedək;

 

payıza, qışa düşürük,

qana, qarğışa düşürük;

çox şeyi başa düşmürük,

hələ, çox uşağıq, gedək;

 

varımızdı, yoxumuzdu,

acımızdı, ağrımızdı;

dünya bizim yuxumuzdu,

yuxumuzdan çıxıb gedək.

 

Bir acı sözdən yıxıldım

bir acı sözdən yıxıldım,

üzüm-gözüm qan içində;

qayıdın, götürün məni,

ölmüşəm, bir an içində;

 

bu nə cığır, bu nə yoldu,

ruhum harda yatıb qaldı;

qarşı dağlar itib qaldı,

qaldı, kor duman içində;

 

tanrının haqqı boynumda,

fələklər öz oyununda; 

yurd yeri əli qoynunda,

lalıyır, zindan içində;

 

könlümü bir od qarsalar,

həsrət saçıma qar salar;

solur, şipşirin arzular,

qocalır, güman içində;

 

kimdi, bizi dilə tutan,

alnımıza güllə tutan;

gözümüzü küllə tutan,

min illik yalan içində;

 

yayda nə var, qışda nə var,

gözündəki yaşda nə var;

öpdüyün o daşda nə var,

bu dəli dövran içində;

 

itib-batan yaddaş kimin,

dərd də olub, qardaş kimi;

dünya fırlanır daş kimi,

köhnə dəyirman içində.

Gedək, bir ömür yaşayaq

ürəyimə bir söz axıb,

kövrəlib dolduğum yerdə;

payız nədən at oynadır,

baharın solduğu yerdə;

 

tac oldum, taxtdan yıxıldım,

bir şirin baxtdan yıxıldım;

nədən, tələsib doğuldum,

dərdin doğulduğu yerdə;

 

mən dərdi gördüm, yaxından,

alışıb yandım, ahından;

anam çəkilmir, yuxumdan,

saçını yolduğu yerdə;

 

hanı arzu, hanı dilək,

nə cinəm, nə də ki, mələk;

göydən daş yağaydı, fələk,

sənə qul olduğum yerdə;

 

hər tərəfdə fitnə gəzir,

bu yurdda yad it, nə gəzir;

xeyir-bərəkət nə gəzir,

haqqın boğulduğu yerdə;

 

divara kilim yaraşır,

çəkənə zülüm yaraşır;

adama ölüm yaraşır,

yurddan qovulduğu yerdə;

 

neynirik, dərdi daşıyaq,

daş götür, dərdi daşdıyaq;

gedək, bir ömür yaşıyaq,

dərdin sovulduğu yerdə.

 

Ağlımı kim aldı, deyim

göy üzünü yarı bölüb,

ağ buludlar, barı kimi;

qara tellərin dağılıb,

könlümün qubarı kimi;

 

çəmən çiçək, bağça çiçək,

sarmaşıb ağaca, çiçək;

görürsənmi, ağca çiçək,

saçlarımın qarı kimi;

 

doymadım, bu yol-yolaqdan,

su içdim, bir xoş bulaqdan;

payız boylanır uzaqdan,

rəngi-ruhu sarı kimi;

 

ağlımı kim aldı, deyim,

dilim-ağzım laldı, deyim;

dodaqların baldı, deyim,

baharın nübarı kimi;

 

gözüm baxır, Ay üzünə,

tellərini yay, üzümə;

çıxım gedim göy üzünə,

səni sevim, Tanrı kimi.

Gəl, burdan çıxaq gedək

yorub təngə gətirdik,

yolları, yolaqları;

biz dünyanın ən fağır,

ən məsum uşaqları;

 

harda batdım günaha,

nə qalıbdı, sabaha;

ürəyim küsdü, daha,

unutdum, bulaqları;

kimin simsarı gəlir,

payız sap-sarı gəlir;

elə bil, darı dəlir,

fələyin qulaqları;

 

seldi-sudu, hər yanım,

kim çağırsın, oyanım;

əriyir bu dünyanın,

min illik buzlaqları;

 

hələ sağam, üzülmə,

nə vaxt gəldim özümə;

rüzgar çırpır üzümə,

qarları, sazaqları;

 

buludlar ətək-ətək,

yığışaq, pambıq didək;

gəl, burdan çıxaq gedək,

sevirəm uzaqları.

 

Mən adda adam yoxdu

kimdi, qapımı döyən,

axı, bu gecə vaxtı;

mən nə vaxtdan yatmışam,

təkcə ruhum oyaxdı;

 

durum gedim hayana,

sular axıb dayanar;

bəs o, alışıb yanan,

ulduzlar hardan axdı;

 

tay, qönçələr boy atmır,

kimsə məni oyatmır;

əllərim göyə çatmır,

göy üzü çox uzaqdı;

 

mən nə sində, nə üzdə,

bu bətdə, bu bənizdə;

ruhum uzaq dənizdə,

bir yelkənsiz qayıqdı;

 

deyir, bəduğurmuşam,

harda dərd udurmuşam;

deyən, unudulmuşam,

mən adda adam yoxdu.

 

Saçlarıma bir səhər çək

gümüş yuxular kimiyəm,

gecələrim çiçək-çiçək;

dönüb qayıtmır üstümə,

xəyallarım, gerçək-gerçək;

 

axı, nədən belə kürsən,

elə könlümü ütürsən;

gedib sənə dərd gətirsəm,

ağla, sızla, birtəhər çək;

 

mən hansı cığırda azdım,

qar tutubdu alın yazım;

pörşülənib, dilim-ağzım,

göz yaşından bir zəhər çək;

 

ağca sular axıb gedər,

həsrət məni yaxıb gedər;

qoyma, ruhum çıxıb gedə,

ürəyinə bir çəpər çək;

 

dünyanı çapım, gətirim,

dərdin ağ sapın gətirim;

bir fırça tapım, gətirim,

saçlarıma bir səhər çək.

Daha, yolumu gözləmə

özümə bir dua yazım,

atım, göyün ortasına;

sonra, sonra da, and içim,

bu günün günortasına;

yapışım, bir ağ buluddan,

qoy aparsın, külək məni;

yuxumda sevib oxşayır,

bir ağılsız mələk məni;

 

bax, bir azdan,ulduzlar da,

silkələnib töküləcək;

tanrılar da, göy üzündən,

uzaqlara çəkiləcək;

 

axı, bizi kim danışıb,

bir yalançı nağılıq, biz;

yalan - yalan yuxulardan,

bu dünyaya doğulduq, biz;

 

mən də, bir eşqin zəvvarı,

ağ buludlar yetim-yetim;

hələ, bir az da yolum var,

hava qaralınca gedim;

 

onsuz da, yollar qısadı,

bir gün gələr axır, çatar;

dəli-dəli sevdalardan,

mənə də, bir nağıl çatar;

 

payız da, qış da, ləngiyir,

yazı, yayı da, bilmirəm;

daha, yolumu gözləmə,

birdən, qayıda bilmərəm.

 

Nə var, yoxdan o yana

ox atdım, dağa düşdü,

gedək, oxdan o yana;

alnına nə yazılıb,

o gül baxtdan o yana;

 

yolu hardan əyirsən,

kola-kosa dəyirsən;

padşah ol, istəyirsən,

yeri, taxtdan o yana;

 

buludlar dəstə-dəstə,

ömür gedir, ahəstə;

durub yolların üstə,

qara, ağdan o yana;

 

bu göy üzü aynadı,

könlüm, gözüm oynadı;

bir acı su qaynadı,

buz bulaqdan o yana.

 

kim fırladır, dünyanı,

uçub gedir, bir yanı;

xeyir-bərəkət hanı,

gedib çoxdan, o yana;

 

dünya belə hərlənir,

hərə bir cür girlənir;

gözüm yoxa dirənir,

nə var, yoxdan o yana.

 

Sonuncu dünya

əlini qoy sinəmə,

gör, ürəyim ordamı;

buluddan sel açılıb,

çökür, göylərin damı;

 

kimdi, mənim həyanım,

tez çağırın, oyanım;

Tanrı quran dünyanın,

 divarından su damır;

 

bulud çalma-çalmadı,

ayrılıqlar solmadı;

daha bir şey qalmadı,

sular yuyur, odamı;

 

bu Yer üzü nə sində,

nə saatda, nə gündə;

gözümüzün önündə,

qoca dağlar budanır;

 

dərd də bir çiçəyüzü,

mən, kimin ögey üzü;

öləziyir, göy üzü,

sönür, Günəşin şamı;

 

daha bəsdi, dayanın,

gəlin, od vurun, yanım;

mən, sonuncu dünyanın,

ən dəlisov adamı.

Quşların son baharı

dönür yayın sonuna,

quşların son baharı;

yenə qayıdıb gəlir,

ürəyimim qubarı;

 

bu ömür-gün bir içim,

gəlim, nazını çəkim;

yarpaqlar büküm-büküm,

yarpaqlar sarı-sarı;

 

ağ saçım qardan düşüb,

yolum hasardan düşüb;

alnıma hardan düşüb,

tanrının dərkənarı;

 

dağ uçdu, qarı böldü,

qəfil daş narı böldü;

göy üzün yarı böldü,

buludların divarı;

 

qönçələr puçur-puçur,

küləklər hara qaçır;

deyəsən çiçək açır,

əllərimim qabarı;

 

ruhum harda çərriyər,

itən yurdda kiriyər;

od yandırma, əriyər,

göy üzünün kənarı.

 

Yenə, kimsə gələcək

yenə, o qərib səsdi,

ürəyimi oxudan;

yıxıldım Yer üzünə,

bir qarışıq yuxudan;

 

açdılar bələyimi,

yoldular lələyimi;

asdılar ürəyimi,

bir həsrətin oxundan;

 

Yer üzü günahıydı,

hərə bir padşahıydı;

axı, kimin ahıydı,

tanrıları qorxudan;

 

dönüb hara sapırdım,

ağrı-acı tapırdım;

yuxuda at çapırdım,

ayaqları qarğıdan;

 

yorub çatdım, yolları,

hanı, eşqin qulları;

kimdi, bu göy suları,

göy üzündən axıdan;

 

buludlar lələk-lələk,

bax, indi töküləcək;

yenə, kimsə gələcək,

bu dünyanın yoxundan.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!