Elşən Mehdinin şeirləri

 

1985, bir ev - köhnə, balaca
Pəncərə şüşəsində güzgülənən bir qoca;
Resepti dilucunda, dua kimi oxuyur,
Dərman qutularını qızıl kimi qoruyur.
O, inanmır öləcək, o inanmır qocalır,
Hələ bir ay sonraya, kinoya bilet alır.
Arada qarışdırır köhnə şəkil qutusun,
İkiəlli qaldırır, sovetin daş ütüsün.
Köynəyinin qolları əlinə silgi gəlir,
Şəkildəki cavanın üzünün tozun silir.
Yağış döyür çardağın, dizləri sızıldayır,
İndi elə yaşdadır susamır, çaysızlayır.
1985. Katolik məzarlığı
 

*  *  *

Mən sənin yorulanda
Ayağınam, əlinəm.
Neçə ildi evliyik
Hələ də sevgilinəm.

Küsəndə qoca baban,
Ağlayanda qardaşın,
Evə qonaq gələndə
Əziz həyat yoldaşın...

Kölgəyəm başın üstə
Səhərədək dayanan...
Darıxanda atanam,
Xəstələnəndə anan.

Deməyə çəkindiyin
Sözün olsa, qəfildən
Gözünü yum danışaq
Mən də sənin rəfiqən.

Xatırlamaq

Xatırlamaq - memorial fotolentin hərəkətə başlaması;
Xatırlamaq - sənə görə keçmişdən bir əsinti;
Xatırlamaq - Bir vaxt yaşadıgın evin qapısını
                        aradabir çimdikləmək;
Xatırlamaq - bəlkə də bir metafizik hadisəyə
                        veriləcək ən gözəl ad;
Xatırlamaq - zamanın anlayış kimi olmadığı
            paralel bir müstəvidə təkrarlanan proses;
Xatırlamaq - sənin unutduqlarının səni xatırlamasıdır.
Xatırlamaq - bir an üçün ömrə unutdugun
                        yerdən davam etmək;
Xatırlamaq - hələ reklamları gedən gələcəyin
                        gəlib keçən yerlərinə sədaqət
Xatırlamaq - düşüncə itiliyinin sözü qabağlaması
İliklərin varlığını sızlayaraq göstərməsi
Bütün göstəricilərin izi qalan kölgələrə üz tutması.
Kölgələrə....
Xatırlamaq - darıxmağı isim kimi əvəzləyən,
                        hiss olaraq tamamlayan,
Bir duyğunun digərinə ən yaxını,
Dilin sözə olduğundan daha yaxın.
Xatırlamaq - gözlərimi bir nöqtəyə
                        pərçimləyən susqunluğum...
Bəzən mənə varlığımı unutduran yorğunluğum...
Xatırlamaq - tibbi desək, Alsheymer
Ciddi desək, koma.
45-lərin unutduğu Naqasaki, Xirosima,
Sivillerin unutduğu evin arxa pəncərəsi.
Xatırlamaq - baş döngüsü,
Eyni anda tutunduğun divarları xatırlamaq;
Eyni anda digər əlin boş bir divar axtarması.
Xatırlamaq - ömrün xronologiya yarpaqları
                                   dura-dura,
Ardıcıllıq gözləmədən xatırlamaq.
Sənə görə necə gəldi,
Mənə görə orta məktəb sənədləri nizamında.
Xatırlamaq - Remarkın dediyi kimi,
Kemmeriçin yatağını bir dünyaya xatırlatmaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!