Şüşə qabın içindəki
o çırpınan quşdan öncə
birinci mən ölməliydim
özüm ölməliydim, məncə
hamı diri qalsın deyə...
Mənim kimi bir üzgünə,
bir qəribə, bir küskünə
bir də çat vermiş güzgünə
sən baxanda bilməliydin
bilməliydin ki, son nədi...
Kövşənliyə kibrit çalan
dəcəl bir uşaqmış ölüm...
indi küləyi çağırır
çağırır sovrulsun külüm,
yəni bilim ki, son nədir...
Öz yıxılmış anasını
qaldıra bilməyən çocuq.
qısılıb ona ağlayır
dodağında məhrəm uçuq...
Amma bilmir ki, son nədi
şirin-şirin ha höccələ,
qurtarmaq bilmir bu nağıl.
Gündə yüz yol ölə-ölə
sevgiyə diz çökür ağıl,
di gəl bilmirik son nədir
bu nağılın bitməsinə
bitənlərin ötməsinə
ümid eləyirik mağıl
amma bu da bəhanədi,
son nədi yenə bilmirik...
***
Güzgünün o üzü - qara, qapqara...
sevginin o üzü - eləcə, zülmət...
ömrünsə o üzü - ölümdü, ölüm
ölümün tərs üzü... qismət, ya qismət!
Qiyam ki, qiyamət doğurmaz... doğru...
biz nədən doğulduq, bəs ya qiyamət!
üstünə bir arı qonmayıb hələ
bu Gül - biz deyən Gül deyilmiş, əlbət...
ipəyi çəhrayı boyandı, olsun...
barama dediyin ölər - tanımaz
barama dediyin ölür əslində
yatır nur içində... kimsə qınamaz...
Sözün astarını kimsə boyayır,
hər kimsə, fərqi yox... Yazan sınamaz...
biz türbət daşıyıq, eləməz bidət,
çünki bir tikəmiz sınmayıb hələ.
Deyirsən ki, sınar, sınar, darıxma -
vuran əl - əl deyil... əl deyil, əlbət...
ağrıya-ağrıya çırpınan külək
heykələ çırpılan təpikdən betər...
Bir qızın telinə ilişən ruhun
salıb itirdiyin qəpikdən betər...
Çarx geri fırlanır, ömür irəli,
ortada rəqs edən nədir bəs, nədir?
Ölüm dodağından öpüb həzz alır,
son nəfəs deyilsə, bəs nə əsnədir?
başının üstündə sirli bir hava
sinənin altında gizli imarət...
Deyirsən bir kimsə öyrənə bilməz,
deyə də bilməz ki, nədir bu hikmət...
deyən dil, dil deyil... dil deyil, əlbət...
Şəmsə verilmiş dörd suala işarə
Ömrün boz səhrasında çarıqsız gəzir biri
dabanlarının çatdağında
qum dənələri daşıyır xoşbəxtcəsinə
ölsəm bəsimdi deyir.
Deyir: həmd olsun sənə
həm də Eşq qübbəsində çıraqsız dözür o adam
qaranlıqları çinləyir faniliyin boş boğçasına
bilsən bəsimdi deyir.
Deyir: həmd olsun sənə
adam nə vaxt dar ağacına oxşayır, Şəms?
adam nə vaxt dar ağacına çevrilir axı?
Əlbəttə deyəcəksən: "boyun əyəndə..."
şümal boylu qədd-qamətli birisi
boynun əyəndə dar ağacına oxşayır, dar ağacına...
qıraqdan baxanda gözü qaralır adamın
içi göynəyir acı-acı
təkcə oxşasaydı nə vardı ki
beləsi dönüb olunca dar ağacı
tutub ondan asırlar Haqqı hər addımda
o cür dar ağaclarıyla doludu yer üzü, Şəms.
Doludu adam adında
hələ də gün doğmur üzünə beləsinin
Ay da doğmur üzünə
çünki çoxdan əyib boynunu
deyir: həmd olsun sənə
səhrada çarıqsız
Eşq qübbəsində çıraqsız qalan Aşiq
uyuyunca
Gül ləçəkləri səpilir üzünə
hələ də həmd olsun sənə deyir
deyir: həmd olsun sənə
yanından keçəndə dar ağaclarının
bəs biz nə deyək, Şəms,
Nə deyək kəndirdəki Haqqın üzündə quruyub qalana?
nə deyək içimizdə buz salxımı kimi
artıb-böyüyən burulğana
bir kirpik çalınca başlamış Eşq adlı üsyana
nə deyək bəs?..
...heç nə
həmd olsun Ona deyək,
Şəms...
Uçurulmuş evin ağısı
Aynabəndi uçurdular
çilikləndi şüşələr
bəlkə oyuncaqlarını tapar deyə
indi bir çocuq hər gün yaddaşımın xarabalığını eşələr
hər gün onun doğranmış barmaqları ucundan
qızılı bir gün doğar, ilahi,
gün damcılar bir ölünün tabutuna
bir dirinin sükutuna
qeyb olmuş bir aşiqin miskin umuduna
gün doğar, gün doğar həmişəkitək...
Üz tutub getdiyin yol
udar səni toz kimi
getmə! Yerimə!
uç! - deyir...
ölüb qovuşacağın torpaq
üşüdər səni buz kimi
yerin altına girmə!
köç! - deyir...
o sevdiyin qızın qəlbi
sənin son məkanındır -
qapısı Tanrının qapısı kimidir -
onu döyməzlər!
aç! - deyir...
amma necə? Necə? - demir zalım
çünki dodaqaltı qımışıb
Ondan başqa hər şeyə
puç deyir...
***
Küləyi yazdım kağıza
yazdım şıdırğı yağışı
düşdüm islanmış şeirdən
endim Söz adlı yoxuşu
elə bildilər dəliyəm...
Endim ayrılıq düzünə
bomboş idi biyabanlıq
çox ağır gəldi özümə
özümdən gələn yamanlıq
elə bildim ki, dəliyəm...
Gördüm yol yoxdu geriyə
göy qapalı
yer qapalı
çarşabı cırıq üfüqdə
tökülüb zamanın nalı
anlamadım nə baş verir...
Hər şeyi gec dərk elədim
dişlədim də barmağımı
ölümün yolu üstündə
dilənib oturmağımı
anladım... bildim dəliyəm...
hələ də bir yarpaq kimi
qopub düşməyim olur eyy...
ağlayanda üzüm gülür
güləndə gözüm dolur eey
heç olmasa bilirmi O...
bilmirsə... dəliyəm demək...
Yarpağın əsincə, qəsrin yıxılar
can adlı hücrədən çıxıb gedərsən...
Sonra sanarsan ki, qapın döyülür
açarsan... içinə bir işıq dolar
soruşmazsan da heç kimsən, nəçisən?
Sən: "keç" söyləyərsən, o məmnun qalar...
onun bir əlində parlaq aypara
o biri əlində xaç var, - görərsən
büt kimi oturar girdiyi yerdə
baxıb da könülsüz salam verərsən...
Amma nə xeyri var, hər yan sudursa...
suların üzündən mehtək ötərsən.
yarpağın əsincə, qəsrin yıxılar
can adlı hücrədən çıxıb gedərsən...
Sən də bir qapını döyərsən axır
deyərsən gəlmişəm, di tez elə, aç...
Görərsən qapıdan bir cüt əl çıxır
birində aypara, o birində xaç
büt kimi oturar kimsə canında,
hər şeyi anlarsan, anlarsan onda...
Suların üzündə bir yarpaq tapıb
çıxarsan üstünə qarışqa kimi...
sonra hayqırarsan üzü göylərə:
- Burdayam, burdayam, Göylər Hakimi,
gəl məni bu fani yarpaqdan qopar,
gəl apar... mən burda çoxmu duracam?
gəl, qorxma, nə xaçım, nə ayparam var,
nə də ki, büt kimi bardaş quracam...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!