On beş yaşında qalsın
Qapına ünvansız məktub atalar,
İçində ox şəkli, ürək şəkli.
Biləsən yenə də səni sevən var
Elə gəncliyində olduğu kimi.
Gizli götürəsən anan görməyə,
Sivişib aradan səssiz çıxasan.
Tanış bir ünvanı eynində tutub,
Məktubu sinənə yüz yol sıxasan.
Ürəyin atlana, titrəyə, əsə,
Kağızı açasan, gah qatlayasan.
Elə qarışa ki, həriflər, sözlər,
O tanış xətti də tanımayasan.
Əl çala eyvana əyilən budaq,
Budaq da, yarpaq da bir nəğmə ola.
Qəfil həzinləşə o kiçik varaq,
Dünya başdan-başa sevgiylə dola.
Bu sevgi ta səni elə isitməz,
Saçındakı qar da ahıllaşıbdır.
Səndən ötən zaman geriyə dönməz,
Sevginin yolları nağıllaşıbdır.
Ömrün ilk çağına toxunma, könül,
O illər bir şirin xatirən olsun.
Əyninə geydiyin yaşın üşüyər,
Məktub da qoy on beş yaşında qalsın.
Xətrinə dəyərsən qocalığımın
Sonbeşik qızım saçındakı
ağ teli mənə göstərib təəssüfləndi
Saçın ağlığından qorxma, ay qızım,
Boy atıb göyərən ağ yalandan qorx.
Kürsü həvəsilə yüz dona girib
Fərsizə baş əyib əlçalandan qorx.
Şəvə saçlarında bir ağ tel nədir,
Ayır ver könlümü bağlayım, qızım.
O bəyaz tel sənin üz ağlığındır,
Sər sinəmin üstə qoxlayım, qızım.
Pərişan eyləyib sıxmasın səni,
Geridə qoyduğun qaynar illərın
Sən ömür bağımın ağ çiçəyisən,
Ağlığa yaraşır çiçək əllərın.
Ürəyinin odu-atəşi durur,
Hələ məhəbbətın dərya-dənizdi.
Aldanma saçdakı qaralıqlara,
Ağı, qarası da mənə əzizdi.
Ucalıq yoludur saçda ağ cığır.
Gözü doluxsunub ucalığımın.
Toxunma, könlümün kövrək yerinə
Xətrinə dəyərsən qocalığımın.
Qalxın, mehmetciklərim
Başda riyakar Fransa olmaqla, yenə
bir neçə Avropa ölkəsi qondarma
erməni "soyqırımına" imza atdılar.
Baş əymə, mənim türküm
Diz çökmə xəyanətə,
Tanrı özü dayaqdı
"Göy Türk" soylı millətə -
Hoylanmağın vaxtıdır,
Özünü türk sayanlar,
Metenin, Atillanın
İzinə iz qoyurlar.
Dünya türkü təkləyib
Bu savaşda mərd olaq,
Verək kürək-kürəyə,
Duraq ürək-ürəyə,
Cərgələnək, sıx duraq.
Alay-alay hoylanaq,
Xəyanətin cavabın
Gələcəyə qoymayaq.
Qalxın, mehmetciklərim!
Qalxın "Çanaqqala"dan
Şuşadan, Xocalıdan,
Yenə də qalib çıxaq
Açılan bu davadan.
Bu ağ yalanlar üçün,
Tökülən qanlar üçün
Hesab soraq dünyadan.
Möhtəşəm türk dünyası,
Yırğalan bir nəhrtək,
Kükrəyib qalx yerindən,
Getməsin gözə yuxu,
Şərə züy tutan Qərbə
"Qanunı" Süleymanın
Ölüm fərmanın oxu!
Ürəkdən çıxır
Yozumsuz bir dərdlə ömür sürürəm,
Elə bil ruzum da bu dərddən çıxır.
Birini bitirib başa vurmamış,
Biri körpə kimi bələkdən çıxır
Gecələr masama fikir tökürəm,
Elə hey arana-dağa çəkirəm
İçimdə hayana əyib, bükürəm.
Ağrısı ox kimi kürəkdən çıxır.
Məni Təbriz oyur, Şuşa yandırır.
Göyçəm, Zəngəzurum qoşa yandırır.
Dərdimi nə qanır, nə də qandırır.
Bütün bu oyunlar fələkdən çıxır.
Qələm də yorulub sözün içində,
Dözümüm bərkiyib dözüm içində.
Tüstüyə boğulur özüm içində,
Yanğısı ah kimi ürəkdən çıxır.
Utanıram qəbahətimdən
Mən sevə bilmədim səninki kimi,
Bu ürək də mənə ürək olmadı.
Sevgisini verdi özgə yerinə.
Özünə bir kərə gərək olmadı.
Yandıra bilmədim sönük könlümü,
Üstünə ayrılıq yağışı düşdü.
Pəncərəmə qondu bir sarı yarpaq,
Bildim ki, payızdı, gəlib yetişdi.
Mən sevə bilmədim səninki kimi,
Neçə yol incidib qırdım könlünü.
Uşaqtək oynadım göz yaşlarınla,
Keç bu günahımdan, bağışla məni.
Bilmədim gerçəkmi, ya elə yalan,
Qisməti talenin adına yazdım.
Təsəlli əvəzi tənhalığımın -
Şəklin çarpayımın üstündən asdım.
Mən özüm-özümə yenildim yaman,
Bir günahın əsiri oldum o gündən.
Neyniyim, sevmədim səninki kimi,
İndi utanıram qəbahətimdən.
Birtəhər
Bir də su atmaram dalınca sənin
Sanma, qürurumu sındıracağam.
Baş açmıram, sırrı nədir ürəyin,
Ona da həddini qandıracağam.
Tanrıya gedən yol sevgi yoludur,
Onu bircə kərə döndərsin mənə,
Məni bu sevgiyə qul edəcəksə,
Ən böyük cəzanı göndərsin mənə.
Ensin günahları yazan mələklər,
Bu eşqi günaha yazsın biryolluq.
Sevgi bir xətasa ürəyə əgər,
Bu bəxti dəftərdən pozsun biryolluq.
Yorğun ürəyimə sığınıb belə,
Nə qədər axtarım ötən günləri?
Diksinib küləyə, yağış səsinə.
Nə qədər kiridim xatirələri.
Hər kəsdən xəlvəti təsəlli bilib,
Xəyalda ümidi daşıdım, yetər.
Bu daş qürurumla savaşa girib,
Səni yaşayacam, sənsiz birtəhər.
Bir payız
darıxmaq istəyirəm
Yenə ağır qədəmli
Dərin xəyallı payız gəlir,
Eyvanımızın altından keçən,
Sənin ayaq izlərin
yaddaşına köçən küçəmizdə
Həvəssiz payız küləyı veyillənir.
Əzəlki kimi hər səhər
Eyvana çıxıram,
sükut çəkili,
Payız mürgülü
yollarına baxıram.
Üşüyən təkliyimi
Payız yağışında yuyuram.
Metroya, avtobusa tələsən
İnsanların arasından
Səni seçmək,
Gendən-genə nəfəsindən
Bir udum içmək,
Əllərimi yelləyib
Baxışlarımla səni ötürmək
İstəyirəm.
Kölgən ötənə kimi
Dalınca baxmaq,
Bir payız darıxmaq
İstəyirəm.
Baxışlarım, sanki
İçimdən keçən Tanrı yoluna
Səcdəyə gəlir,
Dualarımdan göylər əyilir.
Qollarım bir cüt göyərçin qanadları kimi
Boşluğa açılır.
Kölgən bu boşluqda uzandıqca, uzanır,
Çəkdiyim ahlardan geri qayıdır,
Eyvanımızın tavanından,
Kəndir asılır
İntiharın ayaq səsi gəlir.
Dualar oxuyuram
İçimdə sənli bir dünyam var,
Hamıdan, hər kəsdən
Gizli saxlayıram.
Qapı-pəncərəsini
Bərk-bərk bağlayıram.
Yalnızlıq ulayanda,
Sənsizlik ağlayanda
Ora düşürəm,
Xatirə xəyalınla,
Dönməyən vüsalınla yaşayıram.
Boş qalan illərimi,
Qayıtmağına gümansız
Ümidlərimi,
Hərdən boşluğa yağan
gözlərimi,
Kirpik yoran yuxularımı
Ovuduram,
Çəkdiyim acılarımı,
Bir ürək ağrımı unuduram.
İçimdə sənli bir dünyam var,
Hərdən şair də oluram orda,
Ozümü məhkum,
Həm də hakim sanıram orda.
Üşüyəndə sözlərdən
Ocaq çatıb qızınıram,
Ürəyimi işığa, aydınlığa açıram,
Dözümümə dualar oxuyuram.
Torpaq olunca
Yenə həsrətinə bələnib hər yan.
Gözləri yol çəkir ümidlərimin.
Sənsiz tənhalıqla ülfət bağlayan,
Yuxusu üşüyür gecələrimin.
Anbaan surətin gözümə dəyir
Nə qədər ağırdır bu görüş bilsən.
Tüstüsün görərsən yanan könlümün
Hər gecə pəncərə önünə gəlsən.
Sənin gedişinlə sürüşüb düşüb.
Həvəs ürəyimdən, nəğmə dilimdən
Qayıt, dünyamıza sıyrılım, çıxım,
Bu uzaq illərin sənsizliyindən.
Xəzantək soluxub tökülüb ömür,
Mən də bu xəzana qoşulum, gedim.
Dilsiz baxışların gendən əl edir,
Düşüm qarasına baş alım gedim.
Bilsən, duyğularım necə kövrəlir,
Payız yağışıtək yağır dalınca.
Ürəyim yoluna bir pəncərədir,
Ömür bircə ovuc torpaq olunca.
Əbədi yuxusundan
Bir payız gecəsi
Bir də...
Divarları sənsiz buz bağlayan, evimizin
bir küncünə sığınam,
Payız sükutu kimi
Darıxan mən.
Daş deyiləm dözəm,
Quş deyiləm uçam gedəm.
Allah bəndəsiyəm, dözümsüzəm,
Özüm də köçüb məndən
Özümsüzəm...
Bir payız gecəsi
Bir də mən,
Payız ağlayır çiskin-çiskin
Çilənir təkliyimə,
Göz yaşım donub,
Ağlaya bilmirəm.
Evimizin sənsizliyinə.
Bir payız gecəsi,
Bir də mən.
Bir də divarlarda gəzən
kölgən,
Yuxumu salıb gözümdən.
Sanki gözümü alıb
aparmısan məndən,
Dözümü də qoparmısan dözümdən.
Bir payız gecəsi,
Bir də mən.
Dumana, çənə batmışam,
yolu, rizi unutmuşam.
Özüm-özümdə azmışam.
Bir təlaş var canımda,
Darıxıram, yaddaşsızlıq
qorxusundan,
Bir də təkliyin əbədi
yuxusundan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!