Mürgüləyən uşağın yuxusu - Vasif Əlihüseyn - şeirlər

İçimdəki qadın

İçimdəki qadın!

Hər gün sənə görə davadı evimizdə

evimdəki qadın qısqanır səni.

 

Bəs necə gizlənmisən içimdə

hər dəfə özünü ələ verirsən.

Artıq anasan qızını ərə verirsən,

amma mən hələ də səni sevirəm.

 

Evimdəki qadına tutuluram

adını dodaqlarımda pıçıldayanda,

filmə baxıb ağlayanda,

sənin istədiyini ona almayanda

evimdə davadı.

 

Axı o da qadındı

geyinirəm, yeyirəm

məni sevir,

mən də evimdəki qadını sevirəm

içimdəki qadın!

 

Mürgüləyən uşağın yuxusu

Səninçün nigaran olmaq

torpaq altda qalan

anam üçün darıxmaq kimidir.

 

Başını çiynimə qoyub

çiçək qoxlamağına bənzəyir

indi çiynimdə barmağını somurub

mürgüləyən uşağın yuxusu.

 

Axı əllərimin qaşınmasına görə

daha çox darıxıram

öpüb alnıma qoyanda

elə bilirlər ki, pul qazanacam.

Mənsə elə bilirəm ki,

sən gələcəksən...

 

Şəklinə baxmaq

köhnə qəbri ziyarət etmək kimidi.

Şəklinin üzü soyuqdu

torpağın üzü kimi...

Əlimin yeri sağalsa

Mən elə ölsəm yaxşıdı

demə fürsət düşüb əlinə.

Mən olmasam, kim yollanar

axı ölümün yerinə.

 

Səni işdi vuran olsa, ağlama

çalış ki, çox getməyək dərinə.

Gəl bir müddət yas saxla

əlimin yerinə.

 

Əlimin yeri sağalsa, sevinmə

ürəyinin yara yerində

iş-gücün ara yerində

çağırsam səni

acıla məni, qadın,

acıla zülmün yerinə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!