Pıçıltı
Ya can alın, ya can verin,
Qul ömrümə, xan ömrümə,
Siz o qızı nişan verin,
Verin bu oğlan ömrümə.
Bəlkə sevgi özü pirmiş?
Nə sehirmiş, nə iksirmiş?!
Tək bir bulud bəs edirmiş,
Mənim bu leysan ömrümə...
Dağ dolaşdım, dərə aşdım,
Yormadı, - min kərə aşdım...
...Dənizi pəncərə açdın, -
Bu gün bu eyvan ömrümə...
Varım gəldin, yoxum gəldin,
Laylam oldun, - yuxum gəldi...
Günəş kimi doğub gəldin, -
Doğub gəldin dan ömrümə.
Lil, olmaqdan qorxan suydum, -
Dünya, səndən nə tez doydum?..
...Günləri gül kimi qoydum,
Qoydum bu güldan ömrümə...
Ömür - yanmış zəmi kimi...
Su çəkən kağız kimiyəm,
Gəzdirirəm can yerinə.
Günəş deyil, bəlkə qandı, -
Yığılıbdı dan yerinə?!
A bənövşəm, ara-sıra,
Baş çək könlüm yarasına...
...Adam gördüm, parasına
And içir vicdan yerinə.
Məni sevgi fəsli çəkir...
Bir ilahi səsmi çəkir?
O kimdi eşq rəsmi çəkir,
Sinəmin kətan yerinə?!
Bir az yubatdılar məni,
Kədərə satdılar məni.
Dünyaya atdılar məni,
Atdılar zindan yerinə.
Ömür - yanmış zəmi kimi...
Su basmış zirzəmi kimi.
...O qız batan gəmi kimi,
Dönmədi liman yerinə...
Axar gecə boyu, axar saçların
Saçların uzanar səhərə qədər,
Durub saçlarınla yola çıxaram.
Kim sağa çıxarsa, sağ çıxacaqmış
Mən də ki, tərs kimi sola çıxaram...
Gecə uzundursa, biz günahkarıq,
Ya mən günahkaram, ya da saçların.
Bu gecə saçına pıçıldayacam,
Bu gecə qoymaram yata saçların...
Saçların uzanar səhər yelinə,
Bir səhər yelində daranıb gələr,
Gecə saçlarından rəng alar bir az, -
Gecə saçlarından yaranıb gələr!
Hərdən saçlarını qucaqlayaram,
Niyə üşüyüm ki, sevgi ocaqsa?!
Axar gecə boyu, axar saçların, -
Qorxmayın, - gecəni su basacaqsa...
... Saçların uzanar səhərə qədər
Durub saçlarınla yola çıxaram.
Kim sağa çıxarsa, sağ çıxacaqmış,
Mən də ki, tərs kimi sola çıxaram...
Səni eşidirəm - nə olsun karam
Sənin günəşini çıraq eylədim,
Dünyanı bir parça varaq eylədim.
Verdiyin qələmi yaraq eylədim, -
Sən bu silahımı bağışla, Allah.
Səni eşidirəm, nə olsun karam?
Bir topa buludam, bir ovuc qaram.
Əgər günah varsa, mən günahkaram,
Mənim günahımı bağışla, Allah.
Bəlkə bu dünya da atdığın daşdı?
Bu gecə gözlərim daşdı, nə daşdı!
Canımda bir EŞQ var, sənə adaşdı -
Gəl, bu allahımı bağışla, Allah...
Darıxmağın rəsmi
Hardasan, şəhla gözlüm,
Sən nə şirin acımsan?!
Hələ də bilmirəm ki,
Dərdimsən, əlacımsan...
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün,
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam,
Gəl, səndə daldalanım...
Düşmüşəm bu çöllərə,
Düşmüşəm - azmaq üçün
Ürəyim bir divarmış,
Şəklini asmaq üçün.
Bir körpə ümidim var,
Ağlayır qundağında.
Arzularım can verir,
Kədərin qucağında.
...Hardasan, hardan bilim, -
Mən hara üz döndərim?
Darıxmağın rəsmini
Çəkib sənə göndərim...
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adını su aparar, -
Düşmə dodaqlarımdan...
Əllərini göndər gəlsin yanıma...
Ürəyimi görməmişəm, nə bilim, -
Bəlkə elə damar yeri ağrıyır?
Bu dünyanın əyri yeri ağrımaz,
Bu dünyanın hamar yeri ağrıyır.
O qoca da atıb getdi qarısın,
O qarı da yarı adam, yarı su...
Köhnə yaram təzələri sarısın, -
Canımdakı qubar yeri ağrıyır...
Bu əllərim bəlkə sənin əl izin?!
Qoyma günəş gözlərində ərisin...
Bir dəfə sən adımı çək, əzizim, -
Adımdakı qabar yeri ağrıyır.
Bu bürküdə yağış səsi sən idin,
Sərt dünyanın tək incəsi sən idin.
Bu sevginin ilk qönçəsi sən idin, -
Bu sevginin nübar yeri ağrıyır.
Üfüqləri kim çəkibdi tarıma?
Aman bulud, için-için zarıma.
...Əllərini göndər gəlsin yanıma, -
Saçlarımda tumar yeri ağrıyır.
Dərvişəm, ozan deyiləm
Bu dünya - bir cəza evi,
Cəzamı ver, çıxım gedim.
Tanrı, ruhum sənin olsun,
Əzamı ver, çıxım gedim.
Həm rahibəm, həm də qulun,
Yaşına ağlayır qurun...
Ətəyində namaz qılım, -
Qəzamı ver, çıxım gedim.
Dərvişəm, ozan deyiləm,
Onsuz da susan deyiləm.
Nə olsun, Musan deyiləm,
Əsamı ver, çıxım gedim...
Hansı albomunda soluram sənin
Deyəsən, çox sevib əzab verirəm -
Dərdini çox çəkib - "yoruram" səni.
Görək necə çıxır gülün heykəli, -
Hələ ləçək-ləçək yonuram səni...
Dünya çox cavandı, sevgin çox qədim, -
Oturub dünyanı nə çox gözlədim?!
...Bəlkə də göy üzü səni gizlədib,
Bəs niyə mən yerdən soruram səni?
Yolu azıb qalan fikir kimiyəm,
Oduyla oynayan bu kül kimiyəm.
...Mən çoxdan çəkilmiş şəkil kimiyəm, -
Hansı albomunda soluram sənin?!.
Yoxsa təzə xatirən var?..
Görən dünya nə boydadı, -
Sən nə qədər yer tutursan?
Yoxsa təzə xatirən var,
Təzə bir dəftər tutursan?
Yorğun-yorğun yağır bu qar,
Uzaqdan əl edir bahar.
Qorxursan ki, yaddan çıxar, -
O qəmi əzbər tutursan?!
Bu gün çoxam - birəm deyə
Həm zəvvar, həm pirəm deyə,
Dərd əkib biçirəm deyə, -
Sən məni rəncbər tutursan?!
Bu yağışda azmaq asan,
Tapmazsan, məni arasan.
...Nə olsun ki, bir misrasan,
Gör neçə əsər tutursan?!
Deyəsən, o qızın Su idi adı...
Sən demə, ölüm də əkinçi imiş, -
Torpaq - ömürləri xışlayıb keçir.
Nə qədər üşüyən dərd varsa, gəlib
Mənim ürəyimdə qışlayıb keçir.
Şaxtam havalar üzümü danlar...
Şərə şeir qoşur bu şarlatanlar.
Dünən bir-birinə çiçək atanlar,
Bu gün bir-birini daşlayıb keçir.
Şeytana daş atan özü də cinmiş,
Sonuncu ümid də dünən keçinmiş.
...Tanrı bu dünyadan gəlib keçirmiş, -
Ancaq yer üzündə düşməyib keçir...
Deyəsən, o qızın Su idi adı, -
Hara axıb getdi, niyə qalmadı?
...Bu dünya - elə bil qızıl almadı,
Hərə bir tərəfdən dişləyib keçir...
Yaşayırıq sağ kimi...
Dünya dar köynək imiş, -
Sıxılıram, İlahi.
Bir ümid göndər, tutum, -
Yıxılıram, İlahi.
Gəlmək üçün yanına,
Gərək dərdə yarınam...
Bir ölümün canına,
Yığılıram, İlahi.
Dərd - keçilməz dağ kimi,
Yaşayıram - sağ kimi...
Adına qucaq kimi,
Sığınıram, İlahi...
Mən içi boş kəfənəm
Bir quşun dimdiyində
Bu aca dən göndərin.
Qürbətdi - hara baxsam,
Bir az vətən göndərin.
Qoyub gəldim bağları,
Ovudun yarpaqları...
Aparmışam dağları,
Dağlara çən göndərin...
Sındırılmış kamanam,
Yandırılmış çəmənəm...
...Mən içi boş kəfənəm, -
Mənə bədən göndərin...
Sənin üçün nəğmə
Sənsiz döyünmür ürək,
Deyəsən, səs eləmir.
Bəzən yaşamaq üçün,
Xoşbəxtlik bəs eləmir...
Kim üzdü o laləmi, -
Eşidirsən naləmi?
Mən istəyən aləmi,
Dünya əvəz eləmir.
Nə qayıq var, nə avar,
Sən yoxsansa, bəs nə var?!
...Sənsiz udduğum hava,
Bircə nəfəs eləmir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!