Mən səni səsindən tanıyıram - Ümid Nəccari - şeirlər

Sənsizliyin atmosferində

Elə susqunsan...

Yağışdan sonrakı hava kimi.

Elə hava kimi məni sinənə alıb,

buraxdın ellərə...

Elə hava kimi yox oldum sənsizliyin atmosferində.

Elə susqunsan ki,

qan damarlarda axmağa ürək verməz,

meyil etməz göz də baxmağa.

Bir badə dolu şərabdır susqunluğun.

İçdikcə qəhərlənir insan taleyi,

qəhərləndikcə puç olur röya.

 

Səssizlikdir susqunluğun.

...Bethovenin kar qulaqlarında səslənir həyat.

Piano məhv olur barmaqlarında,

simfoniyada bir-bir notlar donur.

Do...

Re...

Sol...

Hə... sol tərəfimdə addımlayar susqunluğun.

Elə sol tərəfimdə səslənərsən addım-addım.

Çəng olur ümidlərin çələngi,

xərçəng olur sabahların alnında doğan günəş.

Yox olmağa nə var ki?

Yoluxmağa nə var?

Ölməyə sükut cəbhəsinə gedərəm.

Təki sən bir misra da sus.

Təki sən bir kəlməlik də...

Adı ürək

Gözlərindən zəng aç gözlərimə,

əllərindən teleqram vur!

Yağdır baxışını susuzdur tavanım.

Süzdür yağışını kəndlərim yanır sənsizlikdən.

Mən dənizin maviliyindən,

mən tənha otaqların səssizliyindən sənə səslənirəm.

Gəl...

Gecədən səhərə bir addımlıq yol var,

təki sən unut keçmişi,

təki əllərini unut əllərimin içində,

özünü burda qoyub çıx get özündən!

 

Bu gündən sabaha bir nəfəslik yol var.

Sadəcə, yum gözlərini gözlərimə,

yalnız tök səsini boğazıma.

Şamlar insan barmaqlarıdır qaranlıqda,

yanır insan bədənləri tək otaqlarda...

İyirmi birinci əsrin

iyirmi birinci kamerasının adı çöküşdür.

 

Qalxın, lütfən,

bir dəqiqəlik sükut edin!

İçimdə bir şəhid var, adı "ürək".

Çölümdə bir pambıq düzü var, adı Vətən.

Balıqlar iztirabdan yorular bədənimdə,

axı damarlarımdan bir çay axır adı "həyəcan".

Eyvanlar evlərin "etiraz yumruğudur" buralarda.

 

Dəstəyi qoy, lütfən,

darıxmağı zəng etsən də,

kimsənin səsini duymayacaqsan.

Sənə çatan yollarım əbədi tıxacdı

səndən keçən dörd yollarda qırmızı işıq yanır...

Sənə dayanmışam.

Sənə dözürəm...

 

Bir səs

Səni düşünməyim gəlir

gir ağlıma addımla!

Səni ölməyim gəlir

Bir gecə ol,

at körpüdən məni.

Al xəyalımı əllərinə,

ver dodaqlarını düşlərimə,

səni düşünməyim gəlir,

qəfildən bir səs ol!

Bir səs...

Mən səni səsindən tanıyıram.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!