Ömrü yazarından ömürlü olan bu ağrılı şeiri Nurəngiz Gün unudulmaz Turan xanımın - Cavid əfəndinin ciyərparəsinin vəfatı günü qələmə almışdı; sentyabrın 12-də! Cavid əfəndini İblisə uymuş bəşəriyyətin polyar qışına - Sibir gedər-gəlməzinə yola salan 1938-ci ilin 21 sentyabr günündə isə Nurəngiz xanımın özü dünyaya göz açmışdı. Tale oxşarıydı Turan xanımla; hər ikisi ömrü boyu yolunu gözləmişdi Sibirdən dönəsi əzizlərinin... Hər ikisi ümidlə açmışdı bəxt qapısını. Baxışlarında bir dünya "Günəş tayası", təbəssümlərində Ay işığı gətirmişdilər. Bu səbəbdən də hər ikisinin taleyindən "badi-səba yeli" əsmişdi hər vaxt. Tənha gecə məhbəslərinin sazağı sızım-sızım sızmışdı yuxularına.
Ona görə də bu şeirdə kədər var, nisgil var, məlal var! "Oy, yoncalar, oy, ağaclar, oy, qapı tıqqıltıları" təlaşı, "ey, fələk!" harayı, təşvişlər, əndişələr, qiyamət gününün rüzgarları var!
İndi sentyabr ayı birinin vəfat, birininsə doğum gününü qapsayır...
İndi hər ikisi haqq dünyalarındadı! İndi hər ikisinin əziz ruhuna ağrılı elegiya kimi oxunur bu kövrək misralar...
Sərvaz Hüseynoğlu
Nurəngiz GÜN
(Oda)
Badi-səba yelləri!
Oh, Sərvlər!.. Küknarlar!..
Sübhün neysan selləri, oy!
Gözəllik Tanrısının
yavrusu ölmüşdür!..
Vıyıldayır
pəncərədə-pərdədə bir xəfif
Tərənnüm!..
Bir kəhrəba işıltı...
Vəssalam.
Oy yoncalar!.. Ağaclar!..
Yolun saçlarınızı
Söz deyin...
Pıçıldayın Cavidin
ən isti sözlərini, Onunçun!
Rica edirəm, Səma,
quşların diyarı!
Çağır sən, qoy gəlsin,
Yığışsın bütün quşlar,
Şığısın Ana-quş!
Qiyamət qoparsın,
Onun axşam duasını
Qoy Ana-quş oxusun!..
Hayqırsın himn kimi,
Fırtınalı küləklərdə
qapı tıqqıltılarına
qulaq asmış... qarımış
Atasız-anasız
bir yalqız qız üçün!
Ox, Allah! Tarixin
çərxinə, sırtına... bax!
Bircə eksponatlığa
yoxmuş bunun nər kişisi,
37 qorxulu Bəyaza
çiyin kimi, ər kimi,
yavuq-zad düşməyə!
Hə, nənəm, toydan gələn
Göydəki əlvan Ana!..
Sən oxu!..
Özün oxu,
Humanizmin sərhədsiz,
çəpərsiz əfəndisi
əfəndi Cavidin
daxması boş qalmış
əfəndi yavrusunu!
Əvət, ey mərhəmətlər!
Təşvişlər, Daş Yazılar!..
Turandır O!.. Sarbandır!..
Allah onu yaratdı ki,
bütün iran-turanlar
bütün təlaş, həlak iş
büsbütün Cavid yükü
həyat boyu
onun karvanı olsun!
Yerdə qalan nədir ki?
Kəramətsiz yuxular...
Arxivlər...
Masadan lal baxan:
lupalar, sənədlər...
divanə eynəklər...
Və pəncərədə-pərdədə vıyıldamış
Tərənnüm!..
Bir kəhrəba işıltı...
Ey fələk! Neynirdin,
Xəyanət gəzdirən
Tale Kabuslarını?!
Xitam ver! Silinsin,
Gecə məhbəslərində
İzinsiz vurnuxmuş
yalquzaq gözlərin
içləri!!!
Pozulur axı talelər,
Ya Tanrım!
Oh, sevgili müəlliməm!
Uzanır əllərim
Səma tabutlarına və sənə!
İndi necə göndərim
danə-danə yaşları...
könül qaranquşlarıma?..
Göydəki 37 yazılı
Babam-Anam-Tifaqım,
Oh, küllü iran-turana, oh...
... axşam
parıltılarıma...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!