Sevgilim! Aləmdə təksən, dur elə tək gəl yanıma!
Amma unutma, çiçəyim, əldə çiçək gəl yanıma!
Titrədim titrək kirpiyin "Hə" dediyi çağda mənə,
İllərdir gözlər bu anı canda ürək, gəl yanıma!
Təklərindən tikilən Kainatın bir bax təkinə,
Ulduzları da yolun üstündə ləçək, gəl yanıma!
Varlığın bütün gözəllikləri sayrışmada səndə,
Yaranışdan - təpədən-dırnağa göyçək, gəl yanıma!
Bələnib yer dumduru sevincə daşından quşuna,
Hamının bildiyin heç kim bilməyəcək, gəl yanıma!
İşıqlandırsın hücrəmi çöhrəndəki ilahi nur,
Tanrıdan pay aldığımsan sən, ey mələk, gəl yanıma!
Qarışıb dünyanın sevişən rənglərində min çalar,
Allansın yanağında həyadan çiyələk, gəl yanıma!
Uçuşurlar, qonuşurlar arılar çiçəkdən-çiçəyə,
Salxım-salxım balını daşdandırdı pətək, gəl yanıma!
Gizlində bircə Bulaq var, tək o bilir yanğımızı,
Dəymədən bədən bədənə, ondan içək, gəl yanıma!
Bu Kainatdır yurdumuz, şah bağçasında evimiz,
Axtarsınlar yerdə bizi, göydə itək, gəl yanıma!
Ocağım yandıranımsan, qəmimi söndürənimsən,
Şehlənsin ayağın altında biçənək, gəl yanıma!
Ağaclarında bağların hər dadda meyvənin ətri,
Eşqimizin torpağında bir sərv əkək, gəl yanıma!
Tək sən al Uluseldən daşan sellərin qarşısını,
Bircəciyim! Nə işin varsa da, əl çək, gəl yanıma!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!