Nə sən uzaqlardan mənə gələrsən,
Nə mən uzaqlardan sənə gedərəm.
Bizi də uzaqlar udar beləcə.
Söykənə-söykənə buz divarlara,
Kürək izimizlə cığır salarıq,
Söykənə-söykənə buz divarlara,
Bir gün divarlarda şəkil olarıq.
Üşüyər alnımız əcəl tərindən,
Sırsıra buzlara şükür deyərik.
Gəlməyən adama, gəlməyən kəsə,
Gözümüz hələ yol çəkir deyərik.
Bizi təsəllilər ağlada bilər,
Bizi təsəllilər güldürə bilər.
Bizi təsəllilər yaşada bilər,
Bizi təsəllilər öldürə bilər.
Yaşamaq çox uzun yol da deyil heç,
Mənə bir nəfəslik adın bəs edər.
***
Uzaq yolam ömür adam,
Tez yorulma bacararsan.
Gələndə nə itirdin,
Qayıdanda taparsan.
Dizlərini daşlara
Bağışlayıb gəlirsən.
Günləri ovcundaca,
Gizli sayıb gəlirsən.
Nəfəsimdə isinən,
Adına söykənmişəm.
Həm xəyal, həm də gerçək
qadına söykənmişəm.
Səni deyən hər şeyi.
Al ağrının əlindən.
Bəzən imdad gözləyir,
Adam öz əcəlindən.
Günəş gecikir yenə,
Özünü mənə çatdır.
Tələs, tələs bir az da,
Hər şey olar, həyatdır..
Səni gözləyəcəm...
Burda bu odada...
gecələrin ağır pəncələrinə inad...
Yuxuların ərşə üz tutmalarına inad.
Bir gün olmayacaq ömrün səssiz əksinə inad.
Bir-birinə sarılan ümidlərə inad.
Kimsə döndərə bilməz səni yolundan,
Kimsə döndərə bilməz məni yolumdan.
Bircə gecikmə...
Bircə gecikmə...
Bircə gecikmə...
Nəfəsimə bel bağlamıram,
küləklə qan qardaşıdır...
Gedər, gəlməz...
***
Bütün çobanyastığı çiçəkləri
bir qarış məndən uca olanda,
Bütün buludlar ən gözəl arzuların örpəyi idi.
Bütün ümidlər sinəmdə at çapırdı dördnala,
Bütün uşaqlar köhnə corabları top edirdi,
Bütün quzular qıvrım tüklərinə söykənirdi
Qəssab bıçaqları korşalmışdı.
Bütün tənha qocalar
nəvələrin yadına düşmüşdü,
Bütün atalar övlad qarsılayırdı hərbidən,
Bütün analar övlad toyuna hazırlaşırdı.
Dünya elə gözəl idi ki...
***
Kimdən söz düşsə də, səndən düşməsin,
Bir də qayıtmayım adın tərəfə.
Tövbəni boynumdan dua asmışam,
Yön çevirmərəm o qadın tərəfə.
Qismət bir oyundu zər yiyəsinə,
Bəxtini çağırmaq lal üçün dua.
İllərin tikanı üstə sürünmək,
Ömür sürmək imiş mənimçün guya.
Nəfəs yorğunuyam ömür içində.
Ayağım buxovda, əlim qəfəsdə.
Gözümü açalı belə görmüşəm,
Yaşam qəfəsdədir, ölüm qəfəsdə.
Şeirdən də bezər adam,
Sözdən də yorular adam.
Bir gün elə sol köksündən
Yıxılar, qırılar adam.
Yol ayırar adla-sanla,
Di gəl, bunu bacar, anla.
Özü verdiyi nişanla
Köksündən vurular adam.
Gündə yüz çubuq uzanar,
Başına çoxu dolanar.
Könlü bulaqtək bulanar,
Ağlayar, durular adam.
Üzü çat, yer üstü kimi,
Soyuq kimi, isti kimi.
Bir gün də ağ tüstü kimi,
Göylərdə burular adam.
Bu gün yol alırsan üzü keçmişə,
Bu gün tərk edirsən şəhəri belə.
Mənim gözlərimdən yuxu qaçaqdır,
Budur qarşıladım səhəri belə.
Yollar uzun deyil əzablar qədər,
Arada nəfəs dər, yorma özünü.
Ürək söz eşitmir, hər addımbaşı,
Dikər gələcəyin yola gözünü.
Harada itirdim, harada tapdım,
İzin itməyibmiş izlər içində.
Sənə susa bilmək ən çətiniymiş,
Səsim çiliklənir sözlər içində.
***
Ömürdən uzaqda bir kirayə tut,
Qapını tanıyan kəsin olmasın.
Divarlar ardında həmişəlik sus,
Kiməsə çatası səsin olmasın.
Səni sən olmaqdan, çoxdan çıxarıb,
Bu fil yorğunluğu, bu zindan acı.
Oxşa oxşadıqca o sərt süngünü,
Sol köksün üstünə tuşlanıb ucu.
Ömür çox qısadır, dar ipi kimi,
Həyatla aranda bir kötük qalır.
Yaxud da divara çiyin verirsən,
Yadında bir o səs, bir tətik qalır.
Mən yalquzaq küləkləri yaxşı tanıyıram,
ağacların ölümə dartınmasından.
Mən bu qışı da tanıdım gəlişindən.
Neçə evsizi son mənzillə təmin edəcək.
Ürəyimdən tutan ağrılar,
Əlimdən tutan "dostlardan" ürəkliymiş.
Bu ömrü bir dəfə yaşamışam mən,
Hər qarışına bələdəm.
Bütün yollar yaralı sürünür ömrün sonuna.
***
Unutmaq lazımdı həyatın bütün rənglərini,
Sadəcə, sinədolusu nəfəs bəs edər.
Düşündükcə gözlərinin qarşısında
sətirlər qarışar,
Düşündükcə bir boşluğa yuvarlanmaq var.
Ömrün ən böyük qazancı ölümdür,
Bunu bilə-bilə yaşamaq,
bunu bilə-bilə daşımaq
Özü də bir zülümdür.
Bütün məchullara yönələn
suallar, əslində, məlumdur,
Hamı gözəl bilir, hamıya aydındır
Kim nəyə məhkumdur.
Ömür... ömür... bir naməlum boşluq!
***
Küçələr əl açıb adam dilənir,
Küçələr gözümdə səfil-sərgərdan.
Zamanla unutduğum ağrıları da
yadıma salır yoxluğun.
Gözlərimdə rəngi solmuş min həqiqət var,
Min bir yalan.
Özümdən elə qisas alıram ki,
ömrümə gecikmiş adam.
Bunu nə sən bacarardın, nə bir başqası.
Həqiqətə tərəf addım atıb yıxılmaq,
Sənə bir addım da yaxınlaşmaqdır.
Mən dizlərimdəki yaralar qədərəm,
Yıxılmaq gözümü qorxutmaz...
***
Sinəmin üstünə elə bir ağırlıq çöküb ki,
Nəfəsim can çəkir gedib-gəlməyə.
Adını zikr etməklə günahlardan arınıram,
Yanında günahkar olsam da.
Gözlərində yaş olmaqdan başqa
nəyə gücüm çatar ki?
Arada illərin ağrı-acısı.
İllərin məsafə kabusu.
Nəfəsimə hopan ağrılardan
qurtulmağa çarəsən.
Nəfəs adam...
Özümü itirməmiş
məni özümdən çıxar.
Məni özündə saxla...
***
Ömür sual yağışıdır,
Cavablar düşüb qurağa.
Üzülməli nə var burda,
Biz də çəkildik sınağa.
Atmağa bir daş da yoxdur,
Ataq ki, soyusun ürək.
Bir nəfəslik çimir alsın,
Bir azca uyusun ürək.
Bu bəxti kim atdan salıb,
Ölümtək çöküb üstünə?
Bəlkə elə bəxt üşüyüb,
Ölümü çəkib üstünə?
***
Gecələr dözülməz olur,
Sənsizliyin qalın kölgəsində.
Ümidlərin ayaq ucunda
keşik çəkirəm, adam.
Gecələr bir az da dərin olur,
Gecələr bir az da sükut qışqırır
sənsizliyin üstünə,
Saçlarına dəniz mehi toxunsaydı,
Əllərimi köməyə çagırardınmı?
Susuram ən böyük həqiqətin qarşısında,
Susuram səndən uzaqlığın bir küncündə,
Tənha adalar kimiyəm bu soyuq günlərdə,
Gözlərim bir ağ yelkənli gəmi gözləməsə də,
Ağ əllərini tutmaq üçün
özümdən uzaqlaşıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!