İntrospeksiya və ya qırxıncı bağ - “Ədəbiyyat qəzeti”ndə yeni imza - şair...rəssam Orxan Yaşar

 

Orxan Yaşarın 42 yaşı var. Rəssamdır. Şeirlər yazır.

Görüşdük. Söz-sözü çəkdi. Ucaldan danışdıq. Ucal Haqverdiyevdən. Ucalın rəsmləri qədər də əsrarlı olan şeirlərindən...

Orxan Yaşarın irfanla aşıb-daşması hər halından, rəsmlərindən və şeirlərindən bəlli. 

"İntrospeksiya və ya qırxıncı bağ" şeirini - sufi-irfani kompozisiyanı  oxuyub Ucalın "Sehrli bağ" tablosunu xatırladım. Fərqli bağlar olsa da, hər iki bağda metafizik rüzgarlar əsir... Ucaldakı xristian obrazları ilə Orxandakı təsəvvüf motivlərinin mübhəm mənalar dünyası birləşir və bir bütövə çevrilir. Bir az da Əhməd Yəsəvi introspeksiyasını yada salır. XXI yüzilin irfanı budur. Neosufizm, yaxud neoirfan düşüncəsinin dirilişi, poeziyada irfana qayıdış, məncə, belə olur...

Orxan Yaşarın şeirlərini oxuduqca, Azərbaycanın bəlli poeziya məkanından, buradakı səs-küydən və iddialardan uzaq, bu qədər ayrıca, fərqli, bu qədər özümlü, həm estet, həm də iman işığıyla dolu və heç bir səslə qarışığı olmayan poetik ruhun varlığına heyrətləndim.

Şeirləri ilk dəfədir ki, çap olunur.

Azər Turan

I pillə

Bu yaşda nə əcəb vərdişə düşdüm,

Sehrli söz olub peş-peşə düşdüm,

Bu qərib halımdan təşvişə düşdüm,

Kitaba yazıldım, varaqdan keçdim...

 

Gördüyün bağlara bənzəməz o bağ,

Qırx yaşa çatanda bir bağdan keçdim,

Bağın sağı ələm, solu kef-damaq

Yenə sol çağırdı - mən sağdan keçdim...

 

Elə ilk addımda sıxıldı sinəm,

Səsim çıxmadı ki, danışam, dinəm,

Bəlkə ciddiyyətin bu yolla qanam,

Yata qaldım bir ay, yataqdan keçdim!

 

Qırxda qorun deyən atamı andım,

Qırx il necə almış qadamı, andım,

Qırxın kandarında vidamı andım,

Ayrıldı yolumuz, fəraqdan keçdim...

 

Həyatım önümə sərildi başdan,

Yaşamağın fərqi nə ki savaşdan?

Həzin bir pıçıltı dindi yavaşdan

- Bu qırx dənə yaşdan ha cağdan keçdim?

 

Sıfır kimi gördüm zamanı burda,

Peyvəstə rəqəmlərlə vurhavurda,

Omu qalib, mənmi bu 4:0-da,

Görəsən, qırx illik sınaqdan keçdim?

 

II pillə

Yola davam etdim həmin bağ ilə,

Get-gedə o bağa bağlanmaq ilə,

Bir yeni riştəyə dolanmaq ilə,

Əski bağlarımı qırmaqdan keçdim.

 

Burda ağaclar da min söhbət açar,

Kimi salamlayar, kimi yan qaçar,

Fikrim köklərində qalsa da naçar,

Gövdədən, meyvədən, yarpaqdan keçdim...

 

Al qana boyanmış bir meydan gördüm,

Rəssamla şairi vuruşan gördüm,

Seyrçi halımı pərişan gördüm,

Bu savaşda tərəf tutmaqdan keçdim!

 

Sataşdı lal suda gözüm özümə,

Səyahət eylədim özüm özümə,

Tanış, həm yad gəldi izim özümə,

Ah, neçə mənzili nahaqdan keçdim...

 

Göründüyüm boyda deyilmişəm həm,

Mən kitab içində kitabi-mübhəm,

Kürrəsindən böyük, zərrəsindən kəm,

Varlıqdakı hər bir otaqdan keçdim.

 

Nur olmaq yetmədi, dönüb nar oldum,

Gah vəfadar, gahi üsyankar oldum,

Yenə dincəlmədim, giriftar oldum,

Ta ki Adəm olub, torpaqdan keçdim!

 

Sən, ey Həvvam mənim, ey güzgüm mənim!

Tərsinə yansıyan hər cizgim mənim!

Məgər əhya oldu bu sezgim mənim

Ki, səni doğru anlamaqdan keçdim!

 

III pillə

O bağda elə bir gözəli gördüm,

Min gözəl içindən sezəli gördüm,

Qıvrılmış ruhumu düzəli gördüm,

Döndüm tellərinə, daraqdan keçdim...

 

Ona yetişməkçün neçə sənəmdən,

Neçə sərv boydan, nazik bədəndən,

Neçə ahu gözdən, qönçə dodaqdan,

Neçə-neçə alma yanaqdan keçdim!

 

Gileyli göründü o dilbər mənə,

Hələ durma dedi bərabər mənə,

Məşq elə çatasan sərasər mənə,

Söylənmə ki, yersiz qınaqdan keçdim!

 

Sanma ki, çox hünər eyləmisən sən,

Gülü becərmədən iyləmisən sən,

Bu bağla qiyasda neyləmisən sən?

De, qorxdum çox şeydən, uzaqdan keçdim!

 

Demə eşqə yandın sən mənim kimi,

Demə parçalandın bədənim kimi,

Demə qurban verdin İbrahim kimi,

Demə ailədən, uşaqdan keçdim!

 

Buranı özünə guşə bilmə sən,

Eşq nədir - qırx il də yaşa, bilmə sən,

Aşiqliyi asan peşə bilmə sən,

Demə ki, əhvali-üşşaqdan keçdim!

 

IV pillə

Bu yerdə bağban da dilə gələrsə,

Sitəmim üstünə sitəm elərsə,

Gəlişimi hənuz erkən bilərsə

Demək ki, vüsala yasaqdan keçdim...

 

Bağbana nə deyəm ki, öz bağında,

Deyilən həqiqət göz qabağında,

Mən ki qərib yolçu, haqq sorağında,

Diləndim, minnətdən, soraqdan keçdim:

 

Güc ver, tamamlansın mirasım dedim,

Dəstək ol, böyüsün miqyasım dedim,

Asan biçilməyib libasım dedim,

Gör neçə yırtıqdan, yamaqdan keçdim!!!

 

Bu çak əlbisəmi mükərrəm eylə,

Məni rədd et, onu möhtərəm eylə,

Qırx ilin yolçusuna ikram eylə,

Bu yolda mən ki mən olmaqdan keçdim!

 

Söylədi: - Neynirəm sənsiz libası,

Boş əlbisəni, bədənsiz libası?

Sahibindən xali, cansız libası

Yanımda möhtərəm qılmaqdan keçdim!

 

Gəl, nə minnət, nə iltimasınla gəl,

Cövhərində olan əsasınla gəl,

Özün libasa dön - libasınla gəl,

Qır çərçivəni, ərki-nazınla gəl,

Onda qəbulumsan, mirasınla gəl!

 

Gəl onda, mükəmməl miqyasınla gəl!

Bəlkə bağlarımda baqi olarsan,

Türfə dilbərə mülaqi olarsan

Özün aşiqlərə saqi olarsan!

Hələlik yaranı sarmaqdan keçdim...

 

Dişrə göndərildim işarətilə,

46:15-in hidayətilə,

İki göyərçinin müşayiətilə,

Yoluma tutulan çıraqdan keçdim!

Bağdan yekun təəssüratım mənim:

- Davam edəcəkdir siratım mənim,

Hasil olanadək muradım mənim,

Bəlkə daha başqa bir bağdan keçdim!

 

Qar yağdı

Günəş səmada boğuldu,

Bir uca dağa qar yağdı,

Dağlandı sinəm dağ oldu,

Gör necə dağa qar yağdı!

 

Hərarəti soyuyunca,

Təkəbbürü böyüyüncə,

Bəsirəti uyuyunca

Beləcə dağa qar yağdı...

 

Qurban həyasına qarın,

Gündüz saxladı yağmağın,

Gözlədi gecə düşməyin,

Səssizcə, həm naçar yağdı.

 

Sanınca dağlığın heçə,

Yenilincə cılız suça,

Kiçildi, oldu balaca

Balaca dağa qar yağdı!

 

Bir də əriməz ki o qar,

Bir də qayıtmaz o vüqar,

Yüz il keçə, görən deyər

- İndicə dağa qar yağdı!!!

Vaxtımı?

Əl saxla, süzmə, aşina,

Abi-xarabı, vaxtımı?

Həyat suyu gətir mənə,

Vermə şərabı, vaxtımı?

 

Sən o qaşa, o gözə bax,

Əndamın süzə-süzə bax,

O mələksima üzə bax

Örtmə niqabı, vaxtımı?

 

Bilirsən, içim qaynayır,

Ruhumda nələr oynayır,

Basdır, çox da haraylayır,

Bu inqilabı, vaxtımı?

 

Salam olsun səlamətə,

Çəkib düşməyim afətə,

Saxlamışam qiyamətə,

Çox haqq-hesabı, vaxtımı?

 

Bu rüzgarı axara sal,

Ey Əzrail, axıra sal,

Dayan, vurma, təxirə sal,

O taqqul-babı, vaxtımı?

 

Aparır məni

Hünərim yox getməməyə,

Kimsə hey aparır məni,

Dönmüşəm həzin nəğməyə,

Sanki ney aparır məni...

 

Geriyə yolum yox deyə,

Sarılmışam bilməm niyə?

Anlamadığım bir şeyə

O bir şey aparır məni!

 

Nə məzarım, nə taxtım var,

Nə müəmmalı baxtım var?

Nə şikayətə vaxtım var

Nə giley aparır məni!

 

Bura Mərvə, ora Səfa,

Boşamı çəkdiyim cəfa?

O işıq gələn tərəfə

Həp bu səy aparır məni!

 

Sevgilərdən vaz keçəli,

Eşq eylədi məni dəli!

O eşqə doğru irəli

Bu yer, göy aparır məni!

 

Məzarlıq

Bir məzarlığa gəlmişəm,

Burda həzin yas qurulub,

Burda ölənlər yox,

Ölə bilməyənlər basdırılıb...

İçimdədir bu məzarlıq,

Bura könül məzarlığı,

Neçə gizli məqamların

Sübut, dəlil məzarlığı!

Öz ürəyimə gəlmişəm,

Bir amansız cəllad kimi,

Cəllad kimə rəhm edər ki,

Bağışlayar cəllad kimi?

İndi bura gəlmişəm ki,

Burda qətli-am eliyəm,

O ölə bilməyənləri

Səssizcə edam eliyəm!

Buranın sinsi sakini

O ölə bilməyən kini,

O həsədi, o nifrəti,

Kibri, həm ənaniyyəti,

O itirmək qorxusunu,

Bəyənilmək mərəzini,

Bulub bir-bir hərəsini

Mərqadında boğa biləm,

Geri dönməmək adına

Məzarlıqdan çıxa biləm...

Bir tək ölməyən sevgiyə

Gücüm yetməz burda mənim -

Qoy yaşasın, nə etməli,

Gül mənimsə, xar da mənim!

 

Beləmi güclü?

Yenə haray salır gizli hisslərin,

Sükutun naləsi beləmi güclü?

Sarsılır yerişin, əsir dizlərin,

Sevgi piyaləsi beləmi güclü?

 

Cilovsuz əndişə üzündən yağır,

Rəğbət çeşmə olmuş, gözündən yağır,

Bu nədir, əriyən buzundan yağır,

Sevgi şəlaləsi beləmi güclü?

 

Bilmirəmmi nədir qəlbin vuruşu,

Ruhun pərvazlanıb yara uçuşu?

Mən oda çırpılan Səməndər quşu,

Sevginin beləsi beləmi güclü?

 

Uzaq dur, çarpılma bu şöləyə sən,

Toxunub kül olunca neyləyəsən?

İstəmirəm bir də sən söyləyəsən

- Sevginin çiləsi beləmi güclü?!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!