Yağış ehtimalı - Ağacəfər Həsənli - şeirlər

Keçmə namərd körpüsündən

Sən məni də dilə tut,

həmin saçı bəyazam.

Eşqin ölüm yatağında

qorxuram ki, yol azam.

 

Ağappaq geyinmisən,

bənzəyirsən ağ gülə.

Üzün ağ olsun,

məni

çıxartmısan ağ günə.

 

Soyuyub bütün cahan,

kirpiyimi örtüb qar.

Gözlərimin yaşının

daşqın təhlükəsi var.

 

Ha danlasın dost-tanış,

ha qınasın el səni.

"Keçmə namərd körpüsündən

qoy aparsın sel səni".

 

Cəhənnəmin min yolu

İçim - dağlıq ərazi -

soyuq yellər biyabanı.

Ürəyim - özündən razı

fəxri adlar xiyabanı.

 

Üşüyür əski yaddaş

pozulub hər yazısı.

Ovqatıma at təpib,

bezib ömür yabısı.

 

Günahı qoyub dəmə,

pıqqıldayır samovar...

Min yol var cəhənnəmə,

cənnətə bircə yol var.

 

Adamın içindəki düşmən

Adamın düşməni

içində oturub.

Özünü çörək dostu kimi

qələmə verir.

 

Şir ürəyi yeyib,

məxfi xidmətin zabiti kimi

əsəbdən yanağı od tutub.

 

Üzbəüz gəlmir ki,

gözünün içinə baxım.

Nə suçum var,

neyləmişəm, axı?

 

Öyrəşib oturaq həyata,

bilmir nədir köçəri həyat.

Onun üçün bayır cəhənnəm,

içəri həyat.

Özümə oxunan şeir

Azdıra bilmədim göz yaşlarımı,

qızdıra bilmədim soyuq canımı.

Gizlədə bilmədim könül varımı -

daşlara çırpılan son gümanımı.

 

İndi bir tərəfdə ixtiyar yaşım,

gizlənpaç oynayan qocalıq durub.

Başqa bir tərəfdə gerçək savaşım,

ötən çağlarımın qanını sorub.

 

Durmuşam gör necə yolayrıcında,

ikili inadım geri çəkilmir.

Bəlkə şəki getmir, təklik ucundan,

abrına qısılıb burdan əkilmir.

 

Hardan yalançıya şahid gətirim,

həyat - həqiqətin astar tərəfi.

Demirəm, saf mələk donuna girim,

mənim ünvanıma yağdır tərifi...

 

Kim kimi aldadır bu tərs anımda,

"neynim" yaddaşıma söz-söz oturub.

Toya getməliydim sənin yanında,

yaşımın toxluğu üzümə durub.

 

Orda cığır-cığır itib izləri,

ağaca bağlanan quzu mələrdi.

Ömür oxun atıb, yayın gizlədib,

ortada nəm çəkən xatirələrdi.

 

Vəlvələçay əfsanəsi

Unudulmaz şair Ələkbər Salahzadəyə

Buludlardan damcı-damcı,

üzülə-üzülə,

Şahdağından süzülə-süzülə,

bulaqlardan sıza-sıza

qanadlarını bərkidir Vəlvələçay.

 

Silsilə Qafqazın qar ağlığından,

Təngə dərəsinin qaranlığından

Qonaqkənddən qonaqmı gəlir,

Vəlvələçay?

Qırımından yad qonağa oxşamır,

harda açır səhəri,

necə keçir səfəri

Xəzərdə Vəlvələçayın?

 

Qudyalçayın qardaşıdır.

Vahimədir, vəlvələdir,

yer titrədən zəlzələdir.

 

Dağ çayları körpə-körpə

birləşəndə möhkəm olur.

Su gurlaşır, meh kəm olur.

Qubada Vəlvələçay körpü-körpü,

aşağı əyilir ki,

bağça uşaqları üstündən keçsin...

 

Kiçik Sısqa çayları -

əkin-biçinin qarət, qapazaltı

etdiyi bapbalaca çayları

Vəlvələçay nəvə-nəticə kimi,

kötücə kimi belinə şələləyib - 

çatdırır ən ulu su əcaddına.

 

Son

Nəfəsimi qarsıyıb,

canımın təndir odu.

Yanğımla bərabərdi -

zamanın təndir odu.

 

Höccələmə: "əlif-lam",

nə deyirsən, üzə de.

Ölüm - köhnə əlifbam

haqdan bir möcüzədi...

 

Susuz çeşmətək gözlərim,

xiffətindən nə çəkib?

Hardasan - sonun sahibi,

bir suyum sənə çəkib.

Yay səhəri kimi

Meşədə qulunc olmuş ağacların

belini ağaclar övkələyir,

şaqqıltı qopur iri-iri gövdələrdən.

Bir yarpağın burnu qanamır,

bir budaq budağı incitmir.

Kökü kəsilməsin, küləklərin,

nəm qoxusunu yemək qoxusu kimi yayır.

Ağacların ağzının suyu axır.

 

Ağacdələn döyür qapısını çürümüş ağacların

ölümün yaxınlaşan bəd xəbəri kimi.

Kölgə yerləri əskildikcə

qısalır ormanların əhatə dairəsi -

yay səhəri kimi.

 

Yağış ehtimalı

Havanın yağış ehtimalı

nəvəmin velosiped almaq

ehtimalı qədər gerçəkdi.

Buludlar - ağbirçəkdi,

köksü cadar torpağın tənəsi üstündə...

 

Şahsənəm qarı Cahangir ocağına

nəzir qoyub ki, yağış yağsın...

Tanrı duasını qəbul eyləyib,

icraçı mələk məqbul sayıb.

 

Sıfra bərabər nə varsa, hər şey -

heç nələr O-dan başlayır.

Hikkəli-hikkəli çaxan ildırım,

yağacaq yağış da oddan başlayır.

 

Sıfır da O-du,

O da sıfırdı.

Heç kəsin şübhəsi yoxdu,

bu sehrli qıfıldı.

 

Əkinçi buludlar şuma tum səpər,

havanın yağış ehtimalı

birəbeş gerçəkləşər.

Torpağın tamahı qılıncdan iti,

göydən üç alma düşər.

 

***

Üstündə bircə yarpağı da qalmayıb,

ağaclar qurtardı kölgəlikdən.

Dizin-dizin sürünən,

ayağına gələn duman

qurtardı köləlikdən.

 

Çöldən üzü bəyazdı,

içdən baxanda,

yamyaşıl.

Xəbər-ətər yox göydən,

heç nə gəlmir gündəmə.

Yoxsa lap yuxarıda

qoyulubmuş gün dəmə...

 

Varlığa nə darlıq:

Yer tarla-tarla,

dolub barla...

 

İçimdə nə varsa -

köçürtdüm kağıza...

Düşdüm dilə-ağıza.

Röya

Yorğun-arğın adam

yorğana bürünən kimi

şirin yuxuya dalır.

Ancaq həyat

tək fərdin deyil -

bəşərin eyni anda

gördüyü röyadı.

Röyadı təbəssümlər -

bütün öpüşlər, gülüşlər,

aradakı tənəffüslər.

Çiçəklərin doğuluşu,

suların çağırışı,

ağacların üstündəcə quruyub ölməyi.

Hər şey yuxudu,

röyadı ömrün aldanışı.

Kimə pay kimi düşüb,

Allahın alqışı?

 

Ancaq məni sevgilərin

əbədiliyinə inandıran qadın!

Sən əzabdan başqa,

səksəkəli röyalardan savayı

bir həyat gördünmü dünyada?

 

Barmağına dola

Tənha bitmiş ağ çiçəyəm,

çəmən vermir yola məni.

Dost yanında ağciyərəm,

düşmən sanır qala məni.

 

Azca nöyüt səp oduna,

baxmıram dedi-qoduna.

Bu gur cəhənnəm oduna,

gavur kimi qala məni.

 

Qəşş edir qəmin payızı,

qarışdırdım qışı, yazı.

Həyatın neştər dəryazı

biçir tala-tala məni.

 

Sal ötən günü yada ki,

sirr-sov açmadım yada ki...

Ya indi öldür, ya da ki,

barmağına dola məni.

***

Düzənlik uzanır göz işlədikcə,

qarışqa çəmənin çılpaq belində.

Köçəri komanın qənşərindəki

söyüdlər danışır bulud dilində.

 

Necə çatdım bura, bir Allah bilir,

sürü qırpa-qırpa ötürür otu.

Leylək yuvasında özün şah bilir,

alıb balasının gözünün odun...

 

İlanı yuvadan çıxarır iştah,

acıdım, anladım nə imiş dürmək.

Çölçü həyatının kəramətidir

yağmur havasını görüb-götürmək.

 

Sədan hara yetər... boğazını yırt

göydəykən ününü Qarabaş güdər. 

Xoşdur boz tikanlı kolu dinləmək,

ormanda çökəni dinləmək qədər.

 

Kövşəyən dəvələr istəməz kömək,

kölgəsindən hürkən at ilxısıdır.

Qulağın şəkləyib arxalı köpək,

yanında çobanın dili qısadır.

 

Düzənlik uzanır göz işlədikcə,

qarışqa çəmənin çılpaq belində.

Köçəri komanın qənşərindəki

söyüdlər danışır bulud dilində.

***

Az təriflə,

möhkəməm, bərkəm,

kefimin ağasıyam.

Sifətimi bulud örtüb,

yalandan yağasıyam.

 

Ömrün futbol tamaşasında,

zədələr pis günə qoyub,

şüşədən kövrəyəm.

Yalan söhbətdi,

yuxarıdan gedirəm.

Saqqızım oğurlanıb,

quru kölgəyəm.

Hər saat üzümə vurma,

məhəbbət adamı düşmən qapısına aparır,

həmin özündənrazı məğruram.

Başım daşdan-daşa dəyib,

meydanda dəyişilməz məğlubam.

Guya nəsihətvarı

Səmalar ağlayır dənizdən ötrü,

qətrədə dəniz var, dənizdə qətrə.

Arxayın sularda tufan oturub -

taleyin bağlayıb qəzavü-qədrə.

 

Zamanın səhrada dəvəsi başqa,

divara dırmaşan güvəsi başqa...

Təşrif gətirdiyin dünyada baş qat -

fikrin sığmasa da cümləyə, sətrə.

 

Kim gedib dərində oyun oynayıb,

alnının tərində boynu qaynayıb?

Gördün haqq nazilir - beynin qaynayır,

üzülən haqqının önündə titrə.

 

Qövsü-qüzeh toqqadan çıxır

Min sifət göstərir, dəyişir üzü,

təbiət necə cür hoqqadan çıxır.

Hərdəm ki, yol çəkir buludun gözü,

Günəş qövsü-qüzeh toqqadan çıxır.

 

Götür xırmanımdan kisə-kisə dən,

qoy nə gedir getsin bizim kisədən.

Bir kişiylə yersiz mübahisədən,

üstünlük qazanır - haqq, qadın çıxır.

 

Yurdumda hər ağac, hər qaya zəvvar,

payızda meyvəni dər, yaya nə var?

Ərazi zəbt etmiş dəryaya nə var,

içindən nərə də, naqqa da çıxır.

 

Yüyürdüm özümə ha qaranəfəs,

dostum, əl qoyduğum halal mərci kəs.

Şeytan vücudunda əmmaməli kəs,

Kərbəladan vurub, Məkkədən çıxır.

 

Gedib o dünyanı gördüm, qayıtdım,

köhnə çarvadardı, dərvişdi adım.

Qoyun - yaranandan qoyundu, adam,

böyük oyunbazlıq təkədən çıxır.

***

Kölgəm kiçildikcə

balacalaşır boyum.

Məcburi ömür keçildikcə,

ölümümə qol qoyum?..

 

Nə can qurtarır əzabdan,

nə ruh xiffət çəkməkdən.

Bəxt, var-gəl et əsəbdən,

qəmişini çək məndən.

 

Vaxtsızlıq düzənində

hər şey məni bezdirir.

Hara baxsam, göz önündə,

beşcə qarış bez durur.

***

Mən öz qismətimə "şükür" deyirdim,

yedi halalımı haramzadələr.

Boyundan yuxarı tullanmadılar,

həmişə yerində saydı sadələr.

 

Gör fələk nə sayır, sən saydığın say,

yalnız gədalardı başa çıxanlar.

Durub namərdliyin astanasında,

qəlbi qaralardı evlər yıxanlar.

 

Aranı ucurum kəsib həmişə,

dünyada yaxşılıq, hörmət batırmı?

Dədəsinə yasin oxutmayanın,

muğam oxutmağa haqqı çatırmı?

 

Başı aşağılar təvazökardı,

həyat başdan-başa şahmat gedişi.

Dar cığır hər zaman darqurşağındı,

xəbisi azdırıb yolun genişi.

 

Ötdü gəncliyimin nəhs çılğınlığı,

yaddaş budağından yellənir nənnim.

Yalnız bircə evin yiyəsi idim,

on ev dolanırdı kölgəmdə mənim.

 

"Quran"dan irəli çörəkdi ancaq,

yalnız istedadlar tanımaz qəlib.

Burnunun ucunu görməyə nə var,

uzaqgörənlərdi əbədi qalib.

***

Adam kimi yaşamağa qoymur,

söz mənə mane olur.

Başımı qaşımağa qoymur,

söz dilimdə mahnı olur.

 

Heç özüm baş açmıram

nə verib ala bilmir?

Nisyə kisəyə getməz -

nağd verib, ala bilmir.

***

Göyün görünəcək yüksəklik

gözün görə bildiyi qədərdi.

Yoxluq - bütöv boşluqdu,

başına çəkdiyin qədəhdi.

 

Zəng

Özümə zəng etdim,

zəng çatmır mənə,

yəqin ki, hardasa telefon tutmur.

Zamanın əhatə dairəsinə

daha səsim yetmir, nəfəsim çatmır.

 

Üzülüb bir yolluq əlim-ayağım,

bəs görəsən, necə vaxt ötürürəm?

Təkrarən kəsilib özümə yağı -

bir azca əlavə vaxt götürürəm.

 

Mürgülü gözümü ovuşdururam,

mülayim səsimə qüvvət verirəm.

Quru rəqəmləri qovuşdururam,

mən hər tərəfimdə qürbət görürəm.

 

Üzümə çıxmıram özüm-özümün,

hara səyahətə gedib çıxmışam?

Niyə oğrun-oğrun axı, dözümün,

evini bilmədən qəfil yıxmışam?

 

Hər hansı cavabdan hürküb qorxmuram,

kimsə qatıqlayıb bəlkə...

küsmüşəm?

Bəlkə ta uzaqda sızlayır yaram,

bəlkə də hər kəsdən əlim üzmüşəm.

 

Səmti intiqamdan keçir azmağın,

heç kəsi səhvimlə kövrəltməmişəm.

Öz telefonuma hələ susmağın

qızıl olduğunu öyrətməmişəm.

***

Kimdir bəstəkarı

bu yağışın,

bu küləyin,

bu nəmin?..

 

Kimdir solo ifaçısı

bu qəmin,

bu lələyin,

bu dəmin?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!