Boyum çatmır boyuna,
sənə deyim qəlbimi.
Öpsəm çiyinlərindən,
ürəyimi açsam,
qulağına dediyimi
desəm boynuna, çiyninə..
Mən hər gecə təkliyin başını
qoydum Tanrının dizinə.
Ayağının altına bax, dəcəl qız,
əzərsən "çəkmə"nlə Maltanı.
Məndən yan keçən baxışların
Damokl qılıncına çevrilir
xirtdəyimdə.
Boğuluram...
Mən qafqazlı Spartak
azadlığa deyil,
geriyə -
Romaya qaçıram
əsirin olmağa...
Sənin azadlığa açılmış qolların
İsanın gərilmiş çarmıxı.
Qeybə çəkilmək - yox olmaq istəyim var
qollarından - eşqin çarmıxından...
Şəklinə baxdıqca
qapım üstdə yuva quran
balasına yem aparan qaranquş
dənləyir ürəyimi.
Cikkildəyir:
"Niyə bitmir bu ürək,
elə bil sinə üstdə ürək deyil
taxıl zəmisi gəzdirir, zalım balası".
Çiyinlərim qabar olub
Allahın tabutunu daşıyıram.
Şəhər-şəhər gəzdirirəm
kimsə yox tabut altına girməyə
şeytan ayağını yumaqda hamı.
Başım dizsiz qalıb
Tanrının dizləri çürüyür çiyinlərimdə.
Salavat çevirirəm təsbehimdə
Tanrının 99 adını pıçıldayıram:
Sən.
Sən..
Sən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!