Günəşi üfüqdən qoparıb sənə gətirər əllərində gözlədiyin adam... - Kənan Hacı - şeirlər

Pəmbə dodaqların mövsümü

Pəmbə dodaqların

mövsümü gəldi,

gül nəfəsini

gətirdi küləklər,

pəncərəsi dənizə baxan

ev kimidi arzular,

quşların qulağına

pıçıldadım səni sevdiyimi,

sənə elçi yollandılar...

***

İtin kölgəsini

qılınclayan adam,

itin kölgəsinə

gülümsəyən Günəş,

itin kölgəsini

udan qaranlıq,

it Günəşi seçdi -

işığı.

***

Enişlərin qamçısı

kürəyimə dəyəndə

ürəyim göynədi,

yoxuşların Sizifiyəm,

taleyin daşı

ömrümü dən kimi üyütdü

Tanrı dağının

ətəklərində...

ömrü yaşayıb qurtaranda

anlayırsan ki,

tale insan deməkdir.

Rüzgarda bir yarpaq kimi

uçar əllərin,

payız saçlarında islanar,

gözlərində sayrışar

Aylı-ulduzlu gecələr...

Bir gün

Günəşi üfüqdən qoparıb

sənə gətirər əllərində

gözlədiyin adam...

 

Fəna fasiləsi

Bu fəna fasiləsində

göyərçinlər ruhuma aşina

ola bilsəydi,

pişiklər yalnızlığıma

şərik olsaydı,

dəli küləklər qovub uzaqlara

apara bilsəydi

mənə əzab verən düşüncələri,

ürəyimdəki ağrının

kimdən yadigar qaldığını da

unudardım,

gözlərim güzgüdə məni tapardı -

alnını qırışlar doğramayan,

ürəyi polad kimi möhkəm,

sevgisi yaralanmayan

məxməri kəpənəklərin dostunu,

mən bu fəna fasiləsində

qaranlığı yorğan təki üstündən atan

Günəşəm...

Bir azdan qar yağacaq,

örtəcək üstünü yalnızlığın,

məni qar dənələri

xoşbəxt edəcək...

təbiətin şaxtalı nəvazişi

qəlbimi isidəcək,

qarı ovuclayıb

sıxacağam köksümə...

sən qar altında

yazı gözləyən bənövşəsən!..

***

Kölgəmi qoruyan divarlara,

keşiyimi çəkən qapılara,

ayağıma yad gələn yollara deyin ki,

insan sudur, axıb gedir,

divarları yıxıb gedir,

suyun qapısı olmur,

yolları yuyub gedir,

gedir, hopur torpağa...

suyun kölgəsi olmur,

suyun ləkəsi olur,

insanın itən yeridir su...

 

8 martdan bir gün sonra...

İndi mən taleyimin uğursuz aktyoruyam,

öz rolumun sözlərini unudaraq

duruxub qalmışam həyat səhnəsində,

gecə gəzintisindən qayıdan külək

unutduğum sözləri səpələyib

şəhərin kimsəsiz küçələrinə,

dilənçilərin gözünə pul kimi görünən o sözlər

onların çoxdan unutduğu bir dilin sözləridi,

həyat bu sözləri

onların küçələrə səpələnmiş ömründə

çoxdan öldürüb...

indi onlar bədbəxtliyin faizini ödəyirlər

oturduqları səkilərə,

taleyinin sözlərini unutmuş aktyoru

fitə basır dilənçilər...

sevgisini bir çinarın kölgəsində qoyub gəlmiş o qadın

səhər yolu keçəndə

gözünə qəzet parçasındakı bir başlıq sataşar -

hadisə yerində xoşbəxtliyin

                                   qətlə yetirilmiş meyiti tapılıb...

qadın donub qalar:

mən o xoşbəxtliyi tanıyırdım... - deyə çığırar...

Darıxmamaq...

Darıxmaq üçün həyat çox qısadı,

darıxmamaq üçün çox uzun,

günlə, saatla ölçülməz,

hissin maye halında çıxar canından darıxmaq,

alışarsan darıxmamağa...

gözlərində uçular arzuların körpüsü,

sənin sevgin tarixin sinəsilə örtülər,

üzündəki sınıq təbəssüm

darıxmaq hissindən bir nişanədi,

sən darıxan adama kənardan baxıb keçərsən,

alışarsan darıxmamağa...

darıxmaqdan açılan çiçəkləri görməzsən,

darıxmaqdan boşalan buludları görməzsən,

darıxmaqdan çatlayan ürəkləri görməzsən,

alışarsan darıxmamağa...

***

Yəqin, ölüm belə gəlir -

qulağında donur sükut,

dilinin ucunda

şam kimi titrəyib

sönür söz...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!