Bu gün şeirlərini "Ədəbiyyat qəzeti"nin sayğıdəyər oxucularına təqdim etmək istədiyim Aleksey Filimonovla bir neçə il bundan qabaq Moskvada böyük rus şairi Yuri Kuznetsova həsr olunmuş konfransda tanış olmuşduq. Aleksey Moskvada doğulsa və orada təhsil almış olsa da, uzun müddətdir Peterburqda yaşayıb yaradır. Böyük bir imperiyanın zamaniçi yolçuluqda hər zaman rəqabətdə olan Moskva və Peterburq ədəbi mühitləri arasında barışılması mümkün olmayan böyük bir rəqabət mövcuddur, o bunu bəyənməz, bu onu. Bu, bəlkə birində paytaxtlığı əlindən alınmışlığın qisaskar hüznündən, o birində isə yenidən paytaxt olmanın qürurundan irəli gələn bir rəqabətdir və bu şəhərlərin sadəcə daşları, divarları, tarixi önəmləri deyil, hətta yaradıcı insanları da barışmaz rəqabət halındadırlar. Bəllidir ki, Peterburq hardasa, bir başqa deyişlə Pyotrun hökmü və iradəsi ilə Avropanın uzun əsrlər boyu əldə etdiyi istər elmi, istərsə də memari baxımdan yeni nəyi varsa, bir coğrafi məkanda və açıq səma altında toplanmasıdır. Hər binası, küçə və döngəsi tarix qoxuyan, Avropanı anımsadan unikal bir şəhərdir Peterburq! İstər-istəməz bu unikallığı da onda yaşayan, ömür sürənlərin qanına, canına hopmuş və ona başqa bir özəllik yükləmişdir. Puşkinin, Qoqolun, Dostoyevskinin, Turgenev və daha neçə-neçə dahinin qəhramanlarının yaşadığı, ömür sürdüyü bir məkandır Peterburq. Peterburqu adlarını çəkdiyim sənətkarların ölümsüz əsərlərinin səhifələri kimi də oxumaq mümkündür. Bəlkə buna görədir ki, Peterburq yazarları ədəbi üslub və xarakterik özəllikləri baxımından da Moskva ədəbi mühiti təmsilçilərinə sanki yuxarıdan-aşağı baxırlar. İşin ilginc yanı budur ki, bir azdan şeirlərini oxumağa başlayacağınız Aleksey Filimonovun şeirlərində sanki bu iki mühitin özəllikləri bir axarda, ya da bir məcrada birləşir.
Alekseyin şairə yaraşmayan bir təvazökarlığı vardı, hətta bu təvazökarlığı ilk tanışlığımızda hardasa onun şairliyinə məndə şübhə də oyandırmışdı. Amma yaxından tanış olduqca onun necə mükəmməl və dərin ədəbi biliyə sahib olduğunu kəşf edəcəkdim. Xüsusilə dünya elmi fikri fonunda Nabokovun fəlsəfi görüşləri ilə bağlı xoruz səsi eşitməmiş ciddi fikirləri məndən hardasa yarım əsr cavan olan bu şairə sayğı oyandıracaqdı. Aleksey özü özü haqqında zarafatla dediyi kimi, Dantedən 700 il sonra 1965-ci ildə Moskvada doğulmuşdur. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini və M.Qorki adına Ədəbiyyat İnstitutunun Ali ədəbiyyat kurslarını bitirmişdir. Nabokovun həyatı və əsərlərinə həsr olunmuş elmi işini M.Qorki adına Ədəbiyyat İnstitutunda müdafiə edərək alimlik dərəcəsi almışdır. Şair, yazıçı, tənqidçidir. Əsərləri Rusiyanın ən öndə gələn jurnal və qəzetlərində dərc olunur. Boris Kornilov Ümumrusiya mükafatı laureatıdır. (2007).
Peterburq şəhərinin təkrarsız memarlığı, şəhəri sarıb-sarmalayan sayısız kanallar və aradan uzun əsrlər keçməsinə baxmayaraq, onun aurasını tərk etməyən Pyotrun ruhu A.Flimonovun şeirlərinin bəsit qaynağıdır. Peterburqun memarisi nə qədər orijinal və təkrarsızdırsa, eyni dərəcə də bu özəlliklər Filimonovun şeirlərinə də belə bir zəmin oluşdurur.
M.Qorki adına Ədəbiyyat İnstitutunun professoru C.B.Cimbinov demişkən "A.Filimonovun şeirlərini oxuyarkən Sovet şeirində nəyin çatışmadığını indi-indi başa düşürsən. Parlaqlığına, çoxyönlüyünə baxmayaraq, Sovet dönəmi şeirində bu dünyaya hərdən işıq salan o biri dünyanın hissi çatışmırdı. Və bu hissi yalnız həqiqi şairlər öz oxucusuna çatdıra bilər".
Cimbinovun bu fikirləri ilə razılaşmamaq mümkün deyil.
YAŞIL BÜRÜNC
Ağacların bürünc yaşıllıqları,
Baxarsan, mis xaçlar, misdən bir şəhər.
Rütubət - davamlı iksirdi burda
Doldurar boşluğu dibinə qədər.
Yığar meyxanaçı - sorumsuz adam
Sarı yarpaqları durğun hovuzdan.
Yaxında əvəzsiz dəfinə kimi
Budaqlar çatıldar şaxtalı buzdan…
Uzaqdan uzanan mis biləklərin
Əyri bükümləri aşınmış pasdan.
Əlləri əbədi yellənən atlı
Qaranlıq içindən çıxar bir azdan…
ŞAHİD
Gün yenə gələcək gəldiyi yerdən
XIX əsr sisə bürünər.
Zınqırov səsiylə kareta hərdən
Bir adam gətirər vədə yerinə.
Qara çay…Oyanan içmək arzusu
Billur qədəhlərin dibi göz yaşı.
Hələ başlanmamış şeirin ağrısı
Olar, ya olmazın çaşqın təlaşı…
Zamanı yetmədi göy misrasını
Yazmağa qışların yer sahilinə.
Və Neva… Şairlər rusun yasını
Vaxtsız ölümlərlə uzadar yenə.
Nə kitab; nə həyat, nə şərab dadı
Önləyə bilmədi şair yasını..
XX əsrin fərqi başqadır
Doldurar pas atmış tapançasını…
PYOTR
1998-ci il iyulun 7-də Fontanka üzərində xəyalət gördüm
Dumanda Pyotrun gördüm üzünü:
Odur idealım bulud atında.
Anidən yağışa vurub özünü
Mənə qoşmadaydı yel qanadında.
Şəhər də, körpü də çıxmışdı yoxa
Bu oydu bir şeylər deyirdi yenə.
Uzadıb əlini bir qılıc kimi
Alovlar püskürən çay üzərinə.
- Kim sizi çağırdı mənim yurduma?
Səsindən diksinər ruhu həyatın.
Qanadlı qılıncla deşilir yenə
Sağrısı alovlar içində atın.
TƏPƏLƏR
Ətrafa baxırsan hər yan təpədi,
Bir də ki dünyanın yaşıdı torpaq.
Yamaclar ağlını itirib nədi
Bülbül nəğməsindən çınlayır qulaq.
Baxma mürğülüdür, nəmlidir, amma
Allahı düşünür burdakı hər daş.
Göy meşə, geniş yol, masmavi səma
Haçansa Tanrıdan enibidi bir baş.
* * *
Bizimki deyilmiş bəlkə də Puşkin
Doğruymuş yüz illik söyləntilər də.
Onun son anını görməmiş heç kim,
Sirlər içindədir yatdığı yer də…
Başını yelləyib baxır uzaqdan
Söyləyir dəlisov misralarını.
Talemi ayıran çağları çağdan
Çay da ləngitmədə öz axarını.
Qürubun əlçatmaz maviliyində
Bir ucdan paylayır mövzularını.
Nevanın ulduza döndüyü gündə
Qatır dalğalara söz qatarını….
HƏDƏF
O qızıl zənciri heç düşünmədən
Dəyişdi peyğəbər kəhanətinə.
Tarixi kökləri dərinə gedən
Tac üstə xaç nuru parladı yenə.
Şimal paytaxtında sanki haçansa
Vaxtsız öldürüldü.Amma yuxudur.
Yerüstü həyatı.Qalmadı şansa
Zaman onu deyir, onu oxudur.
* * *
Ulduzlar qırmızı polada döndü
Tarix öncəsində uzaq Misirdə.
Tanrı sonsuz dedi, sonsuzluq öndü
Cavabı arxaymış…Nə var bu sirdə?!
Qurumuş budağı sındırır külək
Uzaq mavilikdə bərkiyir polad.
Ulduz pramidlər bir gün sönəcək
Elektrostal qalarmı hər şeyə inad?
Orda, uzaqlarda doğma şəhərim
Paytaxt Moskvadan bir azca uzaq.
Allahın altında rahatdı yeri
Canımda bir ayrı qorxu var ancaq…
* * *
Bir anda ruhunla
Toqquşacaqsan.
Kölgələr fikirdi
Əslinə baxsan.
Gələn misraların
Dilini bilsən;
Bəlkə bir xəyalsan
Tanrı deyilsən.
Rəsmimi Vattonun
Bu sakit geçə
Süzülüb getmədə
Səssiz, gizlicə.
Dışarda dalğa
Açılmamış sirr
Təsadüf əsəri
Bahar gətirir.
Mavigözlü xəbər
Şimal Palmiri.
Ruhların nəğməsi
Tutmuş efiri.
DUZLU ŞƏHƏR
I
Palçığa qarışmış duz
Parlıyar qarlı gildə.
Nəyə baxsan ümidsiz
Fəvvarəli sahildə…
Çıxar Puşkin məbəddən
Qəlbinə dammış nəsə.
Bir qəfil fəlakətdən
Gedir, gedər-gəlməzə.
II
Qoqol şən cəmiyyətdə
Paylar "Ölü canlar"ı...
Yüz-yüz evdə, həyətdə
Zülmət həyəcanları.
Quyuya kölgə düşər -
Duru suyu bulanar.
Göy günəşlə görüşər,
Ay zülmətdən boylanar..
III
Hasarlar dalında Pyotrun evi,
Çar orda yatmağı, durmağı sevir.
Nə bir tərəddüd var, nə bir çək-çevir…
Məni yazın deyir hər düşən yarpaq,
-Bu yeni əmrdir!Sonsuzu burax,
Sükut pozulmağa tələsmir ancaq.
* * *
Moskva, Kremlə axar,
Neva Peterburqa.
Moskva, hər şeyi diktə edər,
Piter - əlacsız baxar…
Özgür və sadədir o,
Öz-özünü yenmiş.
Salxaq bir körpü salmış
Ulduzlara dirənmiş.
Moskva belə ağır,
Yuxusuz mütəmadi.
Piterin qanadını
Qaranlıq örtəmədi.
* * *
Peterburq köksünü açar səhərə
Pyotru andırmada uca qüllələr.
Onun ilhamından doğan şəhərə
Şərqilər söylərəm səhərə qədər.
Ya bir dənizçidir,ya da bir oğru,
Və ya bir döyüşçü ya da bir tüccar.
Evsizlər, şöferlər, işsizlər xoru
Sahibkar,ya həkim, kim istəsən var.
Padişah,yanında yaxın çevrəsi,
Özgə yox, oğlunu öldürən çevrə.
Üfüqdə alışır Bizans cöhrəsi
Altın çağ dövrəsi, bir ayrı dövrə..
İNCƏ MƏLƏK
Xalatını soyunub
Xəyala dönür mələk.
Unudulmaq simvolu,
Göydən atdığı lələk.
Xəbəri yox, xəbərçinin
Varmı günahı bunda.
İnsanlar qoşdurmada
Zaman uçurumunda.
Pyotröncəsi payız
Hava da öz yerində:
Xəfifcə buxarlanır
Nevanın üzərində.
Piltələr arasında
Əks olunar bir anlıq.
Unutqanlıq pərdəsi
Gah işıq,gah qaranlıq…
* * *
Pesteldə yaşayırdım bənövşəyi bir ildə
Qırımızı olmalıydı Allahın gələn ili.
Üç əsrlik yaşını qeyd etmədə Peterburq
Və onu oxşamada Neva - əski sevgili…
Göydə həqiqəti gizləyən bulud
Çiskinli yağışa hamilə sükut…
Kimin ağlına gəlib şəhərin ilk planı
Kim salıb,kim ucaldıb o yolu, bu binanı
Siz hələ bilməzsiniz.
Göydən dolu yağmada,yerdə cəhənnəm anı
Hər şey özünə dalmış, diş-dişə toxunmada
Və yalanı qovaraq
Bizi inandırmağa çalışırlar hər dəfə:
Bu bir uzaq karmadan gələn ağır taledi!
Ağır taleyə bir bax!
Qanadlan Sankt-Peterburq!
Səni xilas edəməz nə Mələk,
Nə də üç-beş qəhrəman.
Nə qəhrəman tapılar, nə onun cangüdəni.
Nə də sakit bir məkan,
Yolun sonunda yeni
Yaşamı müşkül zaman…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!