O gedən qatarı görürsənmi, Piera?
Ayrılığa cızılan sətirdir kağız üstə.
...O gəmi bir nöqtə olub batacaq
dənizin mavi səhifəsinə, görəcəksən!
Sən və mən -
gördüyün dağların arxasındakı itkin yol.
Bilirsənmi,
balıqsız dənizə bənzəyər uşaqsız qadınlar.
Eləcə içi bomboş,
sükutdan dolu,
ağrıdan sərxoş...
Mən bir axşamüstü küçəyəm sən olmayan yerlərdə,
sən səhər-səhər göyə sancaqlanan
bir qız uşağının çərpələngisən.
Sevgi bir yağışlı dayanacaqdır,
biz isə çətirsiz müsafir, Piera.
Yollar özünü çəkib uzadır sən olmayan yerlərdə...
Sənin yollarına qatarlanıram,
gedirəm özümdən.
"Taka-taka tuk-tuk...".
Yollarında buxarlanıram, ilğım-ilğım
bulud kölgəsi oluram.
...İndi isə o gedən yollar kimi uzağam,
gözün işləyənədək qürbətəm.
Günəşin batdığı yerdə batıram içimə.
...İndi isə azalıram sənin olmadığın yerlərdə,
gündən-günə gömülürəm gümüş Ayın bətninə.
Hardasa toz oluram...
Görürsənmi ağrıyıram bağlanan qapıların arxasında,
ağlayıram bir klounun gülüşündə,
ağarıram gecənin qaranlığında.
Küləklər şəhərində vətənsiz bir heykələm,
baltalanacam özgə əllərlə, görəcəksən!
Görəcəksən, Piera, bu şəhər udacaq bizi köhnə kafelərində,
bu küçələr, itlər belə danacaq kimliyimizi!
Görəcəksən, uduzacaqlar bizi qumar mizində.
Şeirlərimi ağaca bağlayıb güllələyəcəklər, görəcəksən!
Görürsənmi o evi, Piera?
Onun açarı bizim olsa da,
qapısı bizim deyil.
O qapı da, başqaları kimi
gedəcək gözdən itincə.
Görürsənmi onu, Piera?!
O mənəm!
Parkda tək-tənha oturacaq,
gəl başını qoy dizlərimə.
O ağacın bətni - kimsəsiz quşun yuvası mənəm,
bircə dəfə də olsa uç içimə.
Suç nədir bilirsənmi, Piera?
Suç sənsiz gələn sabahlardır sən olmayan yerlərdə...
Suçlanacağam sonunda, görəcəksən,
görəcəksən, Piera!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!