Çöl nəğməsi
Nə vaxtsa bu çöldən keçmişəm atlı,
Tanışdır qarsımış çiçəklər mənə.
Bir muğam oxuyur doğmalıq adlı
Qarğılar, qamışlar, küləklər mənə.
Dizimi göynədən tikanlar tanış,
Burda qarışmışam yovşan ətrinə.
Doğma halalına haram qatmamış
Biçənək ətrinə, kövşən ətrinə.
Xallı turaclara qaynayır qanım,
Bir nəğmə boyunca yanıb yaşayır.
O boz torağaylar məni duyanım,
Keçdiyim yollara qonub yaşayır.
Məni salamlayır hər addımbaşı
Göyərənlər belə, solanlar belə.
Başını qaldırır doğma yurddaşım,
Kol dibində yatan ilanlar belə.
Məni haraylayır odsuz ocaqlar,
İsti yadımdadır, tüstü yadımda.
Kimsə pıçıldayır: "Bir ayaq saxla..."
İlahi, bu necə səsdir yanımda?!
Bəlkə bir ilahi səsə çevrilib
Bir dəli sevginin közərən qəmi, -
Bəlkə də bu mənim əvvəlki ömrüm,
Əvvəlki həyatım çağırır məni.
Bura köhnə yurdum, köhnə səngərim,
Burda hər qarışı pir sanmalıyam.
Nə qədər ölməyib köhnə dərdlərim
Köhnə səngərimdə dayanmalıyam.
Sehri, cadusu var Vətən eşqinin,
Tikanı da birdir, gülü də birdir.
Qandan qana keçən şərbətdir yəqin,
Dadanlar bir daha unuda bilmir:
- Nə vaxtsa bu çöldən keçmişəm atlı,
Tanışdır qarsımış çiçəklər mənə.
Bir muğam oxuyur doğmalıq adlı,
Qarğılar, qamışlar, küləklər mənə...
Zirvələrdə bitən çiçək
Bu zirvədə gül açılmaz,
göydən düşən ulduzmusan?!
Sən öz qönçə bələyində
bu dünyanı uduzmusan.
Başın üstə
baxıb sənə qəh-qəh çəkən
şimşəklərin qəhqəhəsi,
Aşağıda şir ağızlı aşırımlar,
uçurumlar silsiləsi,
Sərin mehlər taleyinin,
qismətinin ilk hədəsi.
Öz gözündə bəxtəvərsən,
təbəssüm var dodağında,
Xəbərin yox doğulmusan
tufanların yatağında.
Elə yerdə bitmisən ki,
gözdən uzaq, görənin yox,
Açılmısan könül kimi,
könül verib dərənin yox.
Ətirlisən, ətirsizsən, kimə gərək, -
Göydən gələn mələklərmi iyləyəcək?!
Ləçəklərin toxunanda daşdan-daşa
daş ürəkli küləklərmi iyləyəcək?!
Sığındığın sal qayaya
nə əl çatır, nə də ayaq, -
Heyif!.. Səni
duyan, sevən olmayacaq.
- Dayan! - deyib
dilə gəldi çiçək birdən, -
Mən səninçün doğulmuşam,
unutdunmu özünü sən?
Görməyənlər görməsin heç,
sən axtarıb tapdın məni,
Gəldi-gedər tufanların
qanadından qapdın məni.
Sənmi dedin məni duyan,
məni sevən olmayacaq? -
Zirvələrdə bitənləri
qanadlılar sevər ancaq!
Gül gülü çağıranda
İmamverdi Əbilov üçün
Bir ömür böylə keçdi...
Xoş günlərim az oldu.
Bu dünyaya vuruldum,
Mənə qalan naz oldu.
Sellər-sular çağladı,
Heyran qaldım bəxtimə, -
Mən dəryalar istədim,
Şeh düşdü qismətimə.
Şeh gül üstə gözəldir,
Sular öz axarında...
Gül dilini öyrəndim
Gül gülü çağıranda.
Gül dilini bilməyim
Mənim faciəm oldu.
Əsdi soyuq küləklər,
Xəzanım möhkəm oldu.
Əsdi soyuq küləklər,
Qısqandılar, yandılar.
Gül dilində danışdım,
Sancıdan doğrandılar.
Bir dan üzü gördüm ki,
Güllər verib səs-səsə.
Şehli-şehli danışıb,
Məndən deyirlər nəsə:
- Ona baxın, siz Allah,
Küsüb gedir dünyadan.
Kim onu çəkindirər
Bu sərsəri sevdadan?
Uzaqdan gülə-gülə
Salamladım gülləri.
Dan yerindən könlümə
Axdı işıq selləri...
Saralmış arzularım,
Dilə gəldi bir anda:
- Gedib yenə gələrəm
Gül gülü çağıranda...
Zabil Pərviz muğamı
Bir gün eşidəcəklər
sən demə, bu dünyanın
varmış səkkiz muğamı,
Dolaşar yer üzündə
bir az payız nəfəsli
Zabil Pərviz muğamı.
Saralan qamışların
saçağında səslənər,
Çobanların tüstülü
ocağında səslənər.
Çırpınar yetim qalan
yollarda, üzlərdə o,
Gəzər, yer tapa bilməz
özünə heç yerdə o.
Titrəyər buz suların
göyərmiş dodağında,
Su kimi axıb getmiş
səadət sorağında...
Gah qoşular saçları
pərişan küləklərə,
Saralmış ormanlara
qarışan küləklərə,
Gah inildər, gah susar
yorulanda gecələr,
Yuvaları boş qalan
budaqlarda gecələr.
İçin-için sızlayar,
için-için közərər,
Tək özü bilər ancaq
niyə, neyçün közərər.
Hansı dərdə köklənib,
o hansı simi çalar,
Nə ölən kimi ölər,
nə qalan kimi qalar.
Yağışlı gecələrdə
döyər pəncərələri,
Nə çöldə qala bilər,
nə də girər içəri.
Yerlə göy arasında
gəzər, sərgərdan gəzər,
Çoxdan qeybə çəkilmiş
ad gəzər, ünvan gəzər:
"Hardadır bu dünyanın
qarayanız Leylisi,
Onda bahar Leylisi,
indi payız Leylisi..."
Karvan-karvan, bozarmış
buludlara qoşular,
O qara gözlər kimi
gah dolar, gah boşalar...
Uçub qonar, sarılar
teleqraf tellərinə,
İstər xəbər göndərə,
xəbər tuta, xeyri nə?!
Gedib-gedib bir evin
hasarına çırpılar,
Qapısında çırpınar,
bacasında çırpınar,
Dönüb dolanar başına,
pəncərəni kəsdirər,
İniltisi bu evi
əsim-əsim əsdirər.
Bir də gördün dil açıb
dindi: niyə gəlmisən?
Gözləyəndə gəlmədin,
indi niyə gəlmisən?
Üstündən ömür keçib,
a zalımın balası,
Çəkilibdir göylərə,
yox dərdinin əlacı, -
Axtardığın tapılmaz
köçüb gedibdir hamı,
Get qoşul muğamlara,
Zabil Pərviz muğamı...
10.04.2019
Olan olmuş, keçən keçmiş
Ürəyimdə yanan ocaq, sahibin hanı,
Ocaq daşı, ocaq başı indi kimindir?
Öz odunda qovrulursan, yanırsan özün,
İşığına xatirələr yığışıb indi.
Ürəyimdə yanan ocaq, kimdir günahkar,
Soldu qızıl qanadların qızılgül kimi,
Hanı dəli sevdaların gözəl tufanı,
Külək vurur, qan ağlayır qırıq yelkənin...
Bağlanan yol açılar da - qulağın səsdə,
Elə bilmə bağlayıblar həmən yolları.
Gedən gedib, uçan uçub, nə gəz, nə səslə,
İlahidən qeyb olubdur güman yolları.
Yad ocaqlar başındadır o pərvanə də,
Bilmədi ki, yad ocaqda qızınmaq olmaz.
Boyun əyib boynubükük taleyinə də
Kül olunca öz-özündən alacaq qisas...
Ürəyimdə yanan ocaq, sən mənə həmdəm,
Arzumuzla taleyimiz barışmaz ancaq.
Əlində qəm piyaləsi neçə xatirəm
Alovunda zaman-zaman əl qızdıracaq...
Xanbulançay
Şair dostum Ağacəfər Həsənliyə
Mən nə vaxt gördüm onu:
Mavi, zümrüd ləpələr
qız boylu çinarların
ayağını öpəndə.
Yamyaşıl sahillərin
yarı torpaq, yarı daş
dodağını öpəndə.
Sərxoş yaz küləkləri
ismətindən alışan,
titrəyən lalələrin
yanağını öpəndə.
Nəğməmiz bu Vətənin
daşına sığal verib
torpağını öpəndə.
Gördüm bir xoş saatda,
xoş gündə, xoş səhərdə
Allahın üzüyünün
qaşı düşüb bu yerdə.
Sübh açılır, hələ də
göylər min bir göz ilə
baxır Xanbulançaya.
İşıq şəlalələri
bulaqlara qarışıb
axır Xanbulançaya.
Od tökülür sulara...
Qönçə-qönçə su gülür.
Qaranlıqlar əriyir,
dumanlıqlar sökülür.
Gördüm dağlar içində,
qayalarla baş-başa,
Özü kimi sevdalı
xülyalarla baş-başa
Bütöv səadət gülür!..
Bu ilahi gözəlin
ilahi baxışında,
Onu mənə qısqanan
şimşəyin çaxışında,
Yollarımı bağlayan
şıdırğı yağışında
işıq, təravət gülür.
Bəxtimə günəş doğub,
ömrümə bahar gəlib, -
sevgi, məhəbbət gülür.
Çılğın dağ çaylarıtək
axıb damarlarımda
qaynar şeiriyyət gülür.
Gördüm qız qardaşının
dayanıb keşiyində,
durub qol-qola dağlar,
Gözəlliyi, saflığı
dağ başında saxlayan,
Bir düşmənin yolunu
yeddi yerdən bağlayan
zirehli qala dağlar.
Gördüm sahillər boyu
brilyant, almas səpir
yamaca, yala dağlar.
Uyuyur dağlar qızı...
Dayanıb başı üstə
qoşa kənizlər kimi
Bir yanda günəş gülər,
bir yanda bulud ağlar.
Ətri vurur meşəni,
dağı, daşı, aranı, -
Şəfəqlərlə yuyunur,
küləklərlə daranır.
Oyanır xumar-xumar,
özü-özünə məftun,
Özü özünə Leyli,
özü özünə Məcnun.
Elə bil naz içində
cilvələnir, silkənir,
Əmrinə müntəzirdir
palıdların yelkəni.
Küləklərin qanadı,
buludların yelkəni.
Qarşımda başdan-başa
dalğalanan səadət,
Bu yazılmamış dastan,
oxunmamış muğamat,
Ruhumuztək işıqlı
bu nəğmələr qaynağı,
Bu mələklər məskəni,
bu pərilər oylağı
Qeyrətli oğlanların
qeyrətindən yaranmış,
Dağları birləşdirən
qüdrətindən yaranmış.
Hələ mənim yurdumda
ikicə dağ birləşib,
yaranıb bu möcüzə.
Dayanıb ulduzlarla,
Ayla, günlə üz-üzə.
Baharımla qol-boyun,
şimşəyimlə göz-gözə,
Arzularla ləbaləb
ürəyimlə göz-gözə, -
İkicə dağ birləşib,
yaranıb bu möcüzə,
Az qalır qayalar da,
daşlar da şairləşə, -
Gör nə qiyamət qopar
Azərbaycan birləşə!
Qismət
Əsdi tale küləkləri,
Qabağına qatdı məni.
Cadar-cadar xatirələr
Vadisinə atdı məni.
Yanıb-yanıb kül olmadım,
Bir yanıqlı neyə döndüm.
Dodağımda adın, odun...
Niyə gəldim, niyə döndüm?
Bu bəxtəvər səkilərdə
Ayağının izi hanı?
Xatirələr xəzəl kimi,
O sevdanın özü hanı?
O bəxtiyar pıçıltılar
Bu divarın yadındamı?
Tellərinin titrəməsi
Gilavarın yadındamı?
Əl vururam, əlim yanır,
Söykəndiyin daş közərib.
Aman Allah, qismətə bax,
Yanağımda yaş közərib...
Sən gedəli...
Sən gedəli susub qaynar bulaqlar,
Tək qalmışıq, göydə Allah, yerdə mən.
Buz bağlayıb yanar odlar, ocaqlar,
Əl uzadıb qızınıram dərdə mən.
Sən gedəli ömür mənə dərd olub,
Sənli yollar daşa dönüb, sərt olub.
Sənin adın dodağımda vird olub,
Qurban olum o çarəsiz virdə mən.
Çətin bir də mən bu bağa gələrəm,
Qönçə vaxtı qırılmağa gələrəm,
Təkcə... sənə vurulmağa gələrəm
Gələ bilsəm bu dünyaya bir də mən...
İcazə ver...
Bir məqamda şeir dedim,
Bir mələk dinlədi məni.
Göylərdən gəlmişdi yəqin,
Tənha, tək dinlədi məni.
Yer də, göy də qaşqabaqlı,
Bir buludlu yaz günüydü,
Bu dünyanı unutmuşdum,
Bəxtimin bəyaz günüydü.
Yağış döydü pəncərəni,
Küləklər susub dinlədi.
İldırımlar əl saxladı,
Səsini qısıb dinlədi.
Bir məqamda şeir dedim
Səkkizinci muğam üstə.
Bir mələk dinlədi məni
Bu ilahi məqam üstə.
Közərdi köhnə ocaqlar,
Bilmədi ki, bu nə sirdir.
Bir mələk dinlədi məni,
Bir huri də çay gətirdi.
Ləpələndi xatirələr,
İçmədim... Döndüm sərxoşa,-
Bax, onda batdım günaha,
Onda tutuldum qarğışa.
Bir pəri çay gətirmişdi,
Heyif, içmədiyim çaylar!..
Guya ağıllı tərpənib
Vurub keçmədiyim çaylar!..
Coşdum bahar seli kimi,
Əsdim payız yeli kimi,
Sevib-sevib dəli kimi,
Sevib seçmədiyim çaylar!..
Mən duymadım kədərini,
Ağrıların qədərini,-
Dərin-dərin dərdlərini
Ölçüb biçmədiyim çaylar!..
Niyə gözü bağlı oldum,
Niyə köksü dağlı oldum,
Kaş ki, sizdə boğulaydım,
Qorxub düşmədiyim çaylar!..
Bilmədim ki, həmən çaydır,
Bəxt üzümə gülən çaydır,
İlahidən gələn çaydır
İçib coşmadığım çaylar!..
Gəzib dağ-dağ, dərə-dərə,
Alışıram zərrə-zərrə...
Axıb getdi dənizlərə
O qovuşmadığım çaylar...
...Mən danışdım, sən dinlədin,
Anam mələk, bacım mələk, -
O huri gətirən çaydan
İcazə ver içim, mələk...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!