Bu sevda dediyin od kimi şeydir, içi yeri yaxır, çölü adamı... - Hikmət Məlikzadə - şeirlər

Kirayə həyatı bəzən düşüncəsizlik nağılı kimi olur...

Hava çəkir xatirələr qapısız evtək,

Mən ruhumun nazı ilə az oynayıram.

Duyğularım xəlbir kimi deşik-deşikdi,

Həyat mənə toy tutanda, saz oynayıram.

 

...Uşaq yaşım ötüb keçdi, böyüdüm guya, -

Ora-bura diyirləndim yəni top kimi.

Bir gün məni yük elədi özünə şəhər,

Kirayələr atdı-tutdu məni top kimi.

 

Çox vaxt susdum, səbrim daşdı, dəli olmadım,

Anam haqdan neçə dua asıbdı deyə...

Mən dünyaya gəlmədim ki, kirayə qalım...

Atamı da qınamadım kasıbdı deyə...

 

Aydan-aya təpə aşdı kirayə haqqı,

Mən bilmədim, göyə çıxım, ya dama, oğul.

...Dualar da kara gəlmir özgə evində,

Özgə evdən ocaq olmur, adama, oğul.

 

Allahından uzaq düşür adamlar burda,

Dada çatmır on kitablıq bir ayə, evdə...

...Qonşuluqda bir nazənin ölür, nə fayda,

Ağlamaq da yasaq olur kirayə evdə.

 

...Çox görmüşəm, toylar susub özgə evlərdə,

Qır damından qopub düşüb şeh,

                                   "Vağzalı"sız.

Aşıqları evə qoymur ev sahibəsi,

...Qonşu qız da gəlin köçüb, eh,

                                   "Vağzalı"sız.

 

Əvvəlindən bu həyat da bir təmənnadı,

Günahını qopart bir-bir, ver, ağırlaşır...

Dünya özü səhv tikilmiş kirayə evdi,

Mini gəlir, mini gedir, yer ağırlaşır...

Biz zülmün atdığı daşa bələdik...

Qəfil tindən çıxan kölgədi ölüm,

Əcəl bir kimsədə xətir saxlamaz.

Biz zülmün atdığı daşa bələdik,

Haqdan gələn daşı çətir saxlamaz.

 

Tale əl çatmayan pillədi, getmə,

Mən belə itirdim atamı, dəli.

Mən sənə baxıram, sən uzaqlara,

Tez-tez sənə baxmaq xatamı, dəli?

 

Hər fikrin altında bir təmənna var,

Libasın soyunub çəmən, deyən qız.

Daha güvənməyək bir-birimizə,

Nə sən deyən oldu, nə mən deyən, qız.

 

Yeməli deyil ki,

qəmdən dadasan...

Beş deyil, on deyil, min kilodu eşq,

Ürək necə çəksin, dayağı yoxdu.

Nədən qınayırsan bu çılpaq ruhu,

Görmürsən çolaqdı - ayağı yoxdu?!

           

Elə bil doqqaza ipək səriblər; -

Hər qoyun köçündən yun qalıb burda.

Yeməli deyil ki, qəmdən dadasan,

Qorxma, bir kündəlik un qalıb burda.

 

Bir az rəng dağılıb masanın üstə,

Qoy şərnən xeyirin davasın çəkim.

Dünəndən arxamca iki göz baxır,

Fikrim kürt düşmür ki, havasın çəkim.

 

Sevgi bu qədərmi sərt?

Sevgi bu qədərmi sərt?

Bax, sevənlər mum kimi...

Kim onu, bezib atıb

Ac quşlara, tum kimi?

 

Gözlərini günə ver,

Duyğular nəm, - yaş olur.

Sevmədiyim o qız da

Mənimlə həmyaş olur.

 

Sən də, ey könül, uyu,

Bir də bu sapı açma...

Yuxunda görmədiyin

Adama qapı açma.

Arzular çəp görünür

Ömür yanımdan ötür

Bir kölgə, bir fon kimi.

Arzular çəp görünür,

Sonuncu vaqon kimi.

 

Deyən, dərdə xoş gəlir

Sifətimin ağlığı.

Nə qədər gözləyəcəm,

Burax bu uşaqlığı.

 

Ürəyin ağ varaqdı,

Bir kəlmə yaz, uzat, qız.

Mən gəlməyən yollara,

Gözünü az uzat, qız.

 

Olumun ardı ölümdü...

Sanki kimsə uşaqları

həyata dəcəl gətirir...

Olumun ardı ölümdü,

Onu da əcəl gətirir.

 

Tale məni naşı bilir,

Mənə dərdin kirin satır...

Torpaq da, can bazarıdı,

Birin alır, birin satır.

 

Dərənin iştahı qaçıb,

Orda tək atlar görünür.

Canım da hasar kimidi,

Üzündə çatlar görünür.

Sanki göz yaşıdı, durmur su, damda...

Bulud ağrı çəkir yüklü gəlintək,

Sanki göz yaşıdı, durmur su, damda.

Kölgəm sabahacan yuxu yatmayıb,

Qorxur ki, başına uçar bu dam da.

 

Səni də mum edib qonşudakı qız,

Gizlət gözlərini, görməsin fağır.

Az öyrət özünə, günahdı, bala,

Qoy sevgi çələngi hörməsin fağır.

 

Odey, uşaq kimi qırpır gözünü,

Eşq bir bataqlıqdı, batıb bu dəli?

Harda gizlənirsən, gizlən, tapacaq,

Səni gözlərinə atıb bu dəli.

 

Sən zülmün altından çəkil ki, sağ qal

Yetib boz buludun hamilə çağı,

Bir az ürəkli ol, çaxsın, ağlasın…

Dayan, sevmədiyin qızındı bu köç,

Barı, bir əl salla, baxsın, ağlasın.

 

Göyün mələkləri qız şəklindədir,

Harda bir qız ölür, gur yağış yağır…

Sən günah işlətdin bu yerə, göyə,

Dur, gedək bu çöldən, dur, yağış yağır.

 

Bu sevda dediyin od kimi şeydir, -

İçi yeri yaxır, çölü adamı.

Sən zülmün altından çəkil ki, sağ qal,

Həyat avam sanır ölü adamı.

Qismət bir xərəkdi...

Bulaqdı, selləmə axır?

Qız, toxta, gözünü kirit.

Tabutun içində məni,

Altında özünü kirit.

 

Ömrü daşımağa güc yox,

Qismət bir xərəkdi, apar.

Sənə vaxt lazımdı? Gəl, al,

Nə qədər gərəkdi, apar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!