Bu ilin yazı da mənə qış kimi.
Havası ruhumu heç oxşamadı.
Ruhumun qanadı elə sızladı
bilmədim nələr yad, nələr doğmadı.
İçindən yeyilən ağaclar kimi
nə vaxtdı özümü özüm yeyirəm.
Mənə oxşamadı məni yeyənlər
mən gözü doymazın biri deyiləm.
Quşun cəh-cəhi də ovutmur məni,
sönür bahar ətri ağrılarımda.
İllərdi mənimlə yol gələnlərim
vər salıb dərdlərin sarğılarında.
Günahı özüməm, gümanı özüm,
mən özüm-özümə nə deyəsiyəm?
Çölündən yeyənə nə var dinməyə
içindən yeyənə can verəsiyəm.
Tənhalığım
Bu payız havası üşüdür məni.
Günlər də soyuyub aramız kimi -
qolun qollarıma dəymir haçandı,
əlim əllərinin intizarında.
Yüz ildi, min ildi ayrı kimiyik.
Nəfəsin isitmir üzümü daha,
donub dodaqlarım, ... kəlmələr donub,
baxışım üşüyür yanaqlarında.
Qapının zəngi də susur nə vaxtdı.
Hər addım səsinə diksinirəm mən.
İçimdə bir zindan ağırlığı var,
gecənin sən - yoxluq tənhalığında...
Sükut məqamı
Bu günlərə bir inam,
sabaha güman yoxsa,
məni qorxudan günlər
dünənkindən lap çoxsa,
arzuların, xəyalın
tam sükut məqamıdı.
Demək dayanıb həyat.
Demək yoxam bu saat.
Sükut
Qaranlıq gecələrin
qara sevdalarında
yenə sərxoş küləklər
üst-başımı arayır.
Nə gecəyə Ay doğur,
nə də bağlı qapılar
bir anlıq aralanır.
Bu gecəki sükutda
kimsə könül qapısın
üzümə açacaqsa,
kimsə "gəl, gəl" - söyləyib,
gözümə baxacaqsa,
halından sərxoş külək
bir anlıq dayanacaq,
sükut da dağılacaq.
Milyon-milyon insanın
hərəsində bir ürək,
hər ağızda bir dua,
hər ürəkdə bir dilək...
Sən hardasan, görəsən
Dünya çönüb, biləsən...
Hər yer bomboş, qapqara,
zülmətdə işıq ara.
Yolun çıxıb yolluqdan,
döyülmür qapın daha,
hamı yığışıb gedib,
hamı üzü sabaha...
Nə uzaqdan səs gəlir,
nə yaxından hənirti.
Nə dünəndən xəbər var,
nə bu gündən görüntü.
Dünya çönüb, biləsən.
Boş evinin içində
çarxın dönüb, deyəsən...
Səhərin müjdəsi gecədən qara
Dostlar da seyrəlir, zaman da qaçır,
təklik qalanlara bir dərd olacaq.
Xoş səslər kəsilir qulaqlarımdan,
üzümün istisin donlar vuracaq.
Bilməm, sabah bizi nələr gözləyir.
Səhərin müjdəsi gecədən qara.
Gündüz yollarımı özüm gedirəm.
Gecələr bəs bizi aparır hara?
Həm yaşamaq ağır, həm itki ağır.
İnsan neçə kərə ölüb-dirilər?
Hərə öz dərdini ağlayır indi.
Sənin öldüklərin kimə bilinər?
Mənim dostlarım da dərd dəlisidi,
kimdə nə dərd görsə çəkər özünə.
Nədən öldüyünü bilsinlər deyə,
infarktın şəklini salar üzünə.
Addımlar
Otaqdan başlayan addımlar
günbəgün uzaqlara gedər,
ilbəil yaxınlara qayıdar.
Sonda evə,
nəhayət, otağa dönər...
Son dəfə atılan addımlar
daş kimi yerə düşər
və addımı bitən adam
çiyinlərdə gedər...
Atama
Soldu uşaqlığın o son bənizi.
Bu da son ayrılıq, uzun bir həsrət.
Kimin yaddaşında nə qaldı, bilməm.
Mənim yaddaşımda ən son sükunət.
Səssiz otaqların divarları lal.
Nə kövrək baxış var, nə çağrış, nə səs.
Bu boş otaqların havası hanı?
Qeybəmi çəkildi sonuncu nəfəs?
Neylədim, bu dəfə dinmədin. Susdun.
Daha mən halını bilməyəcəyəm.
Alıb əllərini alıb əlimə,
əlindən, üzündən öpməyəcəyəm.
Ötürüb illəri, gəldi son gecə.
Son divar uçuldu, son dayaq itdi.
Səhrada dolaşan sərsər kimiyəm,
Arxamda kim qaldı? Güvəncim bitdi...
Qaralan yollar
Xəzana bürünən yolların,
qüruba uzanan yolların
sonunda
evlər qaralar,
küçələr qaralar,
şəhər qaralar,
həyatı sönmüş adamlar kimi...
***
Buludlar qaralar göy üzündə,
yuvasız quşların səsi kəsilər qaranlıqda.
Ölü sükuttək qaralan yolların
sonunda kim var,
nə var?
Sonu varmı bu yolların?
Bilinməz.
İzlərsiz solan yollar,
sonu qaralan yollar,
getdikcə daralan yollar,
adamsız yorulan yollar,
yolda qırılan yollar
məni Romaya aparmaz,
məni sənə çatdırmaz...
***
Aysız, ulduzsuz gecələrdə
qaranlığa bələnən yollar
addım səsini udar.
Udar səni qaranlıq qarışıq.
İzlər bilinməz
zülmət gecələrdə.
Yer qara,
göy qara.
Bir qara boşluq uzanıb
görünməz yollara...
Parıldayan yollar
Şüşəli binaların yanından,
yaşıllıqların arasından
keçən yollar
iz saxlamaz.
Par-par parıldayan yollar,
məni mənə aparmaz.
Hamar yollar
sütunlu binalarda mərtəbələrə qalxar,
qalxar...
Ordakılar
ancaq özlərinə baxar, baxar...
Bizdən çox-çox uzaq xəyallara dalar.
Biz yoxuq o yollarda,
biz yoxuq o mərtəbələrdə.
Biz yoxuq o düşüncələrdə;
o yollar bizi sevməz.
Bizimki illərimiz düşüb itən
kələ-kötür yollardı.
Hər şey ayağımıza,
ayağımız ayağımıza ilişər.
Oxşar günlərimiz çalalarda bitişər.
Sadəliyi sadə olanlar sevər.
Bizimki torpaq yollardı,
bizimki taybatay açıq qapıdan,
şüşəsiz pəncərədən
bizə qucaq açan qollardı.
Torpaq da tez çəkər,
torpağı sevən adamları.
Bizim üçün fərqi nə,
bir gün gec, bir gün tez...
Əslində,
bura da bizə elə o torpaq daxma kimidi.
Baxışlar
Bu dünyaya milyon-milyon adam baxır,
bu baxışda adam axır,
üzüb gedən bir yelkənsiz gəmi kimi.
Milyon-milyon baxış baxır;
xoş baxışlar,
bəd baxışlar,
qəm baxışlar,
nəm baxışlar,
kəm baxışlar...
Baxışların bu selində
üzüb getmək,
ötüb getmək,
itib getmək...
baxışlara tab gətirmək
asan deyil.
Baxışların cazibəsi,
nifrəti var,
töhməti var,
möhnəti var,
minnəti var.
Azdıracaq baxış səni.
Baxışların təsirindən çıxmaq çətin.
Oxumasan itəcəksən,
bitirəcək.
Milyon-milyon adam baxır,
bu baxışda adam axır.
Axıb gedir
doru sınmış,
yolu azmış gəmi kimi,
boş küçədə tənha qalan
dəli bir sərsəri kimi...
Sənsizlik havası
Apardın hər şeyi,
apardın özünlə.
Küləklərə qoşulub
sözlərimi apardın.
Sənə zillənən baxışları apardın,
buludları, yağışları apardın,
ruhumun rahatlığını,
gecənin addım səsini,
sənə bağlı yaddaşımı apardın.
Unutdum sevgi dolu nəğmələri,
baxışlarda kəlmələri.
İçimin sükutuna
ayrılıq yağır
sənsizlik havasından...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!