Bilirsənmi,
Sığırçın sürüsünün qəfil uçuşu göyün asqırmağıdı,
Badam ağaclarının qəfil çiçək açışı
yerin asqırmağıdı.
Bunu mənə göy dedi, yer dedi.
Sənə əl uzadana sən də əlini ver dedi.
Bilirsənmi,
Evlərin divarları, dirəkləri
yaşlaşanda qəfil çatlayır,
İnsanların ürəkləri daşlaşanda qəfil çatlayır.
Bunu mənə ev dedi, ürək dedi.
İnsanlar bir-birinə ev olsun gərək dedi.
Bilirsənmi,
Ağac olmaq arzusuyla çürüyər taxta dirəklər,
Çılpaq tırtıllara ikrahla baxar bəzəkli kəpənəklər.
Bunu mənə ağac dedi, yarpaq dedi.
Başlanğıc da, son da qara torpaq dedi.
Bilirsənmi,
Cümlə təkcə bitmiş fikri ifadə edən sözlərin birləşməsi deyil,
Həm də bitməmiş fikri ifadə edən gözlərin birləşməsinə deyilir.
Bunu mənə göz dedi, baxış dedi.
Susmaq söz xalçasında ən sirli naxış dedi.
Bilirsənmi,
Niyə qəfil əsir dəli küləklər,
Ağaclarla rəqs edir günahkar mələklər.
Bunu mənə külək dedi,
Günah - un, tövbə - ələk dedi.
Bilirsənmi,
Yuxudan oyanarkən ağızdakı dad
ən qədim daddır,
İnsanın tanımadığı əşyaya baxıb çıxardığı ilk səs ən qədim addır.
Bunu mənə ağız dedi, qulaq dedi,
Ən qədim dənizdi ilk fışqıran bulaq dedi.
Bilirsənmi,
Kül ocağın yuxusudu, buxar suyun yuxusudu,
Ən gözəl qoxu, yatmış qadın qoxusudu.
Bunu mənə yuxu dedi, qoxu dedi,
Təkcə sözü deyil, sükutu da oxu dedi.
Bilirsənmi,
Tanrı da insan ağzıyla danışıb sözünü demək üçün,
İnsan dilində yazdırıb düzünü demək üçün.
Bunu mənə qələm dedi, dil dedi.
Əvvəl söz olub, bil dedi
.
Bilirsənmi,
Ağaclar Yer üzünün yaşıl buludlarıdı,
Tökülən yarpaqlar yağışıdı, qarıdı.
Bunu mənə yağış dedi, qar dedi,
Göy üzünün ağacıdı topa buludlar dedi.
Bilirsənmi,
Şeytan da yolunu azar doğru yola dönərsə,
Mələklər də insan olar sevgi nuru sönərsə.
Bunu mənə nifrət dedi,
İnsan nifrət eləyən yeganə sümük, ət dedi.
Bilirsənmi,
Cənnət haradır sualını kirpi görməyən uşaq verdi,
Cənnət uşaqların kirpiləri sığalladığı yerdi.
Bunu mənə kirpilər dedi,
Sığalın nə olduğunu kirpilərlə körpələr bilər dedi.
Bilirsənmi,
Təkliyin şəklidi zibilliyə atılmış ayaqqabı tayı,
Sıfra bərabərdi bütün təklərin sayı.
Bunu mənə qonşuluqda tək yaşayan adam dedi,
Mən cütlərə yadam dedi.
Bilirsənmi,
Ən gözəl yaşayanlar yaşamaq felini
sevməklə əvəz edənlərdi,
Ən gözəl gələnlər sevib gedənlərdi.
Bunu mənə Tanrı dedi, gələn gedəcək dedi,
Dünyanı sevgi xilas edəcək dedi.
ADAGİO
Dəli külək qamçılayır qanadlı atlarını,
Ağaclar köklərini çıxarıb qaçmaq istəyir.
Kimsə düz qurmayıb divar saatlarını,
Kimsə sübhün pərdəsini daha tez açmaq istəyir.
Bütün məhbusları azadlığa buraxıb
Polislər özlərində oğrunu axtarırlar.
Küləyin vərəqlədiyi müqəddəs kitaba baxıb
Peyğəmbərlər sözlərində doğrunu axtarırlar.
Hər gün bir kişi, bir qadın doğulur eyni vaxtda
Hər gün Həvva Adəmin qabırğasından yaranır.
Hər gün kimsə endirilir, kimsə çıxarılır taxta,
Hər gün kimsə iman edir, kimsə Allahı danır.
Qoca zavod tüstüləyir boru siqaretini
Xışıldayır şəhərin astmalı ciyərləri.
Kimsə evinə aparır qotur küçə itini,
Kimsə acından ölür... bir sümükdür, bir dəri.
Soyuqdan buz bağlamış maşınlar evə tələsir...
İşığı sönmüş evlərdə qadın kişiyə bürünür.
Hansısa Şərq ölkəsində kimsə adam başı kəsir,
Hansısa Şərq ölkəsində başsız bədənlər sürünür.
Otel otaqlarında, eyni ağın üstündə
Kimisə ehtiras boğur, kimsə ehtirası boğur.
Eyni səmanın altında, eyni torpağın üstündə
Kimsə bir Yəhuda doğur, kimsə bir İsa doğur.
Dəli külək qamçılayır inadlı atlarını,
Ağaclar köklərini sındırıb qaçmaq istəyir.
Kimsə qəsdən səhv qurub divar saatlarını,
Kimsə sübh pəncərəsindən aşağı uçmaq istəyir.
BİZİM UŞAQLIĞIMIZ
Biz uşaq olanda
arzularımızı kağız qayıqlarda suya buraxdıq,
kağız qayıqlarda axdıq,
axdı uzaqlara arzularımız
bir daha arzulaya bilmədik böyüyəndə,
sizi bilmirəm.
Biz uşaq olanda
dizlərimiz tez-tez yaralanardı,
böyüdük
ürəyimiz tez-tez yaralandı,
sizi bilmirəm.
Biz uşaq olanda
göz yaşımız duzlu idi,
böyüdük
gözyaşımız acı oldu,
sizi bilmirəm.
biz uşaq olanda
dava-dava oynayardıq
taxta avtomatlarla,
yalandan öldürərdik-ölərdik...
böyüyəndə
bu oyunun gerçək olacağını
axı hardan bilərdik?..bilsəydik
sülh-sülh oynayardıq,
sizi bilmirəm.
Biz uşaq olanda
oyuncaqlarımızı,
konfetlərimizi paylaşırdıq,
böyüdük
sevgimizi paylaşa bilmədik,
sizi bilmirəm.
DİVAR ADAM
Bu divarlar necə də sənə oxşayır,
ey şəkildəki adam...
baxışların kimi soyuqdur.
Mən sənə doğmayam, onlara yadam,
ey şəkildəki adam...
Onlar bilmirlər
bilmirlər ki, divarlardan asılan şəkillərin
gözləri ilə görər divarlar,
qulaqları ilə eşidər,
ağızları ilə susar.
Özləri də bilmədən divar olar hamı -
divardan şəkil asar...
Onlar bilmirlər
bilmirlər ki, divarlar günahları gizlətmir,
gizlətmir yalanları,
gizlətmir xəyanətləri,
gizlin çəkilən ahları gizlətmir...
Ey şəkildəki adam,
mən sənə doğmayam, onlara yadam.
Bizi divar ayırmır,
bizi divar birləşdirir qonşu otaqlarla,
bizi divar birləşdirir özgə yataqlarla
onlar bunu bilmirlər.
Bilmirlər ki,
divarların o üzündən gələn səslər
bu üzündən gedən səslərin əks-sədasıdı.
Bilmirlər ki, divarlar
evlərin nidasıdı.
Onlar bilmirlər
bəzən adam divar olmaq üçün qollarını açar...
Ey şəkildəki adam,
divarlar zəlzələdən yox,
hasar olmaq qorxusundan uçar.
Bu divarlar necə də sənə oxşayır,
ey şəkildəki adam,
baxışların kimi soyuqdu,
çat-çatdı, oyuq-oyuqdu...
mən sənə doğmayam, onlara yadam.
İŞIĞI SÖNMƏYƏN PƏNCƏRƏLƏR
Gecə növbəsidi, Ay bu gün işə gec gəlib,
Qatarlar sürüşürlər öz ayaq izlərində.
Yatmamış fikirlərim azon qatını dəlib
Təyyarələrdə üzür bulud dənizlərində.
Ağaclar pıçıldaşır yarpaq dodaqlarıyla,
İtlər solistlik edir qurbağaların xoruna.
Tənəklər qucaqlaşır yaşıl budaqlarıyla,
Gözlərimdəki uzaq düşür hörümçək toruna.
Ulduzlar parıldayır qaranlığın içindən,
Zəvvar quşlar Günəşi ziyarətə uçurlar.
Fikirlərim ayrılıb quşların bu köçündən,
İlbizlərlə kafelin üzündən su içirlər.
Quşlar susur pişiklərin məhəbbət nəğməsinə,
Qoca köpək tükünə bürmələnərək yatır.
Tüklərim biz-biz durur pişiklərin səsinə,
Səma Ay gözü üstə bulud qaşını çatır.
Yavaş-yavaş gecənin soyuğu yerə düşür,
Dözməyib üşüyürlər limon rəngli çiçəklər.
Buruq neon lampalar qaranlıqda büzüşür,
İşığa çırpınırlar kamikadze böcəklər.
Getdikcə buludların arası işıqlanır,
Yuxum gəlib çıxmayır, gözləməkdən yoruldum.
Uzaqda pəncərədə hələ də işıq yanır,
Kimsə hələ yatmayır, izləməkdən yoruldum.
O da öz yuxusunu, ya kimisə gözləyir,
Axı yatmaq hər gecə ölümü məşq etməkdi.
Bəlkə də pəncərədən o da məni izləyir?
Bəlkə də ən yaxşısı çıxıb ora getməkdi?..
Lezva üzƏrində sürünən ilbiz
Burda zaman adlı cəllad
hər gün neçə baş kəsir
siqaret kötüyü üstə,
burda neçə barmaq yatır ölümün
intihar tətiyi üstə.
Hamı yalnızlığında bir-birilə əlbirdi,
burda qadınlar kişilərin eşi deyil,
hətta təkliyin özü də
bir nəfərin işi deyil.
Burda rəssamlar əzab çəkir,
şairlər tale yazır,
bəstəkarlar kədər bəstələyir...
həyat Yer üzünü insanlardan süpürmək üçün
insanlardan süpürgə dəstələyir.
Günahlar gizlədilir
bir tikə çörək ilə,
burda hamı vaxt uzadır
bir "baxaq", "görək" ilə.
Mən təkcə uşaqların
sevgisinə inanıram...
bilirəm ki,
bu sevgi onların böyüyüb
nifrət etməyə başladıqları günə kimi təmizdi...
darıxmaq lezva üzərində sürünən ilbizdi
Noktyurn
Axı necə dözürlər
payıza bu çiçəklər?
Əgər payızın olsam,
sən mənə dözərsənmi?
Quşlara de payızda
uzağa uçmasınlar.
Çiçəklərə de barı
payızda açmasınlar.
Mən sənin payızına,
qışına da dözərəm.
Uzağa köçüb gedən
quşuna da dözərəm.
Bircə xəyanətinə
dözməyə gücüm çatmaz.
Adam sevgiyə heç vaxt,
heç vaxt xəyanət qatmaz.
Ya köçəri quşların
arasına qat məni.
Ya da ki, yarpaq kimi
barı sən saralt məni.
Ştrix
Təyyarə uçub getdi,
Tanrı xətt çəkdi göyə.
Lopa-lopa qar yağdı,
Tanrı gül əkdi göyə.
Bu bəyaz işıqları,
Bu naxış-naxış qarı,
Bu topa buludları
Tanrı tül tikdi göyə.
Sən isə yenə təksən,
Bilirəm mənə təksən,
Göyə bax, görəcəksən
Tanrı da təkdi göyə.
Tənhalığın üç çağı
Tənhalığın uşaqlıq çağıdı kölgəsi ilə qaçdı-tutdu oynayan uşaq...
İlk yaranı yıxılarkən daşlardan alar,
İlk qanı dizlərindən axar,
Balaca, toppuş əlləri olar ilk dayağı...
Cansız oyuncaqlardan ibarətdi tənhalığın uşaqlıq çağı.
Tənhalığın gənclik çağıdı vaxtı ilə gizlən-qaç oynayan gənc...
İlk yaranı ayrılarkən sevgidən alar,
İlk qanı xatirələrindən axar,
Möhkəm, dözümlü iradəsi olar ilk dayağı,
Canlı xatirələrdən ibarətdir tənhalığın gənclik çağı.
Tənhalığın qocalıq çağıdı ölümlə "rus ruleti" oynayan qoca...
Son yaranı yaşayarkən həyatdan alar,
Son qanı ömründən axar,
Qısa, taxta çəliyi olar son dayağı,
Canlı, cansız insanlardan ibarətdir tənhalığın qocalıq çağı.
Uzaqdan boylanan adam
Yaxın gəl, ey uzaqdan durub boylanan adam,
yaxın gəl, qorxma,
mən də sənin kimi hər kəsə yadam.
Yaxın gəl, nəsə de özün kimi mən yada,
qorxma, mən də sənin kimi tənhayam
insanlarla dolub-daşan dünyada,
gəl, bir az ürəkdən söhbət eyləyək,
mən sənə təklikdən danışım bir az,
sən mənə uzaqdan... uzaqdan danış,
gəl, mən də çoxluğa alışım bir az...
Ey uzaqdan durub boylanan adam,
uzaqda dayanma, gəl yaxınım ol.
mənim uzaqlarım çoxdu dünyada,
mənim yaxınlarım azdı, lap azdı,
mənim yaxınlarım yoxdu dünyada.
Yaxın gəl, ey uzaqdan durub boylanan adam
yaxın gəl, qorxma
mən də sənin kimi aldadılmışam,
yaxın gəl, nəyəsə inandır məni,
inana bilmirəm kiməsə daha...
Gəl, bir az ürəkdən söhbət eyləyək,
mən sənə keçmişdən danışım bir az.
sən mənə indidən... indidən danış,
gəl, mən də səninlə barışım bir az.
ey uzaqdan durub boylanan adam,
uzaqda dayanma, gəl bugünüm ol,
mənim dünənlərim çoxdu dünyada,
mənim bugünlərim azdı, lap azdı,
mənim bugünlərim yoxdu dünyada.
Yaxın gəl, ey uzaqdan durub boylanan adam...
yaxın gəl, qorxma
mən də sənin kimi insanam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!